Bakıda iranlı biznesmen şərikinin pulunu ələ keçirdi, özünü öldürməklə hədələdi — Şok təfərrüat

KRİMİNAL 17 yan 2022, 10:57
İran İslam Respublikasının Təbriz şəhərində anadan olmuş 1963-cü il təvəllüdlü Mehdi Bakı şəhər sakini Vəfaya qarşı dələduzluq edib.
 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Mehdi etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Vəfaya İran İslam Respublikasından “Soda Aş” kimyəvi xammalını gətirib, sataraq birgə qazanc əldə edəcəklərinə dair yalan vəd verib. O, 6 fevral 2020-ci ildə Nərimanov rayonunda yerləşən ofisdə Vəfadan 20.000 dolları alıb.

İstintaq orqanı tərəfindən Mehdinin barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mehdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Vəfanı təxminən 7 ildir tanıyır: “Vəfa Müşfiq adlı şəxslə şərik işləyib. 2019-cu ilin avqustundan 2020-ci ilin fevralna qədər İran İslam Respublikasından şərikli kimyəvi maddə olan “Soda Aş” gətirməyə başlamışıq. Aramızda həmin vaxtlarda heç bir narazılıq olmayıb”. 

Mehdi qeyd edib ki, 2020-ci ilin fevralın 6-da Vəfadan İrandan yenə kimyəvi maddə gətirmək məqsədi ilə 20.000 dollar borc alıb: “Həmin gün Vəfaya söz verdim ki, fevralın 15-dək borcu qaytaracam. Lakin qeyd etdiyim tarixdə satdığı malın pulunu ala bilmədiyimə görə, Vəfanın pulunu qaytara bilmədim. Fevralın 25-də Vəfaya  borclu olduğum 20.000 dollar qaytaracağıma söz verdim. Vəfadan aldığım 20.000 dolları qaytarmamağımın səbəbi Covid-19 pandemiyası ilə əlaqədar dövlətlərarası sərhədlərin bağlanması olub. Aldığım mal qatarla Xırdalan qəsəbəsinə gətirilib və oradan da Məhəmədli qəsəbəsinə yola salınıb. Orada mal Azərbaycan Sənaye Koorporasiyasının anbarına təhvil verilib. Həmin malın dəyəri mənə təşkilat tərəfindən iki ay müddətində hissə-hissə verildi və cəmi 35.000 manat təşkil etdi”.

Təqsirləndirilən şəxs bildirib ki, həmin təşkilatla aralarında olan razılaşmaya əsasən həmin məbləğ tam həcmdə ona ödənməli olduğu halda, hissə-hissə az məbləğlərdə ödəndiyi üçün Vəfadan aldığı pulu tam qaytara bilməyib: “Yalnız 5.000 manat pul qaytarmışam. Hazırda Zərərçəkmiş şəxs cəmi 29.000 manat borcum qalıb. Bu müddət ərzində maddi çətinliklərim olduğundan, işlərimi qaydaya sala bilmədiyimdən Vəfaya verdiyim vədə əməl edə bilməmişəm. Qeyd edilən vəsaiti alarkən niyyətim dələduzluq etmək olmayıb.  İrandan kimyəvi məhsullar gətirərək, satıb, pul qazanmaq istəmişəm. Lakin, özümdən asılı olmayan səbəblərdən gözlədiyim mənfəəti əldə edə bilməmişəm. Vəfadan aldığım borcu qaytara bilməmişəm”. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Vəfanın sözlərinə görə, Mehdi adlı şəxsi bir neçə ildir  tanıyır: “Bir neçə dəfə onun vasitəsi ilə İran İslam Respublikasından kimyəvi məhsullar gətirərək satmaqla məşğul olmuşam 6 fevral 2020-ci ildə “Life Center” ticarət mərkəzinin 2-ci mərtəbəsində Mehdinin icarəyə götürdüyü ofisində ona 20.000 dolları tam şəkildə İran İslam Respublikasından “Soda Aş” kimyəvi məhsulunu gətirmək məqsədi ilə verdim. Həmin tarixdə ofisdə Mehdinin oğlu Arşiya iltizam yazaraq kimyəvi maddə gətirilmədiyi halda fevralın 15-də verdiyim məbləği qaytarmağı vəd etdi. İltizama mənim tanışım Müşfiq və Mehdi imza etdilər. Mehdi gətirəcəyi kimyəvi maddəni mənə təqdim etmədiyinə görə iltizamda göstərildiyi tarixdə, yəni fevralın 15-də, saat 17 radələrində azyaşlı oğlum və tanışım Müşfiqlə Mehdinin işlədiyi ofisə gəldim. Mehdidən vəd verdiyi kimyəvi maddəni, ya da ki, aldığı pulu tələb etdim. Mehdi pulu qaytarmaqdan və gətirdiyi malı verməkdən imtina etdiyinə görə aramızda mübahisə yarandı. Mehdi bir daha pulu qaytarmayacağını bildirərək əlində olan stəkanı üstümə atdı. Lakin başımı əydiyimə görə stəkan divara dəyərək sınaraq qırıntıları sağ və sol əllərimin üstüna düşdü, yaralandım”. 

Vəfanın sözlərinə görə, həmin vaxt mobil telefonla Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib, hadisə barədə məlumat verib: “Həmin vaxt ofisdə olan Mehdinin oğlu Arşiya atasının əvəzinə məndən üzr istədi, fevralın 17-də atasının borcunu qaytaracağına söz verdi. Mən də ofisdən çıxdım və evimə getdim. Fevralın 17-də Mehdi ilə telefon əlaqəsi saxladım. Mehdi bəhanə edərək pulu qaytarmayaraq növbəti günə qədər gözləməyi xahiş etdi. Fevralın 18-də onunla təkrar əlaqə saxladım, Mehdi mənə pulu qaytarmayacağını, məni yandıraraq öldürməklə hədələdi. Həmin gün Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə getdim, hadisə barədə məlumat verdim”. 

Bu cinayət işinə Nərimanov rayon Məhkəməsində baxılıb. Hakim Vüsal Qurbanovun sədrliyi ilə baş tutan iclasda hökm elan edilib. 

Hökmə əsasən, Mehdi 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilib, “həbs” qətimkan tədbiri seçilib. O, dərhal məhkəmə iclas zalında həbsə alınıb. 

Cinayət Məcəlləsinin 52-ci maddəsinə müvafiq olaraq Mehdinin azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması qərara alınıb. Onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top