Bakıda mənzillərin qiyməti niyə bahadır? — AÇIQLAMA

GÜNDƏM 26 apr 2022, 14:21
Azərbaycanın mənzil bazarındakı bahalıq uzun illərdir insanları narahat edir. Şəhərin mərkəzindən aralı ərazilərdə belə bu gün yeni tikilən binalarda mənzilin kvadratmetrini 1000 manatdan aşağı tapmaq mümkün deyil. Bu qədər binalar tikildiyi halda qiymətlər niyə insanların büdcəsinə görə uyğunlaşdırılmır?

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Demokrat.az-a açıqlamasında bildirib ki, şəhərdə mənzillərin qiymətinin baha olması bir çox amillərlə bağlıdır. Ekspertin sözlərinə görə, sahibkarlar da qiymətlərin baha olmasında maraqlı deyillər:

“Bakıdakı çoxmərtəbəli binaları konkret olaraq hansısa dövlət qurumu tikmir və buna görə də, konkret qiymətin qoyulması mümkün deyil. Bu, bazarın tələb və təklifindən asılıdır. Təbii ki, yuxarı qiymətə olan mənzillər uzun illər satılmır və bu da sahibkarlar üçün bir o qədər də sərfəli deyil. Ümumiyyətlə, qeyd edim ki, mənzil qiymətləri sırf sahibkarların xərcləri əsasında formalaşır. Bildiyimiz kimi, çoxmənzilli binaların tikintisi zamanı ən böyük xərclərdən biri torpaq sahələrinin qiyməti ilə bağlıdır. Torpaq sahələrinin qiymətinin qalxması da birbaşa qiymətə təsir edən amillərdəndir. Digər tərəfdən tikinti materiallarının qiymətlərinin artması da birbaşa tikintidə xərclərin yüksəlməsinə səbəb olur”. 

Ekpert qeyd edib ki, bu gün çoxmənzilli binalarda qiymətlər həddindən artıq yüksək təklif olunur:



“Təbii ki, bu da orta səviyyədə əmək haqqı alan vətəndaşlar üçün əlçatan deyil. Bunun üçün uzun illər lazımdır ki, o vəsaiti toplaya bilsinlər. Lakin burada digər məqam da var ki, sahibkarlar özləri də qiymətlərin əlçatan olmasını istəyir. Çünki qiymətlər aşağı olduqda, onların da satış imkanları çoxalır. Lakin xərclər baha başa gəldiyinə görə, bunlar qiymətlərə birbaşa təsir edir. Təbii ki, qiymətləri azaltmaq üçün müəyyən vergi güzəştləri tətbiq edilməlidir, torpaq sahələri sahibkarlara ödənişşsiz olaraq verilməlidir. Əgər sahibkarlara mərkəzdə və yaxud mərkəzdən kənar torpaq sahələri güzəştli şərtlərlə verilərsə, bu, qiymətlərin ucuzlaşmasına səbəb ola bilər. Bilirsiniz ki, MİDA üçün dövlət ödənişsiz torpaq sahəsi ayırıb. Sahibkarlar da bu güzəştlərdən yararlandıqları təqdirdə güzəştli mənzilləri satışa çıxarıla bilər, amma təəssüflər olsun ki, sahibkarlar bu imkanlardan məhrumdurlar. Onlar hər hansı bir torpaq sahəsini əldə etmək üçün birinci o torpaq sahəsinin seçirlər. Əgər onun üzərində tikitisi varsa, yaxud kiminsə sahibkarlıq hüququ varsa, yəni torpaq sahəsi üzərində hər hansısa tikili varsa, onları almaq məcburiyyətindədir. Söküntü işləri, torpaq işləri, tikinti işləri, çoxmənzilli binaların təmir işləri və s. kimi bütün bu xərclər bu gün bir kvadratmetr üçün təxminən 700-750 manata başa gəlir. Təbii ki, sahibkar da bu işi həyata keçirəndən sonra ən azı 20 faiz mənfəəti üzərinə gəlməlidir ki, özü də qazanc əldə etsin”. 

“Sahibkar təbii ki, qazanmadığı təqdirdə, o digər layihələri də etməyəcək və inkişaf olmayacaq. Təbii ki, sahibkarlar da çox qazanmaq istəyir, amma qiymətləri bazar özü formalaşdırır. Baha olduqda  mənzillərin satışı gecikir və çox uzun vaxt aparır ki, bu da sahibkarlar üçün mənfəətli deyil. Çünki hər hansı sahibkar istəyir ki, onun ərsəyə gətirdiyi məhsul bazarda tez alınsın və onun dövriyyədə vəsaiti olsun. Bir çox hallarda qiymətlərin baha olması sırf sahibkarlardan asılı olan məsələ deyil. Təbii ki, vətəndaşlara güzəştlərin tətbiq olunması üçün sahibkarlara da müəyyən məsələlərdə güzəştlər olmalıdır ki, bu məsələlər reallaşsın”- deyə R.Qasımzadə qeyd edib.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top