Sosioloq: “Xəyal qırıqlığı yaşayan kifayət qədər insan var”

GÜNDƏM 08 iyl 2022, 15:00
Sosial mühitin “Poz,qazan” “masaları” ilə dolub-daşması artıq adi görünsə də, mahiyyəti narahatlıq doğuracaq qədər təhlükəlidir. 

Sosioloq Üzeyir Şəfiyev Demokrat.az-a müsahibəsində bildirdi ki, bu oyunlar əhalinin aztəminatlı və işsiz təbəqəsi üçün daha cəlbedici görünür:

“Ümumiyyətlə, lotereya oyunları, mərc oyunları xüsusilə də, əhalinin aztəminatlı təbəqəsi, işsiz və maddi cəhətdən çətinlik çəkən insanlara daha cəlbedici görünür. Bu tipli oyunları birmənalı şəkildə, şübhəsiz ki, qanunvericilik bazası əsasında realizə olunur. Bu oyunların təbiətinə fikir versək, görərik ki, bu oyunlarda bir qədər də azart oyun mahiyyəti var. Azart oyun mahiyyəti olduğuna görə də, insanları cəlb edir, stimullaşdırır, motivasiya edir. Beləliklə də, bu oyunlar kütləviləşir.”



Sosioloq hesab edir ki, aparılıan sorğular bu oyunların mahiyyətinin sosial yönümdə dəyişməsinin zəruri olduğunu göstərir:

“Kütləviləşmədən istifadə edən zaman bəzən bu oyunları realizə edən şirkətlər oyunlara müraciət edən insanları xəyal qırıqlığı ilə üzləşdirir. Çünki bu oyunlarla bağlı cəmiyyətdə birmənalı fikirlər yoxdur. Aparılan sorğular onu göstərir ki, bu oyunlarla bağlı xəyal qırıqlığı yaşayan kifayət qədər insanlar var. 

Burda bəzi şübhəli məqamlar var. Bu, ictimaiyyəti narahat edir. Belə ki, sorğuya cəlb olunanların mövqeyinə görə, burda şəbəkə mahiyyətli oyun içində bir oyun var, sanki. Hətta düşünənlər var ki, əvvəlcədən, uduşu kimin qazanacağı məlum olur. Çünki, qalibin adı heç bir zaman açıqlanmır. Lotereyalar varsa, fəaliyyət göstərirsə, məqsədi sosial yönümlü olmalıdır. Daha çox əhalinin həssas təbəqəsi nəzərə alınmalıdır. Çox yaxşı olar ki, bu məqam qanunvericilikdə də öz əksini tapsın. Bir də təşkili çox pərakəndədir. Küçələrdə hər addımbaşı bu oyunların həyata keçirildiyini görürsən. Bu da ictimai nizamsızlıq yaradır. Düşünürəm ki, bu oyunların mahiyyyəti sosial yönə dəyişməlidir, nəinki bundan işbazlar istifadə etməlidir.”

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top