Böyük zəfərin başlanğıcı: Polad qürurum — POLAD HƏŞİMOV

GÜNDƏM 14 iyul 2022, 11:38
Səngərlərinə bələd, əsgərlərinə qardaş, xalqına arxa, bir xalqın Vətən sevgisini alovlandıran, millətin torpaq eşqini bir gecədə əzmə çevirən generaldan danışacam sizə - səngər generalından! əlində bel-kürək səngər qazan, yorğanını torpağına, yastığını vətən daşına dəyişən, evini şəhidinin Ruhuna bağışlayan, xalqı düşünən, xalqı üçün yaşayan, xalqı üçün ölümsüzlüyə qovuşan XALQIN GENERALINDAN – POLAD HƏŞİMOVDAN deyəcəyim var.. 

Qürurla, amma acizanə..
Sevgi ilə, amma həsrət dolu..
Ehtiramla, qəhərlənərək..
General acısı yaşayan, generalını itirmiş bir vətəndaş olaraq.. 

Xalqın Poladı - Polad İsrayıl oğlu Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində doğulub. Sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. 1992-ci ildə Sumqayıt şəhər 34 nömrəli orta məktəbi bitirib. Elə həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub, 1995-ci ildə buranı motoatıcı ixtisası üzrə bitirib. 1992-ci ilin dekabr ayında Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsində, Füzuli rayonunun bir sıra kəndlərinin azad edilməsi ilə nəticələnən uğurlu əməliyyatlar keçirib, 702-ci motoatıcı briqadanın hazırlığında iştirak edib. Həmçinin 1994-cü ildə Türkiyənin İstanbul şəhərində yerləşən “Tuzla Piyada Okulu”nda üç aylıq kurs keçib. Həmin ilin fevral ayında Murovdağ silsiləsində Güzgü, Koroğlu dağı və Ömər yüksəkliklərinin alınması uğrunda vuruşub. 1995-2017-ci illər ərzində motoatıcı taqım komandiri vəzifəsindən hərbi hissənin komandiri vəzifəsinədək yüksəlmişdir. 2014-cü ilin iyul ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olmuş, hərbi idarəetmə ixtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi almışdır. 2017-ci ilin aprel ayından şəhid olduğu günədək hərbi birlik komandirinin birinci müavini – qərargah rəisi vəzifəsində xidmət edib. 

Polad Həşimov Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2003-cü il tarixli əmri ilə “Hərbi xidmətlərə görə” və 25 iyun 2009-cu il tarixli əmri ilə “Vətən uğrunda” medalları ilə, 24 iyun 2014-cü il tarixli əmri ilə “Vətənə xidmətə görə” III dərəcəli ordeni ilə, 2016-cı il Aprel döyüşlərində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2016-cı il tarixli əmri ilə “Vətənə xidmətə görə” II dərəcəli ordeni ilə mükafatlandırılıb. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubiley medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı”, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunub. 2-4 aprel 2016-cı ildə Talış kəndi yüksəklikləri uğrunda gedən döyüşlərdə birinci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş zamanı yaralanıb. Hazırda həmin istiqamətdəki postlardan biri “Polad postu” adlanır. 25 iyun 2019-cu ildə Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin üçüncü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

2020-ci il 12 iyul tarixindən Tovuz istiqamətində başlayan döyüşlərin 3-cü günündə-14 iyul tarixində xalq İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində üçüncü generalını- Polad Həşimovu itirdi. 

2 il ötür o acıdan qıvrıldığımız gündən, 2 il ötür XALQIN GENERALLA vidasından.. Ən şərəf saçan izdihamın, itkidən doğmalaşan, hər kəsin POLAD olduğu, polad kimi bütövləşdiyi tarixdən 2 il ötür.. Zəfər tarixinin başlandığı gün dərk etdik ucalığımızı, Poladların əsgərlə çiyin-çiyinə şəhadətində anladıq qüdrətimizi.. O gün inam yarandı zəfərimizə! O gün ürəyimiz Şuşanı istədi, səbrimizin tükəndiyini həmin gün başa düşdük. Polad Həşimov və İlqar Mirzəyev ölümü dirilik gətirdi milli qürurumuza.. Şərəfimiz azadlığına qovuşmaq istədi.. Polad adında tarix yazmaq keçdi könlümüzdən! 44 günlük Zəfər səlnaməsinin POLAD ADLI girişi oldu GENERAL HƏŞİMOVUN ÖLÜMÜ! 
O gündən ORDUM POLADDIR, qürurum polad kimidir! Onun ölümündən doğulub birliyimiz! Adı Zəfər tariximin başlanğıcı, açıq alnım, təmiz qürurum, qalibiyyətimdir! 
Ölməyən ruhun can verib, baş əyməyən əsgərindir, General! Qanınla sulanan torpağımda əbədiyaşarımsan! Göyə yüksələn bayrağımdasan.

MAYA İMRAN 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top