İrəvanın gizli planları

SİYASİ 08 iyn 2022, 12:47
Münasibətlərin normallaşdırılması ilə bağlı addımların atılması Rusiyanı ciddi narahat edir.

Qeyri sabitlik, qeyri-müəyyənlik Ermənistanın hazırki vəziyyəti kimi diplomatiyası üçün də xarakterikdir. Brüssel görüşünün gündəliyinə çıxarılan sülh şərtlərinin icrasından yayınmaq üçün Paşinyan hökuməti təxribatlara davam edir. İrəvan rəsmi Bakının və Aİ-nin irəli sürdüyü proqressiv təkliflərə yox demək üçün region üzrə tərəfdaşları qarşı-qarşıya qoymaq, konfidensial ikitərəfli sövdələşmələrə getmək görüntüsü yaratmaqla Azərbaycanın təşəbbüsü olan layihələri nüfuzdan salmağa çalışır. Paşinyan İran prezidenti ilə danışıqlar zamanı regional nəqliyyat marşrutlarını öz nöqteyi-nəzərindən müzakirə müstəvisinə gətirir. Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Gürcüstana səfər edərək yüklərin Rusiyaya keçirilməsi və əks istiqamətdə daşınması mövzusunu açır. Hindistandan və Rusiyadan bir sıra strateji sahələrlə bağlı yeni texnika və maliyyə vəsaitinin alınması ətrafında təbliğat kampaniyası qurulur. Halbuki, İran da, Gürcüstan da bilir ki, Azərbaycan tərəfinin mövqeyi sərhədlərin delimitasiyası və demarkasiyası, iqtisadi, nəqliyyat əlaqələrinin bərpa olunması, eləcə də sülh müqaviləsinin imzalanmasından ibarətdir. Bunlarsa bir məqsədə, Brüssel görüşünün gündəliyindən irəli gələn şərtləri yerinə yetirməməyə hesablanır.

Rəsmi Bakının sülh üçün təklif etdiyi 5 şərtin ermənisayağı şərhi, üstəlik Sərhəd Delimitasiyası Komissiyasına dair açıqlamalar da İrəvanın sabotajçı ritorikasının sübutudur. Son zamanlar Ermənistanda bütün fəaliyyət Zəngəzur dəhlizinin inkarı üzərinə qurulub. Bakının kommunikasiyaların açılması məsələsində dəhlizdən bəhs etməsi barədə jurnalistin sualına cavabında Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanın Zəngəzur dəhlizi anlayışı ilə razı olmadığını söyləyib. Belə ki, Qriqoryan sonuncu Brüssel danışıqlarını xatırladaraq bildirib ki, kommunikasiyaların açılması məsələsində dəhlizə vurğu olmayıb. Halbuki 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında Laçın dəhlizi ilə Zəngəzurdan keçəcək yolun tamamilə eyni xüsusiyyətə malik olduğu açıq şəkildə yazılıb. O səbəbə Azərbaycan hər iki yolun dəhliz məntiqi ilə fəaliyyətində israrlıdır, əks halda, Laçın yolu da dəhliz statusunu itirəcək. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev xəbərdarlıq da edib.

Əməkdaşlığın qeyri mümkün olduğuna vurğu edən digər təxribat da son gündlərdə yaşandı. Separatçı-terrorçu rejimin başçısı Arayik Harutyunyanın Kəlbəcər rayonunun müvəqqəti olaraq Rusiyanın nəzarətində qalan Kolətək kəndindəki “Akopavank” məbədinə baş çəkməsi Erməni diplomatiyasının Rusya burulğanına düşməsinin təzahürüdür. Gah Qarabağın kiçik bir hissəsində qalan “siyasətçi”lərdən və quldur separatçılardan müxtəlif təxribatçı açıqlamalar alınır. Görünən odur ki, Azərbaycan və Ermənistan arasında xüsusilə Brüsseldə keçirilən görüşlərdən sonra münasibətlərin normallaşdırılması ilə bağlı addımların atılması Rusiyanı ciddi narahat edir. Nəticədə, Bakı və İrəvan arasında birbaşa dialoqun dərinləşdirilməsi, sülh müqaviləsi və sərhədlərin dəqiqləşdirilməsi barədə konkret qərarlar qəbul edilsə də, proses süni şəkildə ləngidilir.

Şimaldan gələn küləyin sərt dalğalanması həm də okeanın o tərəfindəki iqlim dəyişikliyi ilə bağlıdır. Regional proseslərdə Azərbaycanın dominantlığı okeanın o biri üzündən də açıq görünür. Vaşinqtonun Bakıya qarşı ritorikasının dəyişdiyi açıq mətnlə ifadə olunur. Baydenin son üç ayda prezidentə 3 dəfə məktub ünvanlaması və rəsmi Bakını regional proseslərin əsas hərəkətverici qüvvəsi kimi xarakterizə etməsi nəzərdən qaçmır. Ağ Ev rəsmisinin “İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır” deməsi sülh gündəliyinə dəstəyin ifadəsidir.

Bütün bu proseslər, Azərbaycana qarşı dəyişən mövqelər rəsmi Bakı tərəfindən çox diqqətlə izlənilir. Mövqelərin hansı istiqamətdə dəyişməsindən aslı olmayaq isə həm Qarabağda olan ermənilərin cəmiyyətimizə inteqrasiyası, həm Brüssel razılaşmalarına uyğun qəbul olunan qərarların icrası, həm də tezliklə Zəngəzur dəhlizinin açılması Azərbaycanın qarşısında əsas prioritetdir. Ermənistanın bu cür diplomatik həmlələri prosesləri pozmağa yönəlsə də, vaxt udaraq ümumi geosiyasi nizama xələl gətirmək məqsədi güdülsə də, səmimi əmədaşlığın mümkünsüzlüyü hər nə qədər ortaya qoyulsa da, Azərbaycan Brüssel görüşündə üzərinə götürdüyü öhdəliklərə sadiqdir və onları icra edir. Vaxt isə Ermənistanın əleyhinə işləyir. Çünki, geridə qalan məsələlərin həlli üçün addım növbəti dəfə masa arxasında atılmaya bilər...

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top