Qarabağ dağlarında antiterror əməliyyatı: Prezident Əliyev Ermənistanın ilgəhini sıxır

GÜNDƏM 06 avq 2022, 22:00
Post-münaqişə reallığı hər keçən gün Azərbaycanın lehinə dəyişir

Avqustun 3-də Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında qalmış qeyri-qanuni erməni silahlı dəstələrinin təxribata əl atması nəticəsində əsgərimiz şəhid oldu və bundan sonra Azərbaycan Ordusu antiterror əməliyyatına start verdi. Artıq məlumdur ki, əməliyyat nəticəsində onlarla terrorçu zərərsizləşdirilib, düşmənin xeyli hərbi texnikası məhv edilib və bir sıra strateji yüksəkliklər tərəfimizdən nəzarətə götürülüb. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Qırxqız yüksəkliyində, Kiçik Qafqaz dağlarının Qarabağ silsiləsində yerləşən Sarıbaba və digər bir sıra əhəmiyyətli mövqelərdə mühəndis-istehkam işləri aparılır. Müdafiə Nazirliyimizin yaydığı daha bir açıqlamada isə, Kəlbəcər rayonundakı Buzlaq yüksəkliyində də əsgərlərimiz tərəfindən

Azərbaycan bayrağının qaldırıldığı vurğulanır. Mediada Azərbaycan ordusunun apardığı bu son anti-terror əməliyyatı “Qisas” adlandırılır.

Azərbaycanı bu anti-terror əməliyyatını başlamağa sövq edən, heç şübhəsiz, Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmaq cəhdləri olub. Həmin bəyanat İrəvan üçün kapitulyasiya aktıdır ona görə ki, Ermənistanın baş naziri Nikol Paşinyan sənədə İkinci Qarabağ savaşında hərbi və hərbi-siyasi baxımdan məğlub olmuş tərəf kimi imza atıb və öz üzərinə bir sıra öhdəliklər götürüb. Həmin öhdəliklərin bir qismi- Ağdam, Kəlbəcər və Laçının bir sıra ərazilərindən işğalçı qoşunların çıxarılması nəzərdə tutulan müddətdə reallaşsa da, üç mühüm məsələnin həllini tapmasını rəsmi İrəvan bu günədək dəbbələməyə çalışıb. Bu məsələdən biri Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasından məğlub Ermənistan ordusunun qalıqlarının çıxarılması və qanunsuz hərbi dəstələrin tam silahsızlaşdırılmasıdır. Azərbaycanın Üçtərəfli Müqaviləyə əsasən Ermənistanın qarşısına qoyduğu digər tələblər Laçın-Xankəndi marşrutu üzrə yeni inşa edilən yola keçidin təmin olunması, Laçın şəhərinin və “köhnə yol” ətrafındakı kəndlərin Azərbaycana təhvil verilməsi, o cümlədən Zəngəzur dəhlizi ilə bağlıdır.

Rəsmi Bakı öz tələblərini 16 iyul 2022-ci ildə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən görüşündə qəti şəkildə ifadə etmişdi. Ancaq görüşdən sonra Ermənistan Xarici işlər nazirliyinin mətbuat xidmətinin və Təhlükəsizlik Şurasının üzvlərinin yaydıqları açıqlamalardan aydın olurdu ki, Nikol Paşinyan hökuməti vaxt udmaq üçün süni gündəm yaratmağa və Azərbaycana ATƏT-in Minsk qrupu kimi əhəmiyyətini itirmiş beynəlxalq kanallarla təzyiq göstərməyə çalışır. Düzdür, Azərbaycan prezidentinin cəmiyyətə və beynəlxalq ictimaiyyətə açıq elan etdiyi tələblərini nəzərə aldığını nümayiş etdirmək məqsədilə Ermənistan Tbilisi görüşündən sonra hərbi çağırışçılarını Qarabağdan yığışdıracağına söz, hətta tarix də verdi. Bununla belə, Laçın şəhərini və ətraf kəndləri qaytarmamaq üçün bir yandan Qərbi Zəngəzurun “Karnidzor-Tex marşrutu” adlandırdıqları yolun çəkilməməsini bəhanə etdi, digər yandan isə, “məzlum Qarabağ erməniləri”nin köhnə yolla hərəkət etmək istədiklərini qabartdı. Bu taktikanın təsirsiz olduğunu görəndən sonra isə, Qırxqız yüksəkliyini ələ keçirmək üçün hərbi təxribata əl atdı.

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatlarından anti-terror əməliyyatlarına fasilə verildiyi bəlli olur. Görünür, Rusiya sülhməramlılarının yerli komandanlığı vasitəsi ilə yeni eskalasiyanın dayandırılması üçün aparılan danışıqlarda Ermənistan Azərbaycanın irəli sürdüyü tələblərin dərhal yerinə yetirməkdən başqa çarəsi olmadığını başa düşüb. Azərbaycanın anti-terror əməliyyatına fasilə verməsindən dərhal sonra Ermənistanın Laçın şəhəri və Zabux da daxil olmaqla işğal dövründə xaricdən gətirilmiş ermənilərin məskunlaşdırıldığı kəndlərdə köç tədarükü görməsi bunun göstəricisidir. Hazırda Ermənistan mediası Laçın şəhərində və Zabuxda məskunlaşdırılmış Suriya və Livan mənşəli ermənilərin “doğma torpaqlarından çıxmaq istəmədikləri”, buna məcbur qalacaqları təqdirdə isə, evləri yandırmalarını təşviq edir. Bu, gözlənilməz tendensiya deyil, həmçinin rəsmi Bakının nəzərə aldığı ehtimaldır. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Kəlbəcərdə məskunlaşmış marginal ünsürlər də məhz belə etmişdi. Odur ki, rəsmi Bakı baş verə biləcək bu cür hallara görə, məsuliyyətin Ermənistanın və Qarabağda müvəqqəti yerləşmiş Rusiya hərbi kontigentinin üzərində olduğunu, onların təhvil-təslimi problemsiz həyata keçirməyəcəkləri təqdirdə, təxribatçıların üzərinə Xüsusi Təyinatlı Qruplar göndərəcəyini diqqətə çatdırmamış deyil. Görünür, elə məhz bu xəbərdarlığın nəticəsidir ki, Ermənistan Laçın şəhəri və kəndlərində köç prosesində ev yandıranlara kompensasiya verilməyəcəyini bəyan edib.

Bütün hallarda, yayılan məlumatlardan belə məlum olur ki, avqust ayının sonunadək Laçın şəhəri və daha bir neçə kənd Qarabağ savaşının qalib ordusuna təhvil veriləcək və Rusiya sülhməramlıları Azərbaycan tərəfindən inşası tamamlanmış yeni yol boyu dislokasiya olunacaqlar. Azərbaycan prezidenti İlham Əliyev bu barədə ABŞ dövlət katibi Antoni Blinkenlə avqustun 5-də gerçəkləşən telefon danışığında “Ağ ev”i, elə həmin gün həm də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeli məlumatlandırıb. Əliyev və Mişel arasında gedən telefon söhbəti barədə yayılan rəsmi informasiyada diqqət çəkən bir nüans var:

“Dövlətimizin başçısı üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşmaya əsasən Laçın dəhlizinə alternativ yeni yolun marşrutunun müəyyən edildiyini, Azərbaycan tərəfindən bu yolun inşasının yekunlaşmaq üzrə olduğunu və yolun tikinti işləri bitəndən sonra Rusiya sülhməramlı qüvvələrinin də həmin yola dislokasiya olunacağını vurğulayıb”.

Bu cümlələr açıq şəkildə göstərir ki, Azərbaycan Ermənistanı üzərinə götürdüyü öhdəliklərin icrasına məcbur etmək üçün İrəvana təkcə hərbi təzyiq göstərmir, bəzən Paşinyan hökuməti ilə danışıqlara vaxt itirmədən Üçtərəfli Bəyanatın yerinə yetirilməsinə təminatçı dövlət kimi məsələləri birbaşa Rusiya ilə həll edir. Ehtimal etmək çətin deyil ki, Nikol Paşinyanın “Qisas” əməliyyatından sonra keçirdiyi toplantılarda Rusiyaya qarşı “ənənəvi yumşaq üslubuna” zidd olan kəskin ifadələr işlətməsi həm də bununla bağlıdır. Onun İkinci Qarabağ savaşından sonra yaranan reallıqlardan tamamilə uzaqlaşaraq Azərbaycana göndərdiyi “vacib tezislər”də arxaik “Dağlıq Qarabağ” terminindən yapışması və savaşdan öncəki nəticəsiz sülh danışıqlarında formalaşmış başqa istilahlar kimi məzmununu kökündən dəyişmiş “Laçın dəhlizi” barədə opponent ədası ilə danışmasını, ən yaxşı halda Ermənistanın daxili auditoriyasına hesablanmış təsəlli mesajları kimi yozmaq mümkündür. Lakin Nikol Paşinyanın üçüncü tezisi - bölgəyə “beynəlxalq mandatı olan sülhməramlılar gətirmək” niyyəti erməni revanşistlərinin yeni status-kvo yaratmaq üçün baş planıdır.


