“Siyasi və diplomatik addımların atılması daha müdrik bir siyasətdir” — Tofiq Zülfüqarov

SİYASƏT 16 noy 2022, 16:39
“İranın bizə qarşı mövqeyini götürsək, onlar artıq öz mövqeyini göstəriblər. Təbii ki, hamı başa düşür ki, bunun nəticəsində hərbi əməliyyatlar və s. olmayacaq. Sadəcə olaraq, bu bir növ siyasi addım idi ki, İran atıb. Onun məqsədi Azərbaycana təzyiq göstərməkdir. Hesab edirəm ki, Azərbaycan da öz növbəsində buna lazımi səviyyədə və artıqlamasıyla cavab verdi. Təbii ki, bu “dalğa”dan sonra hansısa təzə bir dövr gələcək”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Onun sözlərinə görə, burada Azərbaycandan başqa, İranın Rusiya ilə bağlı olan ənənəvi münasibətini də görməliyik. 

“Çünki artıq iki əsrdir ki, Rusiya və İran bu bölgə üçün bir-birilə mübarizə aparırlar. İranın bəzi dairələrində elə fikirlər yaranıb ki, artıq Rusiya buradan gedəcək. Mən də bununla razıyam ki, Rusiyanın burada nüfuzu get-gedə azalır. Ukraynada olan müharibə nəticəsində Rusiyanın nüfuzu çox ciddi şəkildə azalacaq. Bu baxımdan İran sadəcə olaraq gündəmə bir ambisiyalar gətirmək niyyətindədir. O belə göstərmək istəyir ki, digər qüvvələrin burada əgər Rusiyanı əvəzləmək niyyətləri olsa, o zaman İranın da buna aid öz fikirləri var. Bu bir növ siyasi mesajdır və bu mesaj təkcə bizə qarşı yox, ümumiyyətlə, bu bölgədə yerləşən ölkələrə aiddir. Hərbi təlimləri götürsək və onların ssenari yazısına fikir versək, görəcəyik ki,  İran qoşunları guya ki, Ermənistanın köməyinə  gəlmək üçün Arazı keçməlidir. Həmin bölgədə ermənilərdən başqa ruslar da var. Bir növ bu təlimlər onlara da qarşıdır. Biz görürük ki, bu dövrlərdə Rusiyanın İran prezidenti ilə telefon danışıqları olub və s. Yəni, bu fövqəl regional bölgədə olan nüfuzlu ölkələr öz aralarında öz planlarına uyğun olaraq hansısa gedişləri edirlər. Bunu normal qəbul etməliyik. Hesab edirəm ki, bizim nazir Ceyhun Bayramovun ora getməsi məsələsinə, mən istisna etmirəm ki, hansısa mərhələdə bu mövzu aktual olacaq. Çünki keçən il böhran olanda İran naziri dərhal bura gəlmişdi. İstisna etmirəm ki, bizim nazirimiz də ora getsə, bəlkə də bu gərginliyi aradan götürmək yaxşı olacaq. Çünki hər bir halda siyasi və diplomatik addımların atılması daha da müdrik bir siyasətdir”. 

T.Zülfüqarov qeyd edib ki, Türkiyənin bu bölgədə nüfuzunun genişlənməsi də İran tərəfindən qəbul olunmur. 

“Biz görürük ki, Qərb ölkələrinin də burada fəallığı mövcuddur. Ona görə də, belə güman etmək ki, bu addım təkcə bizə qarşıdır, yox.  Hesab edirəm ki, biz pəncərəni daha geniş görməliyik. Onda onu düzgün qiymətləndirmək üçün bizim əsaslarımız olacaq”.

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top