Rusiyanın qələbəni tamamən öz adına çıxarması tarixin məqsədli şəkildə təhrif olunmasıdır

GÜNDƏM 09 may 2022, 09:09
Ukraynada baş verənlər Rusiyanın təkbaşına alman faşizminə qalib gəlməsi iddialarının qeyri-ciddiliyini ortaya qoyan reallıqdır.

Həm Azərbaycan, həm də digər xalqların II Dünya müharibəsindəki rolunun kiçildilməsinə edilən cəhdlər cavabsız qalmamalıdır

Rusiyanın son vaxtlar II Dünya müharibəsində faşizm üzərində qələbəni tamamən öz adına çıxması, digər xalqların iştirakını görməzdən gəlməsi təbii ki, böyük tarixi ədalətsizlik və tarixin məqsədli şəkildə təhrif olunmasıdır. Keçmiş SSRİ-də təmsil olunan hər bir respublikanın bu qələbədə danılmaz rolu var və o dövrün reallıqlarını nəzərə alsaq, Rusiya alman faşizminə təkbaşına qalib gələ bilməzdi. Son proseslər misalında kiçicik bir müqayisə aparaq. Rusiya Ukraynaya elan etdiyi müharibədə təkbaşına savaşır, qalib ola bilirmi? Rusiya işğal niyyətinin gerçəkləşməsi üçün bütün hərbi potensialını ortaya qoymasına baxmayaraq, müharibəni öz xeyrinə sonlandıra bilmir. Hansı ki, Ukrayna bütün imkanları baxımından Rusiyadan qat-qat geridə olan bir ölkədir. Düzdür, hazırda Ukraynaya dünyanın ciddi dəstəyi mövcuddur, amma bütün hallarda Rusiyanın 3 günə başa çatdıracağını proqnozlaşdırdığı müharibədə istədiyinə nail ola bilmədiyi göz önündədir. Həmin 3 gündə Ukraynaya indiki dəstək də yox idi və Rusiya özünün planlarını burada həyata keçirə bilmədi. 

Yeri gəlmişkən, II Dünya müharibəsindəki qələbəyə ən böyük töhfəsi olan ölkələrdən biri də məhz Ukrayna idi və Ukrayna xalqı bu gün özünün suverenliyini, ərazi bütövlüyünü qorumaq üçün tarixi mücadilə verir. Ukraynaya hücum və burada arzularını gerçəkləşdirə bilməməsi birmənalı şəkildə Rusiyanın digər xalqların iştirakı olmadan alman faşizminə qalib gəlməsi iddialarının nə dərəcədə qeyri-ciddi olduğunu ortaya qoyan reallıqdır. Hazırda Rusiyanın yanında tarix boyu işğal adlı siyasətində birgə addımladığı ermənilərdən başqa kimsə yoxdur. Rusiyaya Ermənistanın da dəstəyi konkret bir nəticə ifadə etmir. Beləliklə, öz gücünü dünən də, bu gün də öyən Rusiya Ukraynada kifayət qədər geriləyib və prosesin nə ilə bitəcəyini təxmin etmək mümkündür. Yəni, təkbaşına olanda Rusiya adlı gücün hərbi-siyasi gücü, müharibədə qazancı söz predmeti ola bilmir.  

Rusiyanın alman faşizminin çökməsində özünün rolunu böyüdüb, digər xalqların rolunu kiçiltməsi uzaq olmayan tarixin kobud şəkildə təhrifi, eyforiyaya qapılmasından başqa bir şey deyil. 

Təkcə Azərbaycanın həmin qələbənin əldə olunmasına verdiyi böyük töhfələri daha aydın görmək üçün bəzi faktlara baxmaq lazımdır. Bunlar nədən ibarətdir? 

- Faşizm üzərində Qələbənin əldə olunması üçün xalqımız özünün 600 mindən çox oğul və qızını cəbhəyə yola salıb;

- Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 123 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfərin isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülməsi bunun əyani isbatıdır;

- Azərbaycanlılar Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və başqa yüzlərlə yaşayış məntəqəsinin,  həmçinin Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında, Berlin uğrunda döyüşlərdə yaxından iştirak ediblər;

- İkinci Dünya müharibəsində həlak olan 57 milyon insandan 27 milyonu sovet vətəndaşları olub ki, onların arasında Azərbaycandan cəbhəyə gedən 300 mindən çox soydaşımız var;

- İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb və 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb;

-  Müharibə illərində Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın qələbəyə verdiyi əvəzsiz töhfələrdən biridir və sovet aviasiyası məhz bu yanacağın hazırlanmasından sonra cəbhədə düşmənə ağır zərbələr endirmək imkanı qazanıb;

- Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin 3/4 hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşüb;

- Bütövlükdə 1941-1945-ci illərdə SSRİ-nin neft sənayesi 110 milyon ton neft hasil edib ki, onun da 75 milyon tonu Azərbaycanın payına düşüb.

Bu sıraya Bakının Sovet İttifaqının həm də mühüm silah istehsalı mərkəzlərindən biri olması, eyni zamanda arxa cəbhədə Azərbaycan xalqının danılmaz gərgin əməyini, Bakının yerli sənayesinin müharibənin gedişində ölkənin sənaye məhsullarına olan tələbatının ödənilməsində tarixi xidmətləri ilə bağlı faktları da əlavə etmək mümkündür. 

Beləlikə, təkcə Azərbaycan xalqının timsalında İkinci Dünya müharibəsindəki qələbədə digər millətlərin hansı rolu oynadığını görmək mümkündür. Qələbənin qazanılmasına verilən töhfələr həm ön cəbhədə, həm də arxa cəbhədə böyük həcmdə olub. Bu tarixi unutmamalı, kimlərinsə tarixi gerçəklikləri təhrif etməsinə göz yummamalıyıq. Azərbaycanlıların bu qələbədəki rolunun kiçildilməsinə edilən cəhdlər cavabsız qalmamalıdır. 

Azərbaycan xalqı, onun Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Azərbaycan Ordusu öz müqəddəs missiyasını layiqincə yerinə yetirərək pozulmuş ərazi bütövlüyümüzü bərpa etdi. Bu gün müstəqil Azərbaycanın öz Vətən Müharibəsi, Zəfər bayramı, qəhrəmanları və veteranları var. Bununla belə biz xalqımızın böyük tarixi proseslərdə oynadığı əvəzedilməz rolu da yaddan çıxarmamalıyıq!

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top