DSX-nin bütün hərbi hissə və bölmələrində “Müstəqillik Günü” qeyd olunur — FOTOLAR

HƏRBİ 27 may 2022, 18:02
Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində “Müstəqillik Günü”nə  həsr edilmiş tədbirlər keçirilir. 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Demokrat.az-a verilən məlumata görə, may ayının 27-də Dövlət Sərhəd Xidmətinin Aparatında təşkil edilmiş tədbir dövlət himninin səsləndirilməsi ilə başlamışdır. 

Sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılmışdır. 

Tədbirdə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının İstiqlal Bəyannaməsini imzalaması ilə Azərbaycanın müstəqilliyinin dünyaya bəyan edildiyi, dövlət atributlarının müəyyən olunduğu, dövlət quruculuğu, o cümlədən  sərhəd  təhlükəsizliyinin təmin edilməsi üzrə mühüm fəaliyyətlərin həyata keçirildiyi vurğulanmışdır. 

Cəmi 23 ay mövcud olsa da, Azərbaycan Xalq Cümhuriyyətinin  müsəlman Şərqində demokratiya ənənələrinin formalaşması, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında əhəmiyyətli işlər gördüyü qeyd olunmuşdur. 

Tədbirdə 1991-ci ildə müstəqilliyinə yenidən qovuşmuş dövlətimizin ötən dövr ərzində mürəkkəb inkişaf yoluna nəzər salınmış, 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin dövlətimizin müstəqilliyini, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etdiyi, Xalq Cümhuriyyətinin varisi-müasir, müstəqil Azərbaycanın möhkəmlənməsində, dünya dövlətləri arasında layiqli yer tutmasında, ölkəmizin sərhəd mühafizəsinin formalaşması və inkişafında misilsiz xidmətləri böyük minnətdarlıq hissi ilə qeyd olunmuşdur.

Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin varisi və layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində parlaq zəfərimiz sayəsində bu gün milli dövlətçilik tariximizin şanlı səhifələrindən olan “Müstəqillik Günü”nü ərazi bütövlüyü təmin edilmiş, qalib, güclü dövlət olaraq qeyd etdiyimiz vurğulanmışdır.  
    
Tədbirin sonunda Heydər Əliyev fondunun dəstəyi ilə hazırlanmış və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına həsr edilmiş “Son iclas” sənədli filmi nümayiş etdirilmişdir. 



Rza
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top