Bu yanaşma ictimai narazılığın qarşısını alacaq — Ekspertdən AÇIQLAMA

GÜNDƏM 24 iyun 2025, 19:31
Bakı metropoliteninin “Nizami” və “Cəfər Cabbarlı” stansiyaları arasında 200 metrlik birləşdirici tunelin inşası dövründə “28 May” stansiyasından “Dərnəgül” istiqamətində qatarların hərəkəti dayandırılacaq. “Dərnəgül” istiqamətindən hərəkət edən qatarların son dayanacağı isə “Nizami” stansiyası olacaq”. 

Bu barədə nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlama verib. 

O bildirib ki, metro xətlərinin ayrılması və bu məqsədlə tunelin inşası uzunmüddətli perspektivdə Bakı metrosunun fəaliyyət səmərəliliyinin artırılması baxımından çox vacib və müsbət bir addımdır:

“Bu yenilik xətlərin ayrılması vasitəsilə intervalların azaldılmasına, qatarlarda sərnişin sıxlığının aradan qaldırılmasına, həmçinin ümumi daşıma qabiliyyətinin artırılmasına imkan verəcək. Lakin təmir və inşaat müddətində təxminən 11 ay davam edəcəyi gözlənilən bu dövrdə sərnişinlərin hərəkətinin necə təşkil ediləcəyi əsas narahatlıq doğuran məqamlardandır. Xüsusilə pik saatlarda böyük sərnişin kütləsinin idarə olunması üçün alternativ marşrutlar və yol xəritələri hazırlanmalı, açıq şəkildə təqdim olunmalıdır. Metrodan istifadə edə bilməyən sərnişinlərin avtobuslarla əlavə ödəniş etmədən hərəkəti üçün vahid kart sistemində inteqrasiya vacibdir. İstifadəçilərin aydın və operativ şəkildə məlumatlandırılması üçün stansiyalarda elan lövhələri, səsgücləndiricilər, elektron lövhələr, sosial media və digər platformalar vasitəsilə mütəmadi məlumat verilməlidir. Nəticə etibarilə, layihənin texniki uğuru nə qədər əhəmiyyətlidirsə, keçid dövründə sərnişinlərin rahat və problemsiz hərəkətinin təmin olunması da bir o qədər həyati əhəmiyyət daşıyır. Bu baxımdan, aidiyyəti qurumların qabaqlayıcı tədbirlər görməsi, ictimaiyyəti daim məlumatlandırması və nəqliyyat yükünü effektiv bölüşdürməsi vacibdir. Bu yanaşma həm ictimai narazılığın qarşısını alacaq, həm də layihənin uğurla həyata keçirilməsinə töhfə verəcək”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top