“Bələdiyyələr hər cür bizneslə məşğul ola bilər ki, oradan da pul qazansın” — Deputat

SOSİAL 23 noy 2022, 11:13
“Azərbaycanda bələdiyyələrin fəaliyyəti təbii ki, qənaətbəxş deyil. Amma, bu o anlama gəlmir ki, bələdiyyələri ləğv etmək lazımdır. Əslində onların fəaliyyət göstərməsi üçün qanunvericilik səviyyəsində bütün imkanlar yaradılıb. Sadəcə, bələdiyyələrin bilik və bacarıqlarının, onların resurslarının artırılmasına ehtiyac var. Bələdiyyələr yalnız torpaq üzərində idarəçiliyi həyata keçirmək, icarəyə vermək və s. məsələləri deyil, həm də bələdiyyələr özləri qanunvericilik səviyyəsində pul qazanmaq imkanlarına malikdir. Bələdiyyələr məktəb də, uşaq bağçası da aça bilər, kredit götürə bilər və s. hər cür biznes fəaliyyəti ilə məşğul ola bilər ki, oradan da pul qazansınlar. Dediyim kimi, qanunvericilik səviyyəsində bu təsbit edilib”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. Deputat qeyd edib ki,  bələdiyyələrə biraz biznes yanaşması lazımdır:

“Bələdiyyədə təmsil olunan insanların hamısının siyasətçi olmasına ehtiyac yoxdur. Bələdiyyə bir az təsərrüfatı bilən, biznes yaratmağı, pul qazanmağı bilən insanların yeridir. 1999-cu ildə bələdiyyə ilk yaranandan sonrakı çağırışda bələdiyyə seçkilərində seçilənlər buna qədər Azərbaycanın nə qədər sərvəti var idi satdı, özlərində yuxarıda duranlarla bölüşdürdülər, bütün torpaqları zəbt elədilər, məhv elədilər. Bu  gün biz onun əziyyətini çəkirik. İndi Bakı şəhəri eninə-uzununa, sağına-soluna qeyri-mütənasib şəkildə infrastruktur olmadan inkişaf edib, tikilib, xaosa dönüb şəhər. Bunun hamısı bələdiyyələrin və bələdiyyələrlə bərabər o zaman icra hakimiyyətlərinin birgə yarıtmaz fəaliyyətlərinin nəticəsində çevrildi. Bu gün isə bələdiyyələrin satmağa da bir şeyi qalmayıb. Bələdiyyələr indi özləri öz başlarına çarə qılmalıdır. Çarələrdən biri vergi toplamağı bacarmalıdırlar. Camaat isə bələdiyyəyə vergi vermir. Vergi verməsə, bələdiyyə harada xidmət göstər bilər? Camaat konkret olaraq, bələdiyyənin fəaliyyətini görmək istəyir ki, vergi versin. 

Məsələn, bələdiyyə nəsə tiksin, yazsın ki, bu işi filan bələdiyyə edib. Yəni, bir işlər görsün. Orada yaşayan insanlar da görsün ki, bax bələdiyyə də yazıb ki, bunu mən etmişəm və insanların verdiyi vergi ilə etmişəm. O zaman insanlar da həvəslə vergini verə bilərlər. Verginin alınmasına nail olmaq lazımdır. Yenə  də dediyim kimi, bələdiyyələr özləri pul qazanmağı bacarmalıdırlar. Bunun üçün də bacarıqlı, savadı olan, biznesi olan, inkişaf etdirməyi bilən insanların bələdiyyələrdə seçilməsi vacibdir. Yaxud da, bu cür mütəxəssislər kənardan bələdiyyələrə cəlb olunmalıdır”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top