Şəmkirdə ər arvadını ona mürəbbə gətirmədiyi üçün döydü

HADİSƏ 09 iyul 2025, 10:58
Şəmkir rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətə səbəb olub. 

Demokrat.az-
ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 21-də rayonunun kəndlərindən birində baş verib. 

Kənd sakini, 1986-cı il təvəllüdlü Bəxtiyarın yaşadığı evdə həyat yoldaşı Samirə ilə mübahisəsi olub. Bu zaman arvadını döyərək ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Bəxtiyarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, 2014-cü ildə Samirə ilə ailə həyatı qurub və birgə nigahlarından 2 oğlan övladlar var: 

“Martın 21-də, saat 17 radələrində evdə olan zaman əsəbləşdim. Həmin vaxt Samirə ilə aramızda sözlə mübahisə yarandı.  Mübahisə zamanı arvadım cavab qaytardığı üçün əlim ilə bir dəfə onun sifət nahiyəsinə vurdum. Həmin vaxt zərbə nəticəsində dodağı qanadı. Həmçinin əsəbim keçmədiyindən əlim ilə bir neçə dəfə onu vuraraq döydüm. Sonra həm dostum, həmdə Samirənin dayısı oğlu olan Zamana zəng etdim, arvadımı başa salması üçün evə dəvət etdim”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, həyat yoldaşı Bəxtiyarla bundan əvvəldə bir neçə dəfə mübahisəsi yaranıb: 

“Martın 21-də, gecə saat 2 radələrində ərim Bakı şəhərindən yaşadığım evə gəldi. Həmin vaxt məndən yemək istədi. Ona yeməyin olmadığını dedim. Bəxtiyar daha sonra yatdı. Səhər tezdən səhər yeməyi hazırlamağımı bildirdi. 

Mən də süfrənin üzərinə bir neçə yeməyi qoydum. Lakin Bəxtiyar həmin yeməkləri yemədiyini, mürəbbə gətirməyimi dedi. Mən ona mürəbbə gətirməyəcəyimi bildirdim. Həmin vaxt aramızda sözlə mübahisə yarandı. Ona nə varsa, özünün götürərək yeməsini dedim. Bu zaman Bəxtiyar evdən getdi”.

Samirə qeyd edib ki, həmin gün axşam tərəfi saat 17 radələrində Bəxtiyar evə gəlib: 

“Uşaqların harada olmasını soruşdu. Mən ona cavab vermədim. Bir neçə dəfə sual versə də, yenə də cavab vermədim. Aramızda mübahisə yarandı. Mübahisə zamanı Bəxtiyar əli ilə bir neçə dəfə sifət nahiyəmə və bədənimə vurdu. Zərbə nəticəsində dodağım qanamağa başladı. Mən də bununla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Lakin hadisədən sonra təqsirləndirilən şəxslə barışmışam. Ona qarşı şikayətim yoxdur”.

Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin arvadı ilə barışmasını, zərərçəkən qadının ona qarşı şikayətinin olmamasını nəzərə alıb. 

Bu səbəbdən Bəxtiyarın barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top