Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olundu

KRİMİNAL 05 avq 2022, 17:26
Uzunmüddətdir ki, axtarışda olan Azərbaycan vətəndaşı Nurlan Bağırov Gürcüstandan ölkəmizə ekstradisiya olunub.
 
Bu barədə Demokrat.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. 

Baş Prokurorluqdan bildirilib ki, ekstradisiya avqustun 5-də həyata keçirilib.  

Prokurorluğunun məlumatını olduğu kimi, diqqətinizə çatdırırıq:

“Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının  tələblərinə əsasən Gürcüstan Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində ölkəmiz ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Azərbaycan Respublikasına ekstradisiya edilməsi barədə sorğu edilmişdir.

Belə ki, Abşeron rayon prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Bağırov Nurlan Şükür oğlunun – qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla adam öldürmə əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Nurlan Bağırov barəsində beynəlxalq axtarış elan edilmişdir.

Axtarışda olan şəxsin Gürcüstan Respublikası ərazisində yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Gürcüstan Baş Prokurorluğuna sorğusu təmin edilməklə Nurlan Bağırov avqustun 5-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilmişdir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top