Ermənistan Azərbaycan torpaqlarını hər zaman “status-kvo” yaratmaq vərdişi sayəsində ələ keçirib və öz sərhədlərini genişləndirmək üçün əlverişli məqam- qlobal təlatümlər gözləyib. Müstəqil ekspertlərin hesablamalarına görə, İkinci Qarabağ savaşında hərbi gücünün 2/3-ni itirən Ermənistanın Üçtərəfli Bəyanat üzrə öhdəliklərini yerinə yetirmək üçün zamanı dardır. Ermənistan zamanı lehinə təkcə onunla çevirə bilər ki, revanşist planlarından əl çəkib siyasətini Qafqazda yeni sülh və əməkdaşlıq mühitinin formalaşmasına yönəltsin. Ancaq məsələ ondadır ki, Ermənistan hətta ağır hərbi məğlubiyyətdən sonra da Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsinə müqavimət göstərir, işğalçı doktrinasını yenidən işə salmaq üçün “əlverişli məqam” axtarır. Bəs, bu səylər nəyə hesablanıb?

İrəvan mediasının təhlili göstərir ki, xaricdəki diasporunun əlaqələri və imkanları hesabına Azərbaycanda hakimiyyət böhranı yaratmaq arzusu sistemli şəkildə iflasa uğrayan Ermənistan ümidini Türkiyədə Rəcəb Tayyib Ərdoğanın seçkilərdə məğlub olmasına, Rusiyada isə Vladimir Putinin Ukrayna savaşında məğlub olaraq postundan getməsinə bağlayır. Nikol Paşinyan bir müddət öncə çar-naçar Rusiya ilə müttəfiqlik münasibətlərini yeniləsə də, onu hakimiyyətə gətirən Qərb qüvvələri Ermənistanın baş nazirindən Moskvanın orbitindən çıxmağı tələb edirlər. Ancaq Ermənistanın Qərbə çıxışı coğrafi baxımdan Türkiyədən asılı olduğundan, İrəvan Ankara ilə Azərbaycan məsələsini masadan kənarda saxlayaraq danışıqlar aparmağa meyl edir. Odur ki, Ermənistan Azərbaycana, Türkiyəyə və Rusiyaya psixoloji təzyiq göstərə biləcəyini zənn edir, bölgəyə hərbi uniformada yeni geopolitik oyunçular çağırmaq niyyətini açıqlayır. Bu, İrəvanın dolayısı ilə “anti-Qars müqaviləsi” hərəkatına başlaması deməkdir. Belə bir hərbi-geopolitik hərəkata başlamaq cəhdləri Azərbaycanı Qərbi Zəngəzur məsələsini yenidən nəzərdən keçirməyə sövq etməklə yanaşı, həm Türkiyə prezidenti R.T.Ərdoğan, həm də Rusiya lideri V.Putin üçün İrəvandakı istənilən iqtidarın əndazəsini həddən ziyadə aşması demək olar. Elə Ərdoğanla Putin arasında bu günlərdə Soçidə baş tutan görüşdə də Paşinyana “ayağını yorğanına görə uzat” deyildi: “Ermənistan Üçtərəfli Bəyanat üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”!

Türkiyə prezidenti R.T.Ərdoğanın dilindən Soçi görüşündən dərhal sonra səslənən, Kreml rəsmilərinin isə son vaxtlar az qala hər gün təkrarladıqları bu qəti mövqe eyni zamanda Qarabağdakı erməni hərbi çətələrinin demilitarizasiya prosesinə yandırılan “yaşıl işıq”dır. Hərbi mövqelərini 44 günlük savaşdan sonra da Ermənistanla sərhəddə və Qarabağ dağlarında xeyli möhkəmlədən Azərbaycan üçün “təmas xətti” anlayışı yoxdur. Ən yaxşı halda söhbət mülki erməni əhalisinin təhlükəsizliyini qoruyan Rusiya sülhməramlılarının “düzülüş xətti”ndən gedə bilər ki, Ermənistanın qanunsuz hərbi birliklərini onların da arxasında gizlətməsi artıq İrəvandan təhdidlər alan Rusiya üçün də məqbul deyil.

“İNTİBAH” SOSİAL-SİYASİ ARAŞDIRMAIAR MƏRKƏZİ

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top