Bakı-Füzuli avtobus marşrutu istifadəyə verilir — RƏSMİ

İNFRASTRUKTUR 22 iyn 2022, 16:26
“Qarabağa sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi çərçivəsində iyunun 25-də Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə veriləcək”.

Bunu Demokrat.az-a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Sübhan Əbilov bildirib. 

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti işğaldan azad edilmiş ərazilərə sərnişin daşımanı təhlükəsizliyini nəzərə almaqla, ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobuslar marşrutlarının yaradılması ilə bağlı işləri davam etdirir. Daşımaların təhlükəsizliyini və fasiləsizliyinin təmin edilməsi məqsədilə təyinat məntəqələrinə və yol infrastrukturuna Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları baxış keçirmişlər. Marşrut üzrə müvafiq qiymətləndirmə aparılmış, hərəkət sxemi hazırlanmış və dayanacaq yerləri müəyyən olunmuşdur”.

Sektor müdiri əlavə etdi ki, reyslər həftədə bir dəfə- şənbə günləri təşkil ediləcək: 



“Reyslər həftədə bir dəfə olmaqla, şənbə günləri təşkil ediləcək. İlkin mərhələdə, sərnişinlər Merdinli kənd məscidi, Füzuli şəhər mərkəzi və Füzuli Beynəlxalq Hava limanını ziyarət edə biləcəklər. Növbəti mərhələdə isə, İbə piri, Qaraməmmədli bulağı, Qarğabazar Karvansaray kompleksi və Dövlətyarlı kəndinə də getmək mümkün olacaq. Dini mədəni və tarixi abidələri ziyarət edərkən vətəndaşları bələdçilər müşayiət edəcək. Bilet satışı online qaydada həyata keçiriləcək. Vətəndaşlar iyunun 17-dən etibarən yolumuzqarabağa.az portalı vasitəsilə online bilet ala bilərlər. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. Müəyyən imtiyazlı şəxslərə bu istiqamət üzrə pulsuz bilet almaq imkanı yaradılıbdır. Bu kateqoriyaya Vətən müharibəsi qəhrəmanları, milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri və Qarabağ müharibəsi əlilləri aiddir. Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu üzrə sərnişindaşımanı həyata keçirəcək sürücüləri, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Mina təhlükəsizliyinə dair təlimlərə cəlb etmiş və onlara əsas təhlükəsizlik qaydalarına dair təlimat kitabçaları təqdim olunmuşdur. Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobusda mina təhlükəsizliyi ilə bağlı video-çarxlar nümayiş etdiriləcək. Həmçinin hər bir oturacaq üzərinə mina təhlükəsizliyi ilə bağlı məlumat proşuru yerləşdiriləcək. Daşımaların təhlükəsizliyini təmin etmək məqsədilə avtobuslarların Daxili İşlər Nazirliyinin Yol Patrul Xidməti avtomobillərinin ekipajları müşayiət edəcək, həmçinin, avtobuslarda polis əməkdaşlarının olması da nəzərdə tutulur.”

“Həmçinin, dövlət xidməti daşıyıcıların müəyyən olunması üçün Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarına uyğun olaraq, 6 aprel 2022-ci il tarixində Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu ilə bağlı müsabiqə elan edib. Müsabiqə 12 may 2022-ci il tarixində keçirilmişdir və fiziki şəxs Xaliq Rüstəmov komissiya üzvləri tərəfindən qalib elan olunmuşdur. Daşıyıcı qismində sərnişindaşıma fəaliyyəti göstərməsi üçün 20 may 2022-ci il tarixində onunla avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanılmışdır” – deyə S.Əbilov qeyd edib.

Gülçin Qorxmaz 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top