Gender (cins) bərabərliyi ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutur. Azərbaycanda gender tendensiyasının başlama tarixi XIX əsrin ortalarından Azərbaycan qadınının savadlanması, sonra onun ictimai həyata xeyriyyəçi kimi qatılması ilə əlaqələndirilir. Artıq XX əsrdən başlayaraq Azərbaycan qadınının cəmiyyətdə rolunun artdığını görərik. 1908-ci ildə Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyətinin yaradıcısı Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə Məlikova olub. Həmidə Məmmədquluzadə beynəlxalq konfransda çıxış etmiş ilk Azərbaycan qadını idi, o, oğlanların və qızların birlikdə təhsil aldığı ilk məktəbin əsasını qoyub.
1988-ci və daha sonrakı illərdə ölkəmizdə baş verən mürəkkəb siyasi hadisələrdə qadınlar kişilərlə bərabər öz fəallığını nümayiş etdirib. Həmçinin, Qarabağda gedən qızğın döyüşlərdə ön cəbhədə kişilərlə bərabər qadınlarımız da düşmənə qarşı savaş aparıb. Bütün bunlara baxmayaraq, hələ də ölkəmizdə və dünyada qadına qarşı zorakılıq, təcavüz, şiddət davam etməkdədir. Bundan əlavə, bu gün erkən yaşda ailə quran qızlarımızın sayı heç də az deyil. Tez-tez mətbuatda yeniyetmə qızlarımızın nişanlanması, ailə qurması faktlarına rast gəlirik. Təbii ki, qısa zamanda onların ailələri barədə dövlət lazımi tədbirlər görür. Lakin buna baxmayaraq, erkən nikahlar hələ də cəmiyyətimizdə narahatlıq doğuran başlıca problemlərdən biridir. Çünki bilirik ki, ailə çox mürəkkəb bir fenomendir. Onun müxtəlif tərifləri və funksiyaları var. Tədqiqatçıların da qeyd etdiyi kimi: "Ailə qədər ictimai həyatın dəyişiklik, nailiyyət, inkişaf və çətinliklərinə həssas olan başqa bir sosial institut yoxdur". Ailə çoxtərəfli və çoxşaxəli sosial təsisatdır. Bu institutun öyrənilməsi geniş araşdırma tələb edir. Ailəni çox vaxt ocağa bənzədirlər. Ocaq isti münasibətlər yaradan, onu soyuqdan, aclıqdan və təhlükələrdən qoruyan müqəddəs məkandır. Hər bir insanın, hətta hər bir xalqın özünü təsdiq etməsində və inkişafında ailənin rolu böyükdür.
Bəs, ölkəmizdə gender bərabərliyini qorumaq üçün hansı addımlar atılmalıdır? Ailələrdə şiddət halları niyə artır?
“Demokrat.az” bununla bağlı ekspertlərin fikirlərini öyrənib.
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova saytımıza açıqlamasında bildirib ki, müasir dövrdə cəmiyyəti narahat edən ən ciddi problemlərdən biri məişət zorakılığıdır və ilk növbədə bu zorakılığa məruz qalan qadınlar və uşaqlardır.
Ekspertin sözlərinə görə, gündəlik olaraq məişətdə zorakılıq halları yaşayan cəmiyyət ən yaxşı halda bədbinləşir, ümidsizləşir və tənəzzülə uğrayırsa, ən pis halda dəhşətlər və qorxaqlar toplumuna çevrilir, insanlıq simasını itirib məhv olur: “İnsanın insana əl qaldırması, ona təcavüz etməsi – cinayətdirsə, kişinin qadına qarşı zorakılığı – ikiqat cinayətdir. Uşaqlara qarşı zorakılıq isə ölçüyəgəlməz cinayətdir. Razılaşaq ki, cəzanın dərəcəsi törədilən cinayətin ağırlığı ilə ölçülməlidir. Ölçülürmü? Təəssüf ki, məişət zorakılığına görə tətbiq edilən cəza kifayət qədər sərt deyil. Bu cür halların mütəmadi olaraq baş verməsinin səbəblərindən biri məhz cəza tədbirlərinin sərt olmamasıdır. Digər bir səbəb milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan sağlam ailə həyatının geniş təbliğ edilməməsidir”. 
Sosioloq Lalə Mehralı hesab edir ki, bu gün ailələrin dağıldılma prosesi gender bərabərliyi adı altında arealı çox böyük olmaqla və tam sürəti ilə işləyir: “Bu insanların harada maliyyələşdiyini və onların ailə institutunu dağıtmaq, ailə bazası üzərindən hansı oyunlar qurmaq niyyətində olduğu bilