“20 Yanvar da, Sumqayıt hadisələri də mənim evimin qarşısında olub”

İNCƏSƏNƏT 19 yan 2022, 10:27
“20 yanvar hər bir azərbaycanlının hafizəsində və qəlbində sağalmaz bir yara qoyub. Müasir dövrdə atalarımızdan, babalarımızdan Böyük Vətən Müharibəsi haqda eşitdiklərimiz olub, amma 20 yanvar faciəsi bizim gözümüzün qarşısında canlandı. Tərslikdən həm Sumqayıt, həm də 20 yanvar hadisələri mənim evimin qabağında olub.

Onların qəddarcasına hər tərəfə- binaların başına, balkonlara, insanlara, avtobuslara səpələdikləri güllələr heç vaxt mənim hafizəmdən çıxmayacaq. O hadisələr vaxtı biz hamımız küçələrə toplaşmışdıq. O zaman hələ Xamis kinostudiyanın operatoru idi, qışqırırdı ki, çox xahiş edirəm mənə kamera verin. Nazim İmanovun qardaşı Rasim İmanov artıq kamera tapmışdı, hadisələri lentə alırdılar. Yaralılar bağın içində, ağacların dibində qan içində yıxılıb qalmışdılar. Bu vəhşiliyi heç vaxt yaddan çıxarmaq mümkün deyil. Hər bir vicdanı olan, vətənini, torpağını sevən vətəndaş bu günü və bu hadisəni kimlərin etdiyini unutmamalıdır”
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Afaq Bəşirqızı bildirib. O daha sonra insanları birliyə səsləyib.
 

 
“Bilirsiniz, qeyrət, vətəndaşlıq tamam başqa bir şeydir. Ona görə mən hər zaman deyirəm ki, bu gün xırda umuküsülülükləri bir tərəfə qoyub, Azərbaycan dövlətçiliyi üçün çalışmaq lazımdır. Biz özümüz üçün çalışmalıyıq. Azərbaycan vətəndaşı bu gün öz gələcəyini görməlidir. Azərbaycan dövləti, vətən olmasa, vətənsiz vətəndaş ölümə məhkumdur. Böyük şairimiz Məhəmmədhüseyn Şəhriyarın bir sözü var, deyir ki, “Ya öl, ya da azad ol Azərbaycan”. Azərbaycan səltənətinin, Azərbaycan varlığının, Azərbaycan dövlətinin, eyni zamanda da çox böyük bir paxıllıq daşı var ki, bu daş çox düşmənlərin başına düşüb. Onlar Azərbaycanı rahat yaşamağa, tanrının verdiyi sərvəti özününkülərə, torpağına istifadə etməyə imkan vermirlər. Onlarla bacarmaq üçün bizə illər yox, bəlkə də əsrlər lazımdır. Ona görə də biz indi necə birik, hər zaman da elə bir olmalıyıq. Mən bir suala bir dəfə cavab vermişdim, demişdim ki, siyasətdən zəhləm gedir. Düzdü bu barədə mənə bir az irad tutmuşdular. Biri yazdı ki, Afaq xanım mənim qızım siyasətçidir, digəri filan rəy, bəhmən rəy yazdı. Mən o zaman bunu açıqlaya bilmədim, indi də tam açıqlaya bilməyəcəyəm. İnsan nəyinsə xatirinə öz simasını, əqidəsini gizlədəndə, müqəddəs bir iş üçün “ağa” deyil “aha” deyəndə onu başa düşmək lazımdır. Başa düşmək lazımdır ki, o “aha” sözünü özü üçün demir. Mənim üçün, sənin üçün, onun üçün deyir. Bu siyasətdir, çünki onun bir “ağa” deməyi ilə mən də, sən də, o birlər də məhv ola bilərlər. Bunun elə bu günlərdə sübutu oldu, hamımız da gördük. Ona görə də çox xahiş edirəm, 20 yanvar, Xocalı faciəsini heç vaxt yaddaşdan silməyin. Düşmənə qarşı bu dəqiqə biz siyasət, qüvvələrimiz isə yumruq yürütməlidir. Azərbaycan dövlətçiliyi daha da bərkiməlidir, biz heç kəsə kölə olmamaq şərtilə yaşamalıyıq. Bunun üçün isə bizə bir az vaxt lazımdır. Özümüzü düşünməyək, balalarımızı düşünək. Vallah gedənlər, köçənlər çoxdur, Allah yollarını açıq etsin, amma mən gedə bilmərəm. Mənim övladlarım gedə bilməz. Ona görə mən də, mənim nəslim də burada qal oğlu qaldır! Mənim atam bu torpağın qucağındadır, ona görə də mən Azərbaycanın dövlətçiliyi, Azərbaycan xalqını, rifahını qurmaq üçün əlimdən gələni etməliyəm. Eləcə də hər bir vicdanı olan vətəndaş! Allah xalq şairi Məmməd Araza rəhmət etsin. Deyirdi ki, “Vətən mənə oğul desə, nə dərdim? Mamır olub qayasında bitərdim”. Vətənin sənə övlad deməsi üçün hələ çox vaxt lazımdır. Mamır bilirsiniz ki, min illər sonra yaranır. Hətta axar çayın altında olsa belə bir əsr sonra daşlar mamırlaşır. Hər şeyi səbrlə, siyasətlə etməliyik. Bir-birimizin əlini buraxmamalıyıq. Azərbaycan və Azərbaycan dövlətçiliyinə görə, sizi and verirəm Allaha! Azərbaycan qardaşlarım və bacılarım, bizim artıq əzilməyə halımız, gücümüz, qüvvətimiz yoxdur. Biz artıq əzilməməliyik. Çünki bəlkə də əhalinin yarısı bu dərdi götürməz. Allah 1-ci Qarabağ müharibəsində yalın əllə döyüşən şəhidlərimizə, yalın əllə tankın, avtomatın qabağına gedən, başı erməni gədələrinin qəbrinin üstündə kəsilən şəhidlərimizə, minaya düşüb param-parça olan şəhidlərimizə, qəbri düşmən tapdağı altında qalan şəhidlərimizə rəhmət etsin. Çox şükürlər olsun ki, o şəhidlərin məzarları tapıldı, əsas da Allahverdi Bağırovun qəbri tapıldı. Canpoladdan çox nigaranam, Əlif Hacıyevin  məzarına tez-tez gedirəm. Ayağım yer tutana qədər də gedəcəyəm. 2-ci Qarabağ müharibəsində vuruşan şəhidlərimizə də rəhmət diləyirəm, ruhları qarşısında baş əyirəm. Çünki onların ruhu olmasaydı şəhid olmazdılar. Amma yalvarıram bundan sonra Allah vətənimizə şəhid qismət etməsin. Qazi qismət etsin, amma şəhid qismət etməsin. 1-ci Qarabağ müharibəsində qazi olub, mənə bacı deyənlərə, 2-ci Qarabağ müharibəsində mənə bacı, ana deyən qazilərimizə öz təşəkkürümü bildirirəm. Hər zaman onlara deyirəm ki, siz heç vaxt unudulmayacaqsınız. Biz hamımız sizə borcluyuq. İndiki ömrümüzü, gələcək nəsilimizin ömürlərini, xoş günlərimizi, işıqlı həyatımızı sizə borcluyuq. Yenə də deyirəm, hər zaman da deyəcəm, Allah sizə rəhmət etsin, şəhidlər!” deyə xalq artisti Afaq Bəşirqızı bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top