“100 manatlıq bazarlığa indi 400 manat xərcləməlisən” — Maaşlar artırılsın!

İQTİSADİYYAT 03 okt 2022, 17:24
“Mən müəyyən məsələlər üzərində düşünürəm ki, hansı təklifləri verək ki, heç olmasa kasıb insanların qiymət artımından çəkdikləri əziyyətləri az da olsa yüngülləşdirə bilək. Dövlət tərəfindən hansısa yardım paketlər nəzərdə tutulsun ki, onların vəziyyəti yüngülləşsin”.

Demokrat.az
xəbər verir ki,bu sözləri Yenisabah.az-a qiymət artımı ilə bağlı danışan millət vəkili Razi Nurullayev deyib. O, deputatların qiymət artımına səssiz qaldığı iddiaların yanlış olduğunu bildirib:

“Əvvəllər 100 manata etdiyin bazarlığa indi 400 manat xərcləməlisən. Mən özüm bunu gördüm.

Deputatın maaşını tez-tez gündəmə gətirirlər. Şəxsən mənim aldığım əmək haqqının böyük hissəsini deputatı olduğum rayonda xərclənir. O maaşı ehtiyacı olan ailələrə yardıma verirəm. Bu rəqəm işləyən bir deputat üçün böyük bir rəqəm deyil. Amma mən təbii ki, insanların əmək haqlarının az olduğunu bilirəm. Onların maaşları aşağıdır və o maaş müqabilində deputatın aldığı əmək haqqı fantastik görünür. Mən bunu qəbul edirəm. 

Amma deputatlar da bahalıqdan narazıdır və parlamentdə də bu fikirlər səsləndirilir, yazılır, deyilir. Deputatın da özünün ailə üzvləri, qohum-əqrəbası, seçiciləri var. Bahalıqla bağlı ən çox narazılığı eşidənlər elə deputatlardır. Bu mövzuda ən çox şikayət eşidən və dinləyən məhz deputatlardır. Deputatlar da bundan narazıdır və dilə də gətirirlər”.

R.Nurullayevin sözlərinə görə qiymətləri ucuzlaşdırmağa çalışmaq düzgün yol deyil. Bunun əvəzinə, insanların qazancı artırılmalıdır:

“Millət vəkilinin bahalığın qarşısını almaq üçün imkanları yoxdur, bütün dünyada bahalaşma gedir. Biz o bahalaşmanı dayandırmaq iqtidarında deyilik ki, qiymətləri azaldaq. Çünki məhsul ya xaricdən gəlir, ya da burada istehsal olunur. Benzinin, dizelin qiyməti qalxdı və avtomatik bu məhsulun da qiymətinə təsir etdi. Demək ki, bu halda məhsulun qiymətini aşağı salmaq mümkün deyil, biz bununla yalnız özümüzü aldada bilərik, insanların qazancını artırmaq lazımdır. 

Elə etmək lazımdır ki, insanlar əvvəl bazarlığa 100 manatla gedirdilərsə, indi 300 manatla getsinlər. Əvvəl kartlarına 300 manat əmək haqqı gəlirdisə, indi 600 manat gəlsin. Məsələ yalnız  bu şəkildə  həll edilə bilər. Biz zorla iş  adamına “qiymətləri aşağı sal” desək, o qiyməti aşağı salsa da 1 kiloqramlıq çörəyi 700 qram edəcək, yaxud tərəzidə aldadacaq. Bu çıxış yolu deyil, o baxımdan, insanların qazancını artırmaq lazımdır”.

Deputat qeyd edib ki, bunun üçün kiçik və orta sahibkarlığa dəstək verilməsi vacibdir:

“Bunun üçün də yeni rəqabətli iş yerlərinin açılması lazımdır. Turizmə, kənd təsərrüfatına böyük vəsaitlər ayrılmalıdır. O qədər insan var ki, kreditlərə əlçatanlığı yoxdur. Kiçik və orta sahibkarlıq üçün böyük həcmdə kreditlər olmalıdır ki, insanlar 3-5 nəfərlik iş yerləri yarada bilsin. Biz kiçik biznesi inkişafı inkişaf etdirə bilməsək, böyük biznes hamının ehtiyacını ödəyə bilməyəcək. Bütün dünyada bu cür problemlərin həlli yolu kiçik və orta sahibkarlığın inkişafıdır. 

Azərbaycanda belə bir agentlik var, işlərindən də razıyam, amma mənə elə gəlir ki, bu sahəyə böyük vəsait ayrılmalıdır ki, Azərbaycanı ən azı 60-70 faiz əhatə edə bilsin. Kreditə müraciət edənlərin heç olmasa, 70 faizi o krediti ala bilməlidir. Bax onda Azərbaycanda iş yerləri açıla bilər. 

Bundan əlavə, xarici ölkələrdən Azərbaycana inkişaf təşkilatları, ekspertlər dəvət etmək olar ki, Azərbaycanda bu məsələlərlə məşğul olsunlar. Bəzən biz özümüz deyib özümüz eşidirik, çalışırıq ki, özümüz nələrsə edək, amma uzun illər keçməsinə baxmayaraq, Azərbaycan hələ də bu məsələlərin öhdəsindən gələ bilməyib”.   

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top