“Prezident Kuboku-2022” başa çatdı — FOTOLAR

GÜNDƏM 08 may 2022, 17:46

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2022” beynəlxalq reqatasına yekun vurulub.

Demokrat.az xəbər verir ki, yarışı əhəmiyyətli edən əsas məqam onun ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərdə təşkil edilməsi olub.

Azərbaycanla yanaşı, Gürcüstan, Moldova, Türkiyə və Özbəkistandan 100-dən artıq idmançının qatıldığı turnirin ilk günündə Mingəçevir şəhərində komandaların rəsmi paradı təşkil edilib.

Paradın sonunda Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və “Prezident Kuboku” reqatasında iştirak edən ölkələrin federasiya rəsmiləri Umummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri düzüblər.

“Prezident Kuboku-2022” reqatasının rəsmi açılışı və ilk yarışlar 44 günlük şanlı Vətən müharibəsi zamanı işğaldan azad edilmiş Suqovuşanda start götürüb. Açılış mərasimində Azərbaycan Prezidentinin Qarabağ iqtidsadi rayonuna daxil olan işğaldan azad olunmuş ərzilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov, gənclər və idman naziri Fərid Qayıbov, AKAF-ın prezidenti Vüqar Əhmədov, Türkiyə Avarçəkmə Federasiyasının İdarə Heyətinin üzvü Bülent Eren, həmçinin Gürcüstan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Zaza Nadiradze çıxış edərək Qarabağda təşkil olunan və böyük qayıdışı simvolizə edən ilk idman tədbirinin əhəmiyyətindən, Prezident İlham Əliyevin idmana və idmançılara qayğısından danışıblar. Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi orkestrının ifasında dövlət himni səsləndirdikdən sonra tədbirin bədii hissəsi incəsənət nümayəndələrinin çıxışları və su üzərində ecazkar şou ilə davam edib.

Rəsmi və bədii hissə başa çatdıqdan sonra reqatanın ilk günündə kayak və kanoe üzrə yarışlar keçirilib. İlk yarış günündə idmançılar Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparıblar. Yeniyetmə və gənclər arasında 5 yaş kateqoriyasında təşkil olunan yarışlarda Azərbaycan komandası 7 qızıl, 10 gümüş və 8 bürünc medala sahib olub.

Reqatanın ikinci günündə Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində iştirakçılar akademik avarçəkmə növündə mübarizə aparıblar. Azərbaycan milli komandası 3 yaş kateqoriyasında yarışlarda 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.

Ümumi komanda hesabında akademik avarçəkmə yarışlarında Azərbaycan, kayak və kanoe yarışlarında isə Türkiyə idmançıları birinci olublar. Hər iki ölkənin idmançılarına çempionluq kuboku təqdim olunub. Ümumi nəticədə Azərbaycan komandası reqatada 9 qızıl, 12 gümüş və 12 bürünc medal əldə edib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatasının bağlanış mərasimi isə olduqca maraqlı alınıb. Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan tədbirdə Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilən videoçarx su üzərində 3D effektli şou ilə təqdim edilib. Sonra flaybordların möhtəşəm çıxışı şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb, idmançılar tərəfindən səmaya dilək şarları buraxılıb.

Konsert proqramı ilə davam edən tədbirə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.

 






SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top