“Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşma prosesinə ümidsizəm. Hesab edirəm ki, bu, növbəti raund olacaq. Müəyyən xoş məramlar sərgilənəcək və proses sonra dalana dirənəcək. Çünki Ermənistan Türkiyə və Azərbaycanla zorun qarşısında əyiləndən sonra sənədə imza atır. Sülh şəraitində Ermənistan Türkiyə ilə ancaq nəticəsiz görüşlər keçirəcək”.
Bunu Demokrat.az-a Moskvada yaşayan tanınmış azərbaycanlı jurnalist Anar Həsənov deyib. O bildirib ki, qondarma “erməni soyqırımı”nı tanıtmaq İrəvanın xarici siyasətin fundamental əsaslarından biridir:
“Ermənistan dövlətçiliyi 2 amil üzərində dayanır: Qarabağ və soyqırım. Kapitulyasiya aktına imza atmalarına baxmayaraq, onlar hələ də Qarabağdan əl çəkmirlər. Deməli ki, soyqırımdan da imtina etməyəcəklər. Normallaşma prosesinə ümidsizliyim bu amilərdən qaynaqlanır. Unutmayaq ki, Türkiyə tərəfdən prosesə rəhbərlik edən şəxs Samsun vilayətindən olan və erməni vəhşiliyini dərindən bilən və Ərdoğanın ən etibar etdiyi diplomatlardan biridir. Sizcə, Ərdoğan mövqeli bir türk ermənilərə nəyisə güzəştə gedəcəkmi?!”.
Türkiyə və Ermənistan münasibətlərinin normallaşmasında Rusiya istəyinə gəlincə, analitik qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlər normallaşarsa, o zaman Rusiyanın 102-ci bazasına Ermənistanda ehtiyac qalmayacaq”.
Aynurə Pənahqızı Demokrat.az


