Politoloq: “Ermənistan Putinin imzaladığı bəyanata hörmət etmir”

GÜNDƏM 04 avq 2022, 16:52
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, Qarabağdakı son olaylar Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı bir sıra suallar doğurur. 

O iddia edib ki, hazırda Qarabağda Ermənistan hərbçiləri xidmət etmir. Paşinyan İrəvanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən regionda sülhün bərqərar olmasının tərəfdarı olduğunu, həmçinin Ermənistanın Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazır olduğunu vurğulayıb.

Məsələ ilə bağlı politoloq Turab Rzayev Demokrat.az-a açıqlamasında bildirib ki, əgər Ermənistan ordusu Qarabağda xidmət etmirsə, bu, o deməkdir ki, artıq Qarabağda sülh bəyannaməsinin ilkin şərtləri yerinə yetirilir. 

Politoloqun sözlərinə görə, bununla Azərbaycan tezliklə Ermənistanla sərhədlərin delimitasiya və demarkasiya edə bilər:



“Bununla da, Ermənistanı Qarabağ münaqişəsində çıxara bilər və Qarabağ münaqişəsi Azərbaycanın daxili münaqişəsi olacaq. Digər tərəfdən, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazır olduğunu deməyə əsas verir ki, Paşinyan Zəngəzur yolunun açılmasına yaşıl işıq yandırır. Mənfi məqam ondan ibarətdir ki, Paşinyan burada əslində rus sülhməramlılarını yükləyir. Demək istəyir ki, üçtərəfli müqaviləyə əsasən, Qarabağdakı ermənilərin  müdafiə olunması rus sülhməramlıların vəzifəsidir və onlar öz vəzifələrinin öhdəsindən gəlmirlər və erməniləri müdafiə etmirlər. Yəni, Azərbaycanın əməliyyatlarının qarşısında Rusiya sülhməramlıları durmalı olduğunu deyir. Həqiqətən də, rus sülhməramlıları öz vəzifəsinin öhdəsindən gəlmir. Amma, onun vəzifəsi Azərbaycan ordusunun qarşısında durmaq deyil. Onun vəzifəsi artıq 17 aydan çoxdur ki, Qarabağdakı cinayətkar qruplaşmaları, silahlı qruplaşmaları tərkisilah etmək idi. Məhz onlar öz vəzifəsinin öhdəsindən gəlib, onları tərkisilah etsəydi, indi nə Azərbaycanın antiterror əməliyyat keçirib onları tərkisilah etməsinə ehtiyac qalmazdı, nə də Paşinyan gileylənməzdi ki, Rusiya hərbiçiləri niyə Azərbaycan hücumlarının qarşısını ala bilmir. Rus sülhməramlıları ona görə Azərbaycan Ordusunun qarşısını çıxa bilmir ki, çünki onlar özləri Rusiyanın söz verdiyi və Putinin şəxsən imzaladığı bəyanata hörmət etməyərək, onun şərtlərini yerinə yetirməyiblər. Məhz ona görə də, bu gün Azərbaycan əsgərinin qarşısını dururlar, amma Azərbaycan əsgərinə qarşı da açıq şəkildə qarşılıq verə bilmirlər”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top