"Azərbaycana, Bakıya qayıtmaq mənim üçün xüsusi əhəmiyyət daşıyır. Bu, illər ərzində Azərbaycana 13-cü səfərimdir və bu dəfə də məni Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumu bir araya gətirib".
Demokrat.az xəbər verir ki, bu sözləri "VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum"u ilə bağlı keçirilən mətbuat konfransında Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Səad söyləyib.
Onun sözlərinə görə, mədəniyyətlərarası dialoqla bağlı bu gözəl konsepsiyanın əsası Azərbaycan hökuməti ilə birlikdə qoyulub:
"BMT Sivilizasiyalar Alyansı da yarandığı gündən, əsas mandatı olan mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində bu təşəbbüsün yanında olub. Cənab Cabbarovun az əvvəl qeyd etdiyi kimi, bu il xüsusilə əlamətdardır. Çünki biz Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumunun 15 illik yubileyini qeyd edirik. Maraqlıdır ki, bu konsepsiyanın yaranmasından 15 il sonra dünyamızın daha da parçalandığını və bu gün dialoqa 15 il əvvəlkindən daha çox ehtiyac duyduğumuzu hiss edirik. BMT Sivilizasiyalar Alyansının bu il Bakıda və forum çərçivəsində həyata keçirdiyi fəaliyyətlər barədə də danışmaq istəyirəm. Bunun üçün bir neçə qeydim var".
Nihal Səad qeyd edib ki, BMT Sivilizasiyalar Alyansı Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi ilə yanaşı, 15 il əvvəl Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumu çərçivəsində bu səfərbərliyə qoşulan digər həmtəşkilatçılarla da tərəfdaşlığını gücləndirmək üçün belə möhkəm platformanın mövcud olmasından qürur duyur:
"Bu tərəfdaşlar arasında hər zaman prosesdə iştirak edən İSESKO, UNESKO və bizimlə əməkdaşlıq edən digər BMT təşkilatları da var. Onların hamısı bu ideyanın və konsepsiyanın yarandığı ilk gündən prosesdə iştirak ediblər".


