"Avropanın demokratik dəyərlərinin ən yaxşılarını qanunlarımıza salmalıyıq"

GÜNDƏM 07 apr 2022, 00:06
"Azərbaycan demokratik institutlardan kənarda yaşaya, fəaliyyət göstərə bilməz"

"Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Avropa Şurası ilə əməkdaşlıq inkişaf etdirilməlidir"

Avropa Şurasının (AŞ) Azərbaycan üzrə yeni Fəaliyyət Planı təqdim olunub. AŞ-nin baş katibi Mariya Peyçinoviç Buriç deyib ki, plan Azərbaycanla birlikdə hazırlanıb və monitorinq qruplarının hesabatlarına əsaslanıb. Planın əsas məqsədi Azərbaycan xalqının demokratik cəmiyyətdə yaşaması və demokratik təsisatların inkişafını sürətləndirməkdir: 

“Bu, təqdim olunan üçüncü fəaliyyət planıdır. Məqsədimiz həqiqi nəticələrin əldə olunmasıdır. Əvvəlki planların reallaşdırılması istiqamətində xeyli addımlar atılıb”. Qeyd olunub ki, planların icrası ilə bağlı 1000 azərbaycanlı hüquqşünas Avropa hüquqlarının mənimsənilməsi və öyrənilməsində təcrübəsini artırıb, təlimlərdə iştirak edib. Bundan başqa, Azərbaycan Lanzarota Konvensiyasını ratifikasiya edib. Vətəndaş cəmiyyətinin rolu artırılıb, qanunun aliliyi sahəsində böyük irəliləyiş əldə olunub. Ədliyyə Akademiyasında hakim və məhkəmə işçiləri üçün təlimlər təşkil olunub.

 500 jurnalist və vətəndaş cəmiyyətinin nümayəndəsi gender bərabərliyi sahəsində təlimlərdə iştirak edib. Bir sözlə, müsbət nailiyyətlər var. Lakin müəyyən sahələrdə hələ də problemlər qalmaqdadır. Fəaliyyət planı yeni sahələri də əhatə edəcək. Bura, süni zəka, ekologiya və iqlim dəyişikliyi, insan alveri, narkotik vasitələrdən sui-istifadə və onların satışı ilə mübarizə sahələri daxildir. 

Təqdimatda çıxış edən Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Həbib Mikayıllı yeni Fəaliyyət Planının Avropa Şurası-Azərbaycan arasında əməkdaşlığa təkan verəcəyini bildirib. O deyib ki, baş katibin Azərbaycana səfəri AŞ-nin Azərbaycanla əlaqələrinə önəm verdiyini göstərir. H.Mikayıllının sözlərinə görə, insan haqları ilə bağlı problemlər hər ölkədə var və bu sahədə Azərbaycan addımlar atır. 

Ədliyyə naziri Fikrət Məmmədov bəyan edib ki, yeni Fəaliyyət Planı 22 prioriteti əhatə edir. Azərbaycanın AŞ-lə əməkdaşlığı çərçivəsində reallaşan islahatlara toxunan Fikrət Məmmədov deyib ki, məhkəmə sahəsində mühüm işlər görülüb. Hakim korpusu 75 faiz yenilənib, gənc kadrlar cəlb olunub, gender bərabərliyi istiqamətində irəliləyiş olub: “Bakıda və müxtəlif regionlarda 35 məhkəmə üçün yeni binalar istifadəyə verilib, bu binalar elektron avadanlıqlarla təchiz olunub”.

Yeni Fəaliyyət Planı ilə bağlı “Şərq”ə danışan sabiq millət vəkili, hüquqşünas Çingiz Qənizadə deyib ki, Azərbaycan Avropa Şurasına daxil olarkən maksimum və minimum proqramların reallaşması nəzərdə tutulmuşdu. Ekspertin sözlərinə görə, hesablamalar göstərirdi ki, Azərbaycan tezliklə Avropa məkanına daxil olmalı, Qərb institutlarının tərkibinə çevrilməlidir:

 “Təbii ki, ilkin dövrdə Avropa Şurasının müəyyən tələbləri var idi. Ona görə də ölkədə bir sıra qanunların Avropa standartlarına uyğunlaşdırılması üçün işlər görülməliydi. Ötən müddət ərzində mühüm işlər həyata keçirildi və ciddi nəticələr əldə olundu. 20 ildən artıqdır Avropa məhkəməsinin subyektlərindən biriyik. Avropa Şurasında təkcə hüquqşünaslar deyil, çoxsaylı QHT nümayəndələri, ayrı-ayrı dövlət strukturlarının əməkdaşları da müəyyən təcrübələr keçirlər. 

Hesab edirəm ki, əməkdaşlıq davam etdirilməlidir. AŞ ilə Azərbaycan arasında yeni fəaliyyət planının imzalanması müsbət addımdır.

 İndiyədək Avropanın demokratik dəyərlərinin ən yaxşılarını qanunlarımıza şamil etmişik və buna davam etməliyik. Aydın məsələdir ki, demokratik institutlardan kənarda yaşaya, fəaliyyət göstərə bilmərik.

  Düzdür, müəyyən dövrlərdə aramızda narazılıq olub. Bəzən AŞ-nin ziddiyyətli mövqeyi ilə də qarşılaşmışıq. Amma Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Avropa Şurası ilə əməkdaşlıq inkişaf etdirilməlidir”.(.sherg.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top