“Biz Güney Azərbaycanda haqq və azadlıqdan məhrum toplumuq”

GÜNDƏM 07 noy 2022, 21:43
“İran adlanan məkanda Güney Azərbaycan türkləri nə kimi haqlara, hansı azadlıqlara malikdirlər deyərkən, mən bir şey tapa bilmirəm. Yəni, qocaman bir sıfır. Çünki onlar heç bir haqq və hüquqa sahib deyillər. Biz hər hansısa insani haqq və azadlıqdan məhrum bir vəziyyətdə yaşayan toplumuq. Təsəvvür edin ki, vilayəti fəqih adı altında insan həyatının bütün sahələrinə, bütün mərhələlərinə, bütün səviyyələrinə bir müdaxilə haqqı verilir. Bir şəxsə vəliyi fəqih və dini rəhbər adı altında  nə məsləhət görsə, insanlar o şəkildə yaşamalıdır, ondan kənar çıxmamalıdır və bunu qanunlarla tənzimləyirlər. İranda yaşayan digər xalqlarla bərabər Azərbaycan xalqı da bu dini despotizmdən və diktaturadan öz nəsibini almış durumda, hər hansı bir insani haqq və azadlığa sahib deyildir. Amma Azərbaycan türkünü digər etnoslarla bərabər, digər qeyri-fars millətlərlə bərabər özünəməxsus problemləri vardır ki, bu da fars dövlətçiliyinin məhz Azərbaycan türkləri üzərinə yüklədiyi ağırlıqlardır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında hazırda Finlandiyada yaşayan, Təbrizdən olan azərbaycanlı siyasi şərhçi Çingiz Göytürk deyib. 

“Azərbaycan türkləri öz dövlətçiliklərini itirdikləri andan etibarən 1925-ci ildə bu coğrafiyada paniranizm düşüncəsi əsasında xarici qüvvələr tərəfindən bir fars dövlətçiliyi formalaşdırıldı və buna İran adı verildi. Məhz bu tarixdən etibarən Azərbaycan türklərinin qeyri-fars millətlərlə bərabər bütün milli haqq və azadlıqları əllərindən alındı. Öz dillərində təhsil almaq qadağan edildi, millətlərin tarixi  təhrif edildi. Farsın saxta, süni və nağıllara dayanan tarix anlayışını ümumi İran tarixi olaraq bizə qəbul elətdirməyə başladılar, millətlərin öz mədəni, milli irslərini, şeirini, musiqisini, ədəbiyyatını, adət-ənənəsini, hər şeyini, yaşam tərzini aşağıladılar, xor gördülər. Fars mədəniyyətini zorla insanlara qəbul etdirməyə çalışdılar. Sazlarımızın sındırılması məhz İran İslam Cümhuriyyətinin hakimiyyətə gəldiyi ilk mərhələdən gördüyü ən önəmli məsələlərdən biri idi. Azərbaycan aşıqlarının sazlarının sındırıldı, Azərbaycan musiqisinə qadağa qoyuldu, kitablarımızı yandırdılar, kitablarımızın nəşr olunmasına imkan vermədilər. 1946-cı ildə Azərbaycan xalqının, dövlətini yıxdıqdan sonra on minlərlə insanı qətlə yetirdilər. Azərbaycan türkcəsində olan kitablarımızı yandırdılar və həmin günü hər il kitab yandırma şənliyi olaraq qeyd etdilər. Təsəvvür edin ki, bu dövlət kitab yandırmaqdan ləzzət alır və bunu şənliyə çevirirdi. Belə bir faşist anlayışlı dövlətlə Azərbaycan türkləri 100 ilə yaxındır ki üz-üzədir. Öz ana dilimizdə uşaqlarımıza öz adlarımızı qoyma imkanımız belə yoxdur. Yəni, bir “Yaşar” adını qoymaq mümkün deyildir. Bunu qeydiyyatdan keçirtmək mümkün deyildir. Öz dilində şeir oxuyanı tutub həbs edirlər. Məhz yerlərimizi farslaşdırmaq və ya kürdləşdirmək üçün yer adlarımızı belə dəyişdirdilər. Bütün bunların kökündə bir məqsəd yatırdı və bu gün də bu vəziyyət davam edir. 1925-ci ildən başlayan bu qadağalar, bu haqların qəsbi məhz İran İslam Cümhuriyyəti dönəmində də daha da şiddətlənərək davam etdi və bugünədək də davam etməkdədir. Bunların hamısının kökündə məhz bir mahiyyət yatırdı. İran dövlətinin faşist, şovinist mahiyyəti, yəni paniranizm düşüncəsi ətrafında qurulan bu dövlət digər millətlərin varlığını inkar edərək, digər millətləri asimilə edərək, hər vasitə ilə yox edərək fars mərkəzli vahid İran dövləti, milləti formalaşdırmaq məqsədi daşıyırdı”. 

“1920-ci Şeyx Məhəmməd Xiyabaninin öndərliyində, 1945-46-cı ildə Seyid Cəfər Pişəvərinin öndərliyində bu dövlətlərin ömrü bəlli ölçüdə qısa müddətli olsa da, Azərbaycan xalqının iradəsi kəsinliklə qırılmayıb və Azərbaycan xalqı öz milli hərəkatını, məhz öz milli dövlətini bərpa etmək uğrunda öz milli hərəkatını yenidən başladıbdır. Azərbaycan milli hərəkatı bu gün İranda digər qeyri-fars millətlərin hərəkatlarına da ciddi təkan vermiş durumdadır. Azərbaycan milli hərəkatı bu gün meydanlara çıxaraq “azadlıq, ədalət, milli hökumət” şüarını səsləndirərək, bunu həm də digər qeyri fars-millətlərə yaymağı bacarıbdır. Artıq İranda digər millətlər də öz milli haqları uğrunda mübarizəyə başlayırlar və eyni şüarlarla meydana çıxırlar. Hələ türkmən soydaşlarımızı, Şimali Xorasanda yaşayan türkləri demirəm. Dolayısıyla, Azərbaycan xalqı, Güney Azərbaycan türkləri dünyada görülməmiş bir şovizinzm, faşizm örnəyi ilə qarşı-qarşıyadırlar. Azərbaycan xalqı bütün bunlara qarşı dimdik ayaqdadır. Öz milli dövlətçliyinin bərpası uğrunda mübarizəsini son sürətlə davam etməkdədir. Son bir həftə içərisində məhz minlərlə güney azərbaycanlı soydaşımızın evlərindən oğurlanaraq, naməlum yerlərə aparılıb və hələ də buraxılmaması Azərbaycan milli hərəkatının boyutlarınn nə dərəcədə böyük olduğundan, İran İslam Cümhuriyyətinin Azərbaycan milli hərəkatının bu ölçüsündə nə dərəcədə böyük tətirginlik yaşadığını, qorxu yaşadığını açıqca göstərməkdədir. Azərbaycan milli hərəkatı öz şüarları, tələbləri, istəkləri, milli dövlətçilik əzmi ilə bu gün İran siyasi proseslərin aparıcı qüvvəsidir və buna da davam edəcək”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top