“Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpası ilə əlaqədar böyük planları var”

GÜNDƏM 06 may 2022, 13:45
“Tarixi Zəfərimizdən ötən ilyarım ərzində  işğaldan azad edilmiş ərazilərimiz sözün əsl mənasında nəhəng tikinti meydanına çevrilib. Görülən işlərə diqqət yetirdikdə bir daha Azərbaycan və Ermənistan arasında fərq, ən əsası torpağın əsl sahibi ilə əsassız iddialarla bu torpağa sahib olmağa çalışan və 30 il ərazilərimizi işğal altında saxlayan  arasında fərq özünü qabarıq şəkildə büruzə verir.  

Biz nə qədər qurucu, yaradıcı xalqıqsa, erməni faşistləri də bir o qədər müharibələrin və barbarlığın törədiciləridir. Dövlət başçısı İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu kimi məqamlara xüsusi diqqət yönəltmişdir. Bildirmişdir ki, 30 ilə yaxın işğal altında qalan digər ərazilərimiz kimi Zəngilan rayonunda da bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə start verilən zaman bu vandalizm aktlarının nəticələrini aradan qaldırmaq, tarixi və dini abidələrimizin bərpası prioritet məsələ kimi qarşıya qoyuldu. Baxmayaraq ki, ermənilər 30 ildə bu abidələri yerlə-yeksan edərək tariximizi silməyə, onları erməniləşdirməyə çalışdılar, amma dil açan faktlar onların illərdir apardıqları təbliğatın əsassızlığını dünyaya bəyan etdi.  Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi  əsaslı şəkildə təmir olunur, daha dəqiq desək, yenidən qurulur. Çünki bu məsciddən cəmi bir divar qalıb. Ölkə Prezidentinin qeyd etdiyi kimi, Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Demokrat.az-a açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizin daha müasir şəkildə, yeni dövrün tələblərinə uyğun bərpasını qarşıya əsas vəzifə kimi qoyub: “30 il torpaq həsrəti ilə yaşayan, dövlətimizin onlara diqqət və qayğısı fonunda hər zaman öz doğma yurd-yuvalarına qayıdacaqları günü səbirsizliklə gözləyən soydaşlarımız üçün azad olunmuş doğma torpaqlarda hər cür şəraitin yaradılması ölkə Prezidentinin aidiyyəti qurumlara verdiyi əsas tapşırıqlardandır. Bu torpaqlarda  müasir idarəçilik sisteminin yaradılmasına xidmət edən addımların atılması da deyilənlərin təsdiqidir. Bu baxımdan işğaldan azad edilmiş ərazilərimizdə Prezidentin xüsusi nümayəndəliyinin yaradılması həm idarəçilik sistemində təkmilləşməni, həm də görülən işlərin planlı şəkildə həyata keçirilməsinə nəzarəti təmin edir. Dövlət başçısının bununla     əlaqədar imzaladığı ilk Sərəncamın Şuşa ilə bağlı olması da təsadüfi deyildi. Prezidentin xüsusi nümayəndəliyi ilk olaraq Şuşada yaradıldı. Bərpa və quruculuq işləri Proqramına uyğun olaraq şəhərlərin Baş planları hazırlanarkən Ağdamdan  sonra Şuşanın Baş planı təqdim olundu. Prezidentin Zəngilan rayonunda  xüsusi nümayəndəsinin  təyin olunması da bu tərkibdəndir. Qeyd edək ki, ilk “ağıllı şəhər” layihəsi  Ağdamda, ilk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilir. Cari ildə bu kəndlər sakinlərini qarşılayacaq. “Azad edilmiş bütün torpaqlarda görüləcək bütün işlər ancaq Baş planlar əsasında olmalıdır” söyləyən dövlət başçısı İlham Əliyev bu tələbi də qarşıya qoymuşdur ki,  Baş plandan kənar bir dənə də daş daş üstə qoyulmamalıdır, bir dənə də qanunsuz tikili olmamalıdır. Yəni biz nümunəvi bir yaşayış məkanını yaradırıq. Həm Azərbaycan üçün, həm dünya üçün nümunəvi bir təcrübə sahibi olacağıq. Ona görə hər şey şəffaf, tenderlər və Baş planlar əsasında yaradılacaq. Ona görə azad edilmiş bütün rayonlarda, o cümlədən Zəngilan rayonunda da bu işlərə artıq hazırlıq gedir.”

