”Döyən şagirdin özü ailədə fiziki və psixoloji olaraq şiddət görür” — Psixoloq

GÜNDƏM 04 okt 2022, 23:24
“Şagirdlər arasında mübahisəli məsələlər həmişə olub. Amma, burada bir məsələ özünü göstərir. Burada iki oğlan uşağının davası yox, bir şagirdin digər şagird üzərində istər psixoloji, istər fiziki olaraq təcavüzü var. Daha açıq şəkildə videoya diqqət etsəniz görərsiniz ki, orada fiziki vurmaqdan əlavə, oğlanla alay edir. Öz sinif yoldaşını lağa qoyur, istehza edir. Onunla alay etməkdən həzz alır. Bu da uşağın daxilindəki aqressiyadan xəbər verir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Psixoloqun sözlərinə görə, bu aqressiya, davranış pozuntusu, özgüvənsizlik, natamamlıq və s. hamısı ailədən gəlir. Həmin şəxsdə cəmiyyətdəki fərdlərə qarşı şüuraltı nifrət var. Bu şüuraltı nifrət də belə şəkildə özünü göstərir. Uşaq ailədə diqqətdən uzaqdır, ailədə psixoloji alyans pozulmuşdur. Ailədə özü fiziki və yaxud da psixoloji olaraq şiddət görür.

Ümumiyyətlə, ailədən “iqnor” olunmaq da, yəni ailədə görünməməkdə özü bir şiddətdir. Bu uşaq ailədə görünmədiyinə görə, bu addımı ilə diqqəti cəlb etməyə çalışır. Ümumi olaraq, bu uşağın ailədə özün təsdiqə və ailə ilə dialoqa ehtiyacı var. Ailədə sevgi görmədiyinə görə bu uşaq özünü təsdiq etmək üçün belə üsullardan istifadə edir”.

“Belə uşaqların da ”qurban”ları xaraktercə zəif uşaqlar olur. Onlar belə uşaqlarla alay etməklə, incitməklə, psixiki və fiziki təcavüz göstərməklə, özünü lider kimi göstərir. Bununla da, diqqəti istər şagird tərəfindən, istərsə də müəllim heyəti tərəfindən öz üzərinə cəlb edir. O diqqət önəmli deyil ki, xoşməramlıdır, yoxsa mənfi. Əsas odur ki, özünə cəlb etsin, çünki ailədə o diqqət yoxdur ona qarşı. Çox acınacaqlı məqamlardan biri də odur ki, bunu sosial şəbəkəyə çəkmək üçün edir. Bu vəziyyətin əslində daha kritik olduğunu, kamera arxasında çəkən uşağında bunların empati hissinin aşağı enməsi, duyarsızlıq, qəddarlıq hissinin olmaması, nəfs, iradə, vicdan hissinin olmadığının göstəricisidir”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top