Sumqayıt şəhərində 1995-ci il təvəllüdlü İsaq sevgilisinin bibisi Qərənfilə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 27-də, saat 16.45-də baş verib. İsaq həmin vaxt qeyri-rəsmi münasibətdə olduğu Gülayın yaşadığı mənzildə sonuncunun bibisi Qərənfili döyüb.
İstintaq orqanı tərəfindən İsaqın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsaq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Füzuli rayonu Horadiz şəhərində qeydiyyatdadır və Sumqayıt şəhərində kirayədə yaşayır: “Əvvəllər Tərtər Hərbi Məhkəməsinin 19 dekabr 2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək barəmdə 200 manat cərimə cəzası təyin edilib. Eyni zamanda barəmdə Abşeron rayon Məhkəməsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi olub və həmin cinayət işinin icraatında xitam verilib. Daimi olaraq heç bir yerdə işləmirəm, fərdi işlə məşğul oluram. Zərərçəkmiş Qərənfil mənim birlikdə qeyri-rəsmi münasibətdə olduğum Gülayın doğma bibisidir. Onunla əvvəllər demək olar ki, heç bir münasibətlərimiz olmayıb, aramızda ədavət ziddiyyətləri olmayıb. 2021-ci ilin martına qədər Gülay ilə birlikdə kirayədə qalmışıq”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, fevralın 27-də, saat 16 radələrində evdə olarkən Gülayla aralarında mübahisələri yaranıb: “Həmin vaxt Gülayın bacısı Elmira da bizdə idi. Biz mübahisə etdiyimizə görə Elmira bir böyük kimi bibisi Qərənfilə zəng etdi, evə çağırdı. Təxminən saat 16.45-də biz evdə olarkən Qərənfil bizə gəldi. Qərənfil evə gələndə mən telefonla Gülayın Türkiyə Respublikasında yaşayan böyük bacısı Səidə ilə danışdım. Həmin vaxt Qərənfil üzərimə gələrək mənə Gülaydan əl çəkməyimi, evdən çıxmağımı tələb etdi. Mən də evi özümün tutduğumu dedim, evdən də çıxmayacağımı bildirdim. Həmin vaxt əsəbi olmuşam. Qərənfil bu zaman üstümə gəldi, yenə Gülaydan əl çəkməyimi dedi. Mənim qolumdan tutaraq otaqdan dəhlizə çıxardı. Qərənfil valideynim barədə xoş olmayan söz dedi. Bu söz mənə pis təsir etdi və ondan valideynlərimin adını çəkməməsini tələb etdim. Bu vaxt Qərənfil məni itələdi, divara dəydim. Məni onu şillə ilə vurdum. Həmin vaxt orada Gülay və onun rəfiqəsi də var idi. Onlar bizi aralaşdırdılar”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Qərənfil Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib: “Bir müddət sonra polis əməkdaşları evə gəldilər və hamımızı Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə apardılar. Polis bölməsində mən də Qərənfilin məni şillə ilə vurmasına görə ondan şikayət etdinm. Polis əməkdaşları məni məhkəmə tibbi ekspertizasından keçməyimi dedilər. Lakin özüm sonra Qərənfilin şikayət etməyəcəyini düşündüm, məhkəmə tibbi ekspertizasından keçmədim. Mən Qərənfili yumruqla sağ və sol gözündən vurmamışam. Mənə şər atıb”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Qərənfil bildirib ki, təqsirləndirilən İsaqla əvvəllər heç bir münasibəti, ədavət, düşmənçiliyi olmayıb: “Qardaşım qızı Gülay bacısı Elmira ilə birlikdə yaşayır. Sonradan bilmişəm ki, Gülay İsaq ilə qeyri-rəsmi münasibətdədir və birlikdə yaşayırlar. Fevralın 27-də, təxminən saat 16 radələrində yaşadığım evdə olarkən qardaşım qızı Elmira mənə zəng etdi, məni evlərinə çağırdı, İsaqın Gülayı bezdirdiyini, narahat etdiyini, onlardan əl çəkmədiyini bildirdi. Mən də evdən çıxaraq Gülaygilin yaşadığı evə gəldim. Binanın ikinci mərtəbəsi ilə dördüncü mərtəbəsinə qalxanda, onların evindən mübahisə səsləri gəldiyini eşitdim. Tələsik onların qaldığı 4-cü mərtəbəyə qalxdım. Evə girəndə gördüm ki, Gülayla İsaq qışqıraraq mübahisə edirlər. Evə gələndə İsaq Gülayın Türkiyədə yaşayan bacısı ilə danışdı. Mən də həmin ərəfədə Gülaydan nə baş verdiyini soruşdum. Gülay da İsaqın ondan əl çəkmədiyini, onu bezdirdiyini, dəfələrlə boş şeylər üstündə döydüyünü dedi. Evə gələndə İsaqın əlində bıçaq olub. Məni görəndə bıçağı yataq otağına qoydu. Mən də əsəbləşdim, onun üstünə getdim. Ondan Gülaydan nə istədiyini, bıçaqla kimi qorxutduğunu soruşdum. Ondan bu evdən getməsini, Gülaydan əl çəkməsini tələb etdim. İsaq isə heç bir yerə getməyəcəyini, Gülayla birlikdə bu evdə yaşayacağını dedim”.
Qərənfilin sözlərinə görə, İsaqa getməyəcəyin təqdirdə polis çağıracağını deyib: “İsaq nalayiq ifadələrlə polisi söydü, heç kəsdən qorxmadığını, heç bir yerə də getməyəcəyini bildirdi. Onunla mübahisələrimiz şişdi. Mübahisə vaxtı evə Elmiranın rəfiqəsi gəldi. Mübahisə vaxtı İsaqın qolundan tutaraq evdən çölə çıxartmaq istədim. Onu evin dəhlizinə çıxartdım. İsaq isə çıxmayacağını dedi, yataq otağına keçdi. Oradan yenidən bıçaq götürdü və Gülayın üstünə getdi. Gülay da qorxaraq evdən qaçdı. Sonra İsaq mənim üzərimə bıçaqla gəldi. Elmira ilə rəfiqəsi özlərini qabağa verdilər və İsaqın mənim üstümə gəlməsini qoymadılar. Mən də əsəbləşdim, İsaqdan valideyninin olub-olmadığını soruşdum. İsaq isə mənə valieynlərinin adını çəkməməsini dedi, üstümə gəldi. Gözlənilmədən yumruqla ilk olaraq sağ gözümə yumruqla, daha sonra isə bir dəfə də sol gözümə vurdu. Həmin an özümü itirdim, divanda oturdum. Sağ və sol gözümdən, burnumdan güclü xəsarət aldım”.
Qərənfil bildirib ki, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib və baş vermiş hadisə barədə məlumat verib: “Polis əməkdaşları gələnə kimi Elmiranın rəfiqəsi qorxaraq oradan getdi. İsaq isə Elmiradan Gülayın harada olduğunu soruşdu. Elmira da Gülayın hara getdiyini bilmədiyini dedi. Sonra hadisə yerinə polis əməkdaşları gəldilər və bizi Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə dəvət etdilər. Biz hamımız polis bölməsinə getdik. Gülay da polis bölməsinə gəldi. Orada hadisə barədə izahat verdik. Xəsarətlərimi polis əməkdaşları da gördülər. Həmin gün ekspertizadan keçdim”.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində hakim Pərviz Hacıyevin sədrliyi ilə baxılıb.
İsaq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Fariz Məlikli Demokrat.az


