Şuşa Bəyannaməsi: Türkiyə-Azərbaycan münasibətlərinin yeni tarixi mərhələsi

GÜNDƏM 16 iyn 2022, 18:18
Türkiyə-Azərbaycan münasibətləri günü-gündən inkişaf edərək daha da dərinləşir. Bu münasibətlər digər dövlətlərə də bir nümunə kimi göstərilir. İqtisadi, siyasi, təhsil, səhiyyə, mədəniyyət, təhlükəsizlik və s. sahələrdə bu münasibətlər ən yüksək nöqtəyə - əsl qardaşlıq səviyyəsinə gəlib çatmışdır. Bu qardaşlığın yeni tarixi mərhələsi Şuşa Bəyannaməsi oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.

Şuşada qürurla dalğalanan Azərbaycan və Türkiyə bayraqları altında imzalanan Şuşa Bəyannaməsi bu  müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Bu Bəyannamə ölkələrimiz arasında münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir.

Çoxşaxəli olan Şuşa Bəyannaməsi ölkələrimiz arasında siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Eləcə də bölgədə inteqrasiya proseslərini stimullaşdırır, əhatəli sülhə yol açır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün də əlavə imkanlar yaradır.

Bu tarixi Bəyannamə, eyni zamanda əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaq. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq, Şuşa və Şuşa ətrafının gözəl turizm məkanına çevirilməsinə təkan verəcək.

Digər tərəfdən, Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyətli iqtisadi layihələr ölkələrimizin beynəlxalq nüfuzunu artıracaq.
 
Bəyannamədə xalqlarımızın böyük öndərləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamları öz əksini tapıb.

Bu gün işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərində bu iki qardaş ölkənin sıx əməkdaşlığı mövcuddur və bu əlaqələr sayəsində yeni iqtisadi perspektivlər açılır. Bunların arasında Zəngəzur dəhlizi xüsusilə böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmir yolu və avtomobil yolları birləşdirəcək Zəngəzur dəhlizi artıq reallığa çevrilir.

Hərbi əməkdaşlıq isə bu  Bəyannamənin strateji əhəmiyyətini artıran əsas amildir. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Bundan sonra da ölkələrimiz biri-birinin təhlükəsizliyini təmin edəcək, müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı həm Azərbaycanın, həm də Türkiyənin hərbi qüdrətini artıracaqdır.

Cənab Prezident İlham Əliyev dəfələrlə bildirib ki, ikinci Qarabağ müharibəsinin ilk günündən, ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əsl qardaşlıq nümunəsi sərgiləyərək birmənalı, dəqiq və açıq dəstək ifadə edərək  bildirdi ki, Azərbaycan tək deyil. Hərtərəfli önəmli əhəmiyyət kəsb edən Türkiyənin bu mesajı müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı.

Bu Bəyannamənin imzalanması Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilmiş və ölkəmizdəki bütün siyasi qüvvələr tərəfindən dəstəklənmişdir. Bu isə, əlbəttə, müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi yolunda bir həmrəylik nümunəsidir.



Pənah İmanov, 
Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top