İsti yayın qaynar istirahət qiymətləri — Ekspertlərdən PROQNOZ

TURİZM 26 apr 2022, 17:17
Turizm sahəsi həm regionların inkişafı, həm də ölkənin iqtisadi potensialının artması baxımından olduqca vacibdir. Dünyada hökm sürən koronavirus bəlası bu sahəyə mənfi təsir göstərdi. Buna baxmayaraq sərt karantin rejimindən sonra ölkəmizdə turizm yenidən inkişaf mərhələsinə qədəm qoydu. Ötən bir il ərzində Azərbaycana turist axını 3 dəfədək artıb. 

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ekspertlər şurasının sədri Göydəniz Qəhrəmanov Demokrat.az-a bildirib ki, PCR testinin ləğv olunması turistlərin sayının daha da artmasına imkan yaradacaq. 



“Artıq bir neçə dövlətlər, millətlər Azərbaycana rahatlıqla gələ bilir və düşünürəm ki, yay aylarında regionlarımızdakı otellər artıq çalışa biləcəklər. Azərbaycana gələn turistlərin sayı Nazirlər Kabineti yanındakı Operativ Qərargahdan elan olunmuşdu. Bu sırada üstünlük ərəb ölkələrindədir. Rusiya, Türkiyə və Avropa ölkələri Azərbaycana daha rahatlıqla gəlib burada rahatlıqla istirahət edə bilərlər.”

Turistlər paytaxta daha yaxın olan ərazilərə getməyə üstünlük verirlər. Bu baxımdan üç, dörd, beş ulduzlu otellərə tələbat daha çox olur. Qiymətlərə gəlincə isə, ekspert Rəhman Quliyev deyir ki, yay mövsümündə qiymətlərin artması qaçılmazdır. 



“Pandemiyadan öncəki dövrə nisbətən, qiymətlərdə qalxma müşahidə olunur. Bu da yay mövsümü ilə əlaqədardır. Quba-Qusar bölgəsində yay mövsümündə beş ulduzlu otellər 150-200 manat arasında dəyişir, dörd ulduzlu otellər 80-100 manat, Şəki, Qax, Zaqatala, Balakən bölgəsində, beş ulduzlu otellər 150-200 manat, dörd ulduzlu otellər 100-120 manat arasında dəyişir.”

Qeyd edək ki, karantin rejimi ilə əlaqədar ötən illərdə bölgələrə səfər edənlərin 80%-ni yerli turistlər təşkil edib. Bu il isə əcnəbilərin üstünlük təşkil edəcəyi istisna edilmir. 

Gülçin Qorxmaz
Demokrat.az 




 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top