“Azərbaycana qarşı olanlar ya qovulacaq, ya da məhv ediləcəklər”

MÜSAHİBƏ 05 apr 2022, 10:01
44 günlük müharibədən sonra Ermənistanın sülh əldə etmək, regionda kommunikasiyaların açılmasına qoşulmaqla yeni layihələrdən yararlanmaq, Bakı və Ankara ilə əlaqələrini qaydaya salmaq əvəzinə müxtəlif siyasi oyunlara getməsi, vaxt uzatması göz önündədir.

“AzPolitika.info” Ermənistanın hazırkı siyasətini, Qarabağdakı gərginliyin görünməyən tərəflərini, Rusiyanın davranışlarını və regionda yaxın gələcəkdə baş verə biləcək prosesləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müzakirə edib:

- Tofiq müəllim, Ermənistan Azərbaycan Ordusunun Qarabağdakı dislokasiya tədbirlərini beynəlxalq aləmə fərqli formada təqdim edir. Sizcə, Ermənistanın yaratdığı və Rusiya tərəfindən körüklənən bu gərginlik nə qədər davam edəcək və hansı nəticələr yaradacaq?

- Mən bunu gərginlik saymıram. İndi bəzi həll edilməyən məsələlər həll olunmaqdadır. Söhbət nədən gedir? Bizim ümumi məqsədimiz ondan ibarətdir ki, ərazi bütövlüyümüzü təmin etməklə suverenliyimizi bərpa edək. Beləcə, bütün ölkə ərazisi üzrə Azərbaycan qanunları işləsin. Bu baxımdan azad edilən torpaqlarda Azərbaycan güclənir, bu ərazilər nəzarət altındadır və proseslər uğurla davam etdirilir. Burada ikinci məsələ də var. Müvəqqəti olaraq sülhməramlıların nəzarəti altında olan ərazilərdə dövlətin nüfuzu bərpa olunur. Bunlar addım-addım görülən işlərdir.

Anormal haldır ki, sülhməramlılar olan yerdə Ermənistan hərbçiləri də var. Eyni zamanda qanunsuz dəstələr orada müxtəlif adlar altında öz fəaliyyətini davam etdirir. Aydındır ki, Azərbaycan da müəyyən proseslər aparır, mərhələ-mərhələ ərazilərə nəzarətini bərpa edir.

- Amma Rusiyanın təzyiqləri də özünü göstərir...

- Rusiya tərəfindən olan pressinqlərə gəldikdə, bu, son 30 ildə olan vəziyyətdir. Ümumiyyətlə, Rusiya və Qərb bu cür münaqişələrlə regionları idarə edirlər. Bu, bizim münaqişəyə də aiddir. 2020-ci ildə olan müharibənin nəticəsində yeni vəziyyət yaranıb. Azərbaycan öz ərazilərinin böyük hissəsini azad edib. Qalan ərazilərdə mövcud olan rusiyalı hərbçilər münaqişənin mövcud olması üçün əsaslar yaratmaqda maraqlıdırlar. Əlbəttə, bu halda Azərbaycanın suveren hüquqları bərpa olunmur, münaqişə üçün əsaslar qalır.

Həm Rusiya, həm də Qərb burada fəal iştirak edir. Niyə Qərbi də bura daxil edirəm? Biz görürük ki, onlar da hansısa statusdan, dialoqdan bəhs edirlər. Birmənalı olaraq regiondan kənarda olan qüvvələr istəyirlər ki, münaqişədən gələcəkdə də yararlansınlar. Azərbaycan isə buna qarşı çıxır və istəyir ki, ərazisində münaqişə üçün əsas qalmasın.

İndi maraqlı budur ki, həm Rusiya, həm də Qərb çalışır ki, bəhs etdiyimiz ərazidə erməni əhalisi qalsın və Azərbaycan qanunlarına tabe olmasın. Amma orada yaşayan ermənilər anlayırlar ki, onları bir alət kimi gələcək siyasi oyunlarda istifadə edəcəklər. Əslində, son müahribədə onların çoxu övladlarını itirdilər. İndi də ermənilər fikirləşirlər ki, ərazidə qarşıdurma ehtimalı və münaqişə qalsa, gələcəkdə də günün birində onların övladları vuruşmalı olacaq. Bunu nəzərə alaraq bir çox erməni oranı tərk edir.

Üstəlik, 2020-ci ildən sonra təhlükəsizlik problemi yarandığından insanlar oranı tərk edərək özləri üçün yeni həyat şəraiti axtarırlar. Bu proses Rusiya və Qərb üçün real təhlükədir. Ermənilər qalmasa və getməkdə davam etsə, orada münaqişə nəyin üzərində qurulacaq? İndi bu proses gedir. Mən hesab edirəm ki, son hadisələrdən sonra da oradan ermənilərin köçü davam edəcək. Bu baxımdan Azərbaycan Rusiyaya, Ermənistana və Qərbə öz mövqeyini göstərir. Deyir ki, əgər orada cinayətə bulaşmayan insanlar qalıb yaşamaq istəyirlərsə, Azərbaycan dövlətini və onun qanunlarını qəbul etməlidirlər. Biz də onlara imkan verəcəyik ki, vətəndaşlıq alsınlar. Bundan yuxarı status olmayacaq. Kim istəyir ki, orada qalsın və yaşasın, məhz Azərbaycanın təklif etdiyi yolu seçməlidir. Digər yolları seçənlər Azərbaycan dövlətçiliyinə qarşı olacaqlar və bu halda ya qovulacaq, ya da məhv ediləcəklər. Bu, birmənalı siyasətdir.

Siz dediyiniz təzyiqlər o dairələrin təzyiqləridir ki, onlar son 30 ildə münaqişədən istifadə ediblər. Həm Azərbaycanı, həm də Ermənistanı öz oyunlarında istifadə etməyə çalışıblar. İndi də bunun qalmasında maraqlıdırlar. Təbii ki, buna yol vermək olmaz.

Onu da qeyd edim ki, belə vəziyyət müstəsna olaraq bizə aid deyil, istər postsovet məkanında, istərsə də başqa regionlarda var. Məsələn, Pakistan-Hindistan və ya Çin-Tayvan münaqişəsi olsun. Üçüncü tərəflər bundan istifadə edirlər. Yəni bu, real siyasətin qanunlarıdır və təkcə bizə qarşı tətbiq edilmir. Amma biz öz dövlətçiliyimizi gücləndirmək üçün bu məsələləri birmənalı şəkildə həll etməliyik və bunun üçün də potensialımız var.

- Məsələnin birdəfəlik həlli Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasından keçir. Ermənistan baş naziri dəfələrlə elan edib ki, sülh danışıqlarına hazırdır, ötən gün Ermənistan xarici işlər naziri də bunu təkrarlayıb. Reallıqda isə fərqli davranış ortaya qoyulur və bunun göstəricisi Zəngəzur dəhlizi məsələsidir...

- İndiki Ermənistanda əhalinin əksəriyyəti münaqişə dövründə formalaşıb. Bu münaqişə erməni mentalitetinin əsaslarından biridir. İlk olaraq bu mentalitet dəyişməlidir. 1988-ci il və ondan qabaq ermənilər üçün kənardan cəfəng ideya formalaşdırılıb - Azərbaycan ərazisinin bir hissəsini işğal edib etnik təmizləmə apararaq Ermənistana birləşdirmək. Onların belə yanlış və beynəlxalq qanunlara zidd olan ideologiyasından cəmiyyət hələ də azad ola bilmir. Ermənilər əslində, məhz bu ideyanın qurbanlarıdır. Erməni siyasətçiləri də anlayırlar ki, erməni dövlətinin gələcəyi o halda olacaq ki, bu işğalçılıq siyasətindən əl çəkəcəklər. Çünki Ermənistanın ərazi iddiaları ancaq bizə qarşı deyil. Məsələn, açıq formada Türkiyəyə, qapalı formada isə Gürcüstana qarşı da belə iddialar var. Bu baxımdan ermənilər gələcək perspektivləri üçün bu ideologiyanı dəyişməlidirlər. Amma təəssüflər olsun ki, bunu dəyişmək elə də asan məsələ deyil.

İkincisi, erməni siyasətçilər bunu anlamaqla paralel olaraq öz siyasi ömürlərini uzatmaq naminə işğalçılıq elementlərini davam etdirməyə cəhd gösərirlər. Məsələn, Paşinyanın bir neçə sülh görüntüsü yaradan bəyanatları var, amma qısa müddət sonra həm də buna zidd olan bəyanatlar verir. Yəni siyasi mühitə uyğun bəyanatlar verir və siyasi gələcəyini fikirləşir. Əslində, anlayır ki, bu siyasət Ermənistanın ziyanınadır, amma məcburdur ki, bunu təkrar etsin. Problem bundadır.

Mən hesab edirəm ki, bu halda Azərbaycan öz siyasətində iki elementdən istifadə etməlidir. Azərbaycan daim nümayiş etdirməlidir ki, sülh həm Ermənistan, həm də Azərbaycan üçün cəlbedicidir, buna aid addımlar atmalıdır. Digər tərəfdən, təzyiqlər göstərməli, məcbur etməlidir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanısın. Bu iki element daim bizim mövqeyimizdə mövcud olmalıdır.

- Yaxın dövrdə sülh sazişinin imzalanması, yaxud heç olmasa, bu istiqamətdə danışıqlara başlanması perspektivini görürsünüzmü?

- Hadisələr göstərir ki, Azərbaycan sülh danışıqlarına və sazişinə hazırdır. Ermənistan isə buna nə hazırdır, nə də hazır olmaq istəyindədir. Onlar apardıqları siyasətin uğursuz olduğunu başa düşsələr də, cürət edərək bunu açıq deyə bilmirlər, çalışırlar ki, görüntü yaradaraq vaxtı uzatsınlar. Düşünürlər ki, dünyada şərait dəyişdikdən sonra mümükdür ki, həmin əraziləri yenidən işğal edə bilərlər. Məncə, onların ümumi mövqeyi belədir.

- Ermənistan ağır məğlubiyyətdən sonra belə mövqedə qalırsa, deməli, hansısa qüvvəyə, konkret desək, Rusiyaya arxalanır...

- İndi gülməli görünür ki, Rusiya özü belə vəziyyətdə olduğu halda gəlib bizimlə və dolayısıyla Türkiyə ilə vuruşsun. 2020-ci ildə ruslar bunu etməyib, indi də etməsi real görünmür. Rusiyanın yerinə Qərb ölkələrinin, məsələn, Fransanın gəlib onları meydanda müdafiə etməsi də real görünmür. İndi bu regiona gəlib hamı ilə qarşıdurma halında olmaq nə Fransaya, nə də başqa ölkəyə lazımdır. Hamı anlayır ki, burada coğrafi geopolitik reallıqlar var. Bu reallıq da ondan ibarətdir ki, bir tərəfdən 10 milyonluq Azərbaycan iqtisadi və hərbi baxımdan güclüdür və onun Türkiyə kimi hərbi müttəfiqi var. 80 milyonluq Türkiyə isə NATO-nun ikinci güclü ordusudur. Eyni zamanda, Türkiyənin xüsusi siyasəti nəticəsində Rusiya və İranla müstəsna əlaqələr yaranıb. Bu baxımdan Ermənistanın güman etdiyi ölkələrin bu regionda geopolitik şansı sıfıra bərabərdir.

Ermənistanda maksimum iki milyon insan qalıb, ya qalmayıb. Bu şəraitdə fikirləşmək olarmı ki, onlar yaxın dövrdə vəziyyəti dəyişə bilərlər? Şübhəsiz ki, yox! Yuxarıda qeyd etdiyim kimi, ermənilər Qarabağdan qaçırlar və göstərirlər ki, münaqişə ilə bağlı oyunlarda üçüncü tərəflərin xeyrinə iştirak etmək niyyətində deyillər.

- Sülhməramlıların nəzarət etdiyi ərazilərdə antiterror əməliyyatı keçirmək üçün şərait yarandığı haqda fikirlər çoxalır. Sizin buna münasibətiniz necədir?

- Mən əminəm ki, burada Rusiyanın mövqeyi addım-addım zəifləyir. Sizin saytınızda bu barədə fikir və proqnozlarım iki il əvvəl işıq üzü görüb. Fikrimcə, bu proses indi daha da güclənib. Aydındır ki, Rusiyanın imkanları tam şəkildə Ukraynaya səfərbər olunub. O, ayrı məsələdir ki, Ukraynada da hər hansı bir müsbət nəticənin əldə ediləcəyinə ümid yoxdur. 

Ona görə də Cənubi Qafqaz və digər imic layihələri Rusiya üçün aktuallığını itirir. Qənaətimcə, Suriyada, Ermənistanda və digər yerlərdə Rusiyanın nüfuzu azalacaq. Qərbin bura gəlməsi və Rusiyanı əvəzləməsi sual altındadır. Real olaraq burada Türkiyənin nüfuzu artır. Həm Azərbaycanda, həm də Gürcüstanda. Hamı başa düşür ki, bu region Türkiyənin təsiri altında olacaq. İranın da burada Türkiyə ilə rəqabət aparması mümkün deyil, çünki Tehranın belə potensialı yoxdur. Vəziyyət gələcəkdə bu şəkildə inkişaf edəcək. Əslində, bunun elementləri də var. Məsələn, görürük ki, Ermənistan bunu anlayaraq Türkiyə ilə əlaqələri bərpa etməyə çalışır. Bəli, onlar təxribatlarını davam etdirir, amma eyni zamanda reallığı anlayaraq çalışırlar ki, Türkiyə və Azərbaycanla öz təhlükəsizliklərini təmin etmək məqsədilə əlaqələri normalaşdırsınlar.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top