Birinci Qarabağ əlili etirazçı qazilərə SƏSLƏNDİ

GÜNDƏM 02 iyn 2022, 16:47
“Biz Azərbaycanın ərazi bütövlüyü uğrunda, torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişik və sağlamlığımızı itirmişik. Təbii ki, bu, bizim vətəndaşlıq borcumuz idi. Amma, eyni zamanda dövlətin də borcudur ki, bizim kimi insanların qayğısına qalsın, problemlərin həlli ilə məşğul olsun”. 

Bunu Demokrat.az-a açıqlamasında "Qarabağ qaziləri” ictimai birliyinin idarə heyəti üzvü Bəhruz Camalov deyib. 

O vurğulayıb ki, dövlətimiz qazi və şəhid ailələri üçün xeyli işlər görüb, onları mənzil və avtomobillərlə təmin edib və digər mühüm işlər görüb:

“Lakin çox təəssüf ki, dövlət qurumlarında bəzilərində elə neqativ hallar, elə nöqsanlar olur ki, bu biz qazilərin, xüsusilə də gənc qazilərin əsəblərini tarıma çəkir, onları hövsələdən çıxardır. Ona görə də, mən üzümü qazi qardaşlara tutub müraciət edirəm: 

“Bu Vətən, bu dövlət bizimdir. Bu günləri  bu nazirlikdə sizə qarşı haqsızlıq edən, ədalətsizlik edən məmurlar da bizim balalarımızdır, övladlarımızdır. Ola bilər ki, hansısa məsələ sizi özünüzdən çıxardıb. Və biz bilirik ki, belə hallar olub. Biz Birinci Qarabağ müharibəsinin iştirakçıları kimi bu prosesləri keçmişik, bundan da ağır vəziyyətlərimiz olub. Bilirik ki, sizə qarşı ədalətsizlik, haqsızlıq var. Amma bu ədalətsizliyə, haqsızlığa qarşı zorakılıqla münasibət bildirmək olmaz. Bu günləri məmləkətdə sizi bizim qədər başa düşən ikinci bir təbəqə də ola bilməz. Biz həmişə  sizin yanınızdayıq, əziz qazi qardaşlarımız! Eyni zamanda, həm də uğrunda canımızı qurban verdiyimiz, sağlamlığımızı itirdiyimiz dövlətimizin yanındayıq. Bu günləri dövlətimiz işğaldan azad olunmuş Qarabağın, bütövlükdə bu problemin həlli ilə bağlı çox böyük işlər görür. Bir hansısa məmurun, hansısa dövlət işçisinin sizə qarşı xoş olmayan münasibətinə bu şəkildə aqressiv münasibət bildirməyiniz olmaz! Yəni, bu yolverilməzdir! Biz sizin yanınızda olmaqla, bağrımıza basırıq. Sizi öpürük, amma eyni zamanda deyirik ki, əzizlərimiz bu cür davranmaq olmaz. Bu, yolverilməzdir. Problemlərinizi sivil yolla həll etməyə çalışın”. 

B.Camalov bütün dövlət orqanlarına da səsləndi:

“Qarabağ qaziləri” birliyi adından bütün dövlət orqanlarından da xahiş edirik ki, qazilərlə, şəhid ailələri ilə, veteranlarla, hərbiçilərlə davrananda biraz humanist, diqqətli olsunlar, çünki bunlar həssas təbəqələrdir. Xahiş edirik onlara qarşı diqqətli olun. Biz Qarabağ qaziləri ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin yanındayıq. 44 günlük müharibədə də bizim üzvlərimiz bu savaşda iştirak etdi. Şəhid olanlarımız oldu, yaralanlarımız oldu. Bir daha qeyd edirəm ki, bu məsələ çox həssas məsələdir. Hər kəsdən çox diqqətli olmaqlarını xahiş edirəm”.

Qeyd edək ki, Bəhruz Camalov birinci Qarabağ müharibəsində hər iki ayağını itirib.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top