“Otağın yarısı gül-çiçəklə doludur...” — Xuraman Qasımovanın doğum günüdür (FOTOLAR)

İNCƏSƏNƏT 06 iyun 2022, 17:36
Bu gün görkəmli opera müğənnisi, Xalq Artisti, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenli, 1996-cı ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, 1994-cü ildən İstanbul Dövlət Universiteti konservatoriyasının professoru Xuraman Qasımovanın doğum günüdür. O, bir sıra beynəlxalq müsabiqələrin laureatıdır, “Qran-pri” qızıl mükafatına layiq görülüb. Fransa, Avstriya, Norveç, Türkiyə, Finlandiya və digər xarici ölkələrdə Azərbaycan vokal sənətini uğurla təmsil edib. 

Demokrat.az Xuraman xanımla əlaqə saxlayıb, onu ad günü münasibətilə təbrik edir, onun da ürək sözlərini öyrənib: 

“Əsas hədiyyələr axşam gələcək bəlkə də (gülür), amma səhərdən çoxlu çiçəklər-güllər hədiyyə ediblər. Qadın üçün çiçəkdən gözəl nə ola bilər?! Elə bu dəqiqə otağın yarısı doludur gül-çiçəklə, düşünürəm ki, axşam lap çox olacaq. Axşam çox yaxın çevrəm, qohumlarım, dostlarımla qeyd edəcəm ad günümü. Təntənəli şəkildə qeyd etməyəcəm. Ümumiyyətlə, mən çox təmtəraqı sevmirəm. Məni yada salan, təbrik edən hər kəsə minnətdarlığımı bildirirəm. Özümə və hər kəsə can sağlığı, sakit, rahat günlər arzu edirəm. Daha heç zaman ölkəm savaş görməsin, itki yaşamasın, hər zaman günəş olsun. Tanrı hamımızı qorusun. Ölkə rəhbərliyinə təşəkkür edirəm ki, hər zaman Fidan xanımı və məni diqqətdə saxlayır. Hər şeydən razıyam. Təki can sağlığı olsun.”

Azərbaycan opera sənətinin incisi ən yaddaqalan ad günündən danışdı:

“Valideynlərimin masa başında əyləşdiyi bütün doğum günlərim unudulmazdır. Uşaqlıqda, böyüklərimiz sağ olanda qeyd olunan ad günlərimi heç zaman unutmuram və düşünürəm ki, daha gözəli olmayacaq. Çox heyif ki, onlar bu günlərimizi görmədilər. Uşaqlıqda doğum günümü iki gün qeyd edərdik. Bir gün sinif yoldaşlarımla, digər gün ailəmlə. Fidan xanım da, mən də ailəmizə, qohumlarımıza çox bağlıyıq. Onlar yanımızda olanda güc alırıq. Mən səmimi münasibətləri sevirəm, bu cür münasibətləri hiss edirəm. Bu gün öz doğum gününü qeyd edən hər kəsi ürəkdən təbrik edirəm. Yaxşı zamandır-yayın başlanğıcı. Arzu edirəm, pis günlər geridə qalsın, pandemiya bizdən uzaqlaşsın. Amma özümüzü qoruyaq ki, gələn il də görüşə bilək, gələn il də məni təbrik edəsiniz.” 

Biz də dəyərli sənətkarımızı ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı arzu edirik. 






Maya İmran
Demokrat.az 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 iyul 2025, 12:35
Top