“Hesab edirəm ki, mart ayına qədər bu müharibə baş verə bilər”— Politoloq

SOSİAL 22 yan 2022, 18:53
“Bildiyimiz kimi, Rusiya-ABŞ danışıqların birinci mərhələsi uğursuz nəticələndi. Rusiya həm NATO, həm Avropa Birliyi, eyni zamanda ABŞ-ın dövlət katibi Entoni Blinkenlə danışıqlarda hər hansı bir razılıq əldə edə bilmədi. Daha doğrusu, Rusiyanın iddiaları təmin olunmadı və yenidən belə qərara gəldilər ki, Rusiya ancaq yazılı zəmanət alsa danışıqlara gedər”.

Bu fikirləri Demokrat.az-a Rusiya-Ukrayna münasibətlərindən danışarkən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev deyib.

Politoloq qeyd edib ki, ABŞ çox fərqli bir taktika seçib:

“ABŞ-ın rəsmiləri daim bəyan edirlər ki, Rusiya Ukraynaya girəcək. Bunlar bir növ belə bir yanaşma ilə həm Rusiyanı qıcıqlandırırlar, həm də onu məcbur edirlər ki, müharibəyə başlamasın. Amma bilirsiniz ki, Putinin ambisiyaları sonsuzdur. O, öz siyasətindən əl çəkmək istəmir, onun imperializm ambisiyaları çox yüksəkdir. Qeyd edim ki, Rusiyanın daxilində həddən artıq ciddi gərginlik var və əhalinin həyat səviyyəsi çox aşağıdır. Rusiyanın mövcud resursları ilə Rusiya əhalisinin dolanışığı arasında çox böyük bir fərq var. Putin Rusiyada Qazaxıstan variantının baş verməsindən həddən artıq ehtiyat edir. Ona görə də çalışır ki, xalqın diqqətini başqa istiqamətə yönəltsin. Yəni, bunu zaman-zaman Gürcüstana, Qazaxıstana qarşı edib, indi də Ukraynaya qarşı belə bir addımın atılması gözlənilir. Hesab edirəm ki, 60 faiz müharibə olma ehtimalı var. Bilirsiniz ki, artıq Rusiya bu günlərdə Ukraynanın Donetsk, Luqansk vilayətlərinin sərhəd bölgəsi olan Voronejdə hərbi təlimlər keçirlər. Bu hərbi təlimlərdə daha çox qış şəraitində ordunun davranma məsələsi gündəmə gəlir. Bir növ Rusiya yüz minə yaxın orduyla Ukraynanın hər tərəfdən əhatə eləməyə çalışır”.

Müsahibimizin sözlərinə görə, Rusiyanın əsas məqsədi Ukraynanın Qara dənizə çıxışını bağlamaqdır:

“Rusiya çalışır ki, Ukraynanın NATO ilə əlaqələri kəsilsin, yəni Ukrayna ilə bağlı Rusiyanın böyük planları var. Amma, bu müharibə başlasa, ABŞ Rusiyaya ancaq iqtisadi sanksiyalar tətbiq edəcək. Çünki son danışıqlardan sonra Ukrayna ABŞ-ın onları satdığı qənaətinə gəliblər. Bəyan elədilər ki, ABŞ yenə də Rusiyadan qorxdu, çəkildi”.

Politoloq qeyd edib ki, ABŞ heç vaxt Rusiya ilə açıq müharibəyə girməyəcək:

“Çünki ABŞ-a bu lazım deyil. ABŞ zaman-zaman son yüz ildə ancaq tərəfləri üz-üzə qoyub, onlardan gəlir götürməklə, yararlanıb. İndi də həmin taktikanın həyata keçirmək istəyir. Amma artıq ABŞ-ın bu siyasi gedişləri bəlli olduğuna görə, inanmıram ki, kimsə ABŞ-dan hansısa bir dəstəyi gözləsin, o cümlədən Ukrayna. Hesab edirəm ki, yaxın bir-iki ay ərzində, yəni fevralın ortaları, mart ayına qədər bu müharibə baş verə bilər. Yəni, ən azı Rusiya qanunvericiliyinə görə, öz Rusiya vətəndaşlarını qorumaq adıyla Donetskə, Luqanskiyə təxribat törədib, girə bilərlər. Rusiyanın hazırda əsas məqsədi Mariupolu işğal etməkdir. Çünki, bununla Krımla Rusiyanın əlaqəsini birbaşa etmək və Ukraynanın Azov dənizinə çıxışını qapatmaq istəyirlər. Azov dənizinin bütünlüklə Rusiyanın daxili dənizi kimi sərəncamına istəyirlər. Ona görə də, əvvəl-axır bu siyasət Rusiyanın maraqlarına uyğun olduğuna görə, baş tutmalıdır. Yəni, müharibə olmalıdır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top