Kriminal

Bakıda sabiq polis işçisinə qarşı dələduzluq — Təfərrüat

Bakıda sabiq polis işçisinə qarşı dələduzluq — Təfərrüat

Bakının Qaradağ rayonunda 1974-cü il təvəllüdlü Novruz tanışı, sabiq polis əməkdaşı Balaqardaşa qarşı dələduzluq edib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, Novruz tanışı Balaqardaş ilə birlikdə köhnə maşın alaraq təmir edib, sonra satmaqla gəlir əldə etməyi təklif edib.

O, Balaqardaşın razılığını aldıqdan Yasamal rayonunda yerləşən cərimə meydançasında olan “VAZ 2106” markalı avtomobili göstərib, həmin avtomobili 1000 manata alaraq təmir edib, qazanc əldə etmək üçün satacaqları barədə yalandan vəd verib.

Novruz Balaqardaşı aldadaraq 18 fevral 2021-ci ildə, təxminən saat 12 radələrində Lökbatan qəsəbəsi, Bakı-Salyan yolunun 14-cü kilometrliyində yerləşən Lökbatan dairəsində onun 860 manatını alıb.

İstintaq orqanı tərəfindən Novruzun barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Novruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Sabirabad şəhərində qeydiyyatda olsa da, faktiki olaraq ailə üzvüləri ilə birlikdə Lökbatan qəsəbəsində yaşayır: “Balaqardaşı uzun illərdir ki, tanıyıram. Balaqardaş əvvəllər polis əməkdaşı olub, hazırda təqaüddədir. Özüm isə əvvəllər köhnə maşınları alaraq təmir edib, ailəmi dolandırmışam. Hazırda isə fəhləlik edərək ailəmi dolandırıram”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2021-ci ilin fevralın əvvəllərində Xırdalan şəhərində olarkən təsadüfən Balaqardaş ilə ilə rastlaşıb, bir qədər söhbət edib: “Balaqardaşa özüm haqqımda danışdım, əvvəlki kimi köhnə maşınları alaraq təmir etdikdən sonra satıb, qazanc əldə etdiyimi bildirdim. Balaqardaşdan işləyib-işləməməyi barədə soruşdum. Bildirdi ki, təqaüddədir, heç bir yerdə işləmir. Balaqardaşa mənimlə şərik olaraq köhnə maşın alıb, təmir edərək alver etməyi təklif etdim. Balaqardaş bu təklifim ilə razılaşdı. Balaqardaşa Yasamal rayonunda yerləşən cərimə meydançasında olan VAZ 2106 markalı avtomobili göstərdim, həmin avtomobili 1000 manata alaraq təmir edib, satdıqdan sonra qazanc əldə etmək mümkün olduğunu bildirdim. Həmin avtomobilin qabaq hissəsi əzilmiş vəziyyətdə olub. Balaqardaşa bildirdim ki, həmin avtomobilin sahibi Şəki rayonunda yaşayır, avtomobili almaq üçün Şəki rayonuna getmək lazımdır. Lakin həqiqətdə maddi vəziyyətim yaxşı olmadığı üçün Balaqardaşdan maşın alveri etmək adı ilə pul alıb, ələ keçirmək istəyirdim. Çünki, maşın alveri etmək üçün əlimdə pulum olmadığı üçün artıq fəhləlik edirdim. Balaqardaşa bildirdim ki, həmin avtomobili almağa pulum yoxdur, əgər pul tapa bilsəm, Şəki rayonuna gedərək həmin avtomobilin sahibi ilə danışıb, avtomobili ala bilərəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Balaqardaşı inandırıb, fevralın 18-də, təxminən saat 12 radələrində onlar Bakı-Salyan yolunun 14-cü kilometrliyində yerləşən Lökbatan dairəsində görüşüblər: “Balqardaş sözü gedən VAZ 2106 markalı avtomobili almaq üçün mənə 860 manat və şəxsiyyət vəsiqəsini verdi. Dedi ki, avtomobili onun adına sənədləşdirim. Lökbatan dairəsindən Şəki rayonuna yola düşən Mercedes Vita markalı mikroavtobusa əyləşdim, yola düşdüm. Bir qədər irəlidə isə avtomobildən düşdüm, Bakı şəhərinə geri qayıtdım. Həmin gündən 3 gün sonra Balaqardaş zəng vurdu, avtomobili alıb-almamağım barədə soruşdu. Balaqardaşa dedim ki, hazırda Şəki rayonundayam. Balaqardaş bildirdi ki, onun şəxsiyyət vəsiqəsini göndərsin, işə düzəlir. Bakı şəhərində yerləşən avtovağzaldakı dönər evinə getdim, Balaqardaşın şəxsiyyət vəsiqəsini dönərçiyə verdim. Sonra Balaqardaşa zəng etdim, dedim ki, şəxisyyət vəsiqəsini Bakı şəhərində yerləşən avtovağzaldakı dönər evinə göndərib”.

Novruz qeyd edib ki, həmin gündən sonra Balaqardaş onun telefonuna zəng vursa da, ona cavab verməyib: “Beləliklə Balaqardaşı aldatdım, 860 manatını ələ keçirdim”.

Bu cinayət işinə Qaradağ rayon Məhkəməsində hakim İslam Həsənovun sədrliyi ilə baxılıb.

Novruz 2500 manat miqdarında cərimə olunub və 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Hökmdə qeyd olunub ki, Novruza təyin edilmiş 2500 manat miqdarında cərimə cəzası müstəqil icra olunsun.

Novruzun üzərində hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az