Şöbədə arvadını öldürən polisə 20 il həbs tələb olunur

HADİSƏ 29 mar 2022, 18:07

Polis şöbəsində arvadını öldürən serjant İsmayıl Məmmədovun məhkəməsi yekunlaşmaq üzrədir.

"Qafqazinfo" xəbər verir ki, Bakı ağır Cinayətlər Məhkləməsində keçirilən iclasda dövlət ittihamçısı sabiq polisin 20 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. O, İ.Məmmədovun 3 il ağır tipli, 17 il isə ümumi rejimli cəzaçəkmə müəssisəsində saxlanılmasını təklif edib.

Hakimlərin qərarı növbəti prosesdə elan edəcəyi gözlənilir.

Qeyd edək ki, İsmayıl Məmmədov ötən ilin sentyabrında Nizami RPİ-nin 24-cü Polis Şöbəsində arvadı Xanım Məmmədovanı qətlə yetirib.  O, özü də Nizami RPİ-nin əməkdaşı olub. Xanım Məmmədova əri tərəfindən döyülməsi ilə əlaqədar polisə şikayət etmək üçün şöbəyə gəlib. Araşdırma gedişində İ.Məmmədov azyaşlı övladlarının gözü qarşısında xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb.

İsmayıl Məmmədova Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top