“İran rəsmiləri səmimidirsə, Ermənistanın Azərbaycana təcavüzünü pisləsinlər” — Deputat

GÜNDƏM 21 noy 2022, 20:53
“Azərbaycan 30 ilə yaxındır ki, İran rəsmilərindən belə fikirləri eşidir. Əlbəttə, Azərbaycan İranla münasibətlərinin normallaşmasında maraqlıdır. Ancaq İran  öz sözündə və əməllərində səmimi olmalıdır. İran bir tərəfdən bizim haqqımızda deyir ki, Azərbaycan bizim gözümüzdür, amma digər tərəfdən isə Azərbaycana qarşı Ermənistanla sıx əməkdaşlıq edir. Bu 30 ildə bizim məscidlərimizi barbarcasına Ermənistanın dağıtmasına, orada donuz saxlanmasına göz yumdu, eləcə də bizim həm Şuşada, həm də İrəvandakı məscidlərimizi fars məscidi adında təmir və  bərpa etdi. Bu gün də İran Ermənistanın yanındadır, dəstək göstərir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Deputat qeyd edib ki, əgər İran rəsmiləri səmimidirlərsə, o zaman Ermənistanın Azərbaycana təcavüzünü pisləsinlər. Məscidlərdə donuz, inək saxlamasına, məscidlərin dağıldılmasına münasibət bildirsinlər:

“Zəngəzur bizim üçün qırmızı xətdir” ifadəsini geri götürsünlər və sözdə yox əməldə bunu sübut etsinlər. Bu gün reallıq ondan ibarətdir ki, İran sözdə bir fikir deyir, sözdə bizlə olduğunu deyir, amma əməldə isə Ermənistanla bir yerdədir. Ermənistana qaz çəkir, yol çəkir, silah satır, hərbiçi göndərir, yəni bütün bunlar onu göstərir ki, İran səmimi deyil. Biz bunu 30 ildə gördük. Bütün hallarda İran rəsmilərindən belə bir ifadənin işlədilməsi yaxşıdır. İran artıq bizlə təhdid dilində danışmır, əməldə olmasa da sözdə fikirlərini bildirir. Zaman göstərəcək ki, İran nə dərəcədə bu fikirlərdə səmimidir və Azərbaycanı özünün “gözünün nuru” hesab edir. Yəni, bu sözlə bunu ifadə etmək yetərli deyil. İran bunu öz əməliylə də sübut etməlidir. Ermənistanla əməkdaşlığa son qoymalıdır. Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə son qoymalıdır. İranda Azərbaycan əleyhinə təbliğat göstərən insanları Azərbaycana təhvil vermılidir. Azərbaycan daxilindəki pozuculuq fəaliyyətlərinə son qoymalıdır. 
Həmçinin, İran burada insanların beyinlərini zəhərli fikir və ideologiyalarla doldurmağa da son qoymalıdır. Belə olduğu halda. Bu barədə düşünmək olar. O cümldəən xarici ölkələrdə, ərəb ölkələrində Azərbaycan əleyhinə apardığı təbliğatlara da son qoymalıdır. Ondan sonra biz bu məsələyə baxa bilərik. Hesab edirəm ki, İranın səmimi olduğunu zaman göstərəcək. Biz 30 ildə bunu görmədik, yalnız riyakarlıq, qeyri-səmimilik gördük, yalnız yalanlar eşitdik. Bu gündən sonra belə ümid edirik ki, İran öz siyasətini dəyişəcək. Azərbaycana qarşı işlətdiyi təxribatlara və ritorikaya da son qoyacaq”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top