“Bu, SSRİ-nin davamçısı Rusiyaya qarşı nifrəti daha da artırdı”

GÜNDƏM 07 may 2022, 12:17
“Xalqları və dövlətləri zor və hədə yolu ilə öz ətrafında birləşdirən sovet totalitar, diktatura rejimi hakim olduğu müddətdə hüququn aliliyinə, insan hüquq və azadlıqlarına qarşı mənfi münasibət bəsləmiş, lazımsız işgəncələr, günahsız həbslər həyata keçirmişdir. Lakin bütün bunlara rəğmən süqut etmiş, tarixin arxivinə getmiş bir imperiyanı 30 il sonra yenidən bərpa etmək istəyənləri anlamaq həqiqətən çətinlik yaradır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Ramid Hüseynov deyib. Politoloqun sözlərinə görə, müasir dünyamızda sivil, hüquqi dövlətlərin vətəndaşlarının hüquq və azadlıqlarının daha yaxşı təmin olunması, demokratik, hüquqi cəmiyyətin qurulması üçün mübarizə apardıqları bir məqamda hələdə imperiya düşüncəsinə malik şəxslərin və hakimiyyətlərin  mövcudluğu təəccüb doğurur:

“Görünən odur ki, insanları demokratik, hüquqi yolla idarə etmədə, sosial ədaləti təmin etmədə acizlik totalitar rejimlərə meyilləri artırır. Dövlətlərlə qarşılıqlı anlaşma, milli maraqlar, dostluq çərçivəsində yaşamanın mümkünsüzlüyünü düşünənlər çıxış yolunu onları imperiya formasında birləşdirməklə özündən asılı vəziyyətə salmağa çalışırlar. Bunun üçün Ukrayna kimi qonşu dövlətin ərazisinə qoşun yeritməklə, onun suverenliyini, ərazi bütövlüyünü pozmaq, ərazilərini işğal etmək, on minlərlə günahsız insanın qətlinə fərman vermək kobud qanun pozunsu və insanlığa qarşı cinayətdir. Habelə qadağan edilmiş silahlardan istifadə edilməsi, mülki obyektlərin hədəf alınması həm də müharibə cinayətidir”. 



“Ukraynaya qarşı aparılmış işğalçı müharibə həm də cəmiyyətdə SSRİ-nin davamçısı olan Rusiyaya qarşı onsuz da mövcud olan nifrəti daha da artırmış oldu. Vətəndaşların bütünlükdə mübarizəyə qalxması, Rusiyaya qarşı birləşməsi bir daha onların Rusiyadan bezdiklərini ifadə edir. Bununla onlar keçmiş sovet-totalitar cəmiyyətinin prinsiplərini, imperiya düşüncəsini hələ də özündə qoruyub saxlamağa çalışan Rusiya hakimiyyətini özləri üçün böyük təhlükə və təhdid hesab edirlər”.  

“Təsadüfi deyil ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin qanunvericiliyin desovetləşdirilməsi haqqında qanunu imzalaması bir daha ukraynalıların sovet düşüncəsinin qalıqlarından tamamilə qurtulmaq istədiklərini göstərir. Çünki istər dövlət, istərsə də cəmiyyət yaxşı başa düşür ki, iqtisadi-sosial-siyasi problemlərin müəyyən səbəbi kimi sovet təfəkkürünün hələ də qalmasıdır. Ukrayna müharibəsindəki məğlubiyyət, böyük iqtisadi sanksiyalar, ciddi siyasi təsirlər və həmçinin postsovet dövlətlərində Rusiya təsirindən qurtulmaq barədə atılmış addımlar bu dövlətin dünyadakı hərbi-siyasi təsir imkanlarının, hegemonluq iddialarının tədricən itirilməsinə səbəb olacağı əminliyini yaradır. Prosesləri bu vəziyyətə gətirməklə Rusiya hətta hazırkı formada özünün mövcudluğunu təhlükə qarşısına atmış olur”, -deyə politoloq qeyd edib.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top