YAP Xətai rayon təşkilatının sədri bu məqamı da xüsusi vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərində  xarici ölkələrin, xüsusilə qardaş Türkiyənin  şirkətləri də yaxından iştirak edirlər: “Ötən ilin oktyabrında Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə açılışı olan Füzuli Beynəlxalq Hava Limanı da iki dost ölkənin birgə uğurudur. Bu layihə qısa zamanda hər iki ölkənin mühəndisləri tərəfindən inşa edilərək başa çatdırıldı. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin icrası ilə tanış olmaları, həmçinin onların birgə iştirakı ilə rayonda “Dost Aqropark”ın təməlinin qoyulması da Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının təqdimatıdır. Bu layihə iki qardaş ölkənin birgə sərmayə layihəsidir.  Ümumilikdə Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər səfəri müxtəlif sosial obyektlərin açılışı və təməlinin qoyulması ilə yadda qalır. İlk gündən bu ərazilərdə infrastruktur layihələrinin uğurlu icrası prioritet  olub. Füzuli Beynəlxalq Hava Limanından sonra cari ildə Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur. İşğaldan azad olunmuş ərazilərin bərpası Prezident İlham Əlyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapmışdır. Bu məsələnin növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi ölkə rəhbərliyinin məsələyə böyük əhəmiyyət verdiyini təsdiqləyir. Hər bir bölgənin malik olduğu imkanlardan maksimum istifadə etmək əsas hədəflərdəndir. Dövlət başçısı İlham Əliyev sözügedən qəbulda Zəngilan rayonunda məşğulluğun və iqtisadiyyatın əsas tərkib hissələrindən birinin də kənd təsərrüfatı olmasını önə çəkərək bildirmişdir ki, təbii iqlim çox əlverişlidir və yenə də “DOST Aqropark”ın timsalında biz azad edilmiş bütün torpaqlarda gələcəkdə yaradılacaq mənzərəni görməliyik. Görülən işlər bir daha təsdiqləyir ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpası ilə əlaqədar böyük planları var.”

Vüqar Rəhimzadə dövlət başçısının qəbulda diqqət göstərdiyi məsələlər sırasında Ermənistanın ekoloji terror törətməsinə də münasibət bildirib: “Ermənistan işğal dövründə işğal altında olan torpaqların ekologiyasına da böyük zərər vurmuşdur.  Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələrin kütləvi surətdə qırılması prosesi gedib.  Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi Zəngilan rayonunda olub. Ermənistan Zəngilandakı və başqa rayonlardakı qızıl və digər qiymətli metallar yataqlarını da vəhşicəsinə istismar etmişdir. Oxçuçay da Ermənistanın ekoloji terroruna məruz qalmışdır. İşğalçı dövlət bu vəhşiliklərinə, törətdiyi  ekoloji terrora görə beynəlxalq hüquq çərçivəsində layiqli cəzasını almalıdır. Vurulmuş ziyanın təzminatını mütləq ödəyəcəklər. Dünya Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan sonra Kəlbəcər rayonunun boşaldılması zamanı ermənilərin törətdikləri vandalizmin şahidi oldu. Evlər, ağaclar yandırıldı, təbiət ekoloji terrora məruz qaldı. Yenə də dünyanın əksər dövlətləri, təşkilatları seyrçi mövqedə dayanmağı çıxış yolu hesab etdilər.”

Vüqar Rəhimzadə bildirib ki, bütün bu acılara, törədilən təxribatlara baxmayaraq, Azərbaycan tarixi Zəfərimizin reallıqları fonunda  irəliyə baxır, çağdaş tarixində yeni səhifə açaraq işğaldan azad edilmiş ərazilərimizin bərpa və yenidən qurulmasının tezliklə başa çatmasına, Böyük Qayıdışın reallaşmasına, eyni zamanda, sülh müqaviləsinin imzalanması ilə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına səy göstərir. Prezident İlham Əliyev “Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf” fikirləri ilə görülən işlərin və hədəflərin ümumi mənzərəsini yaradır.

Rza
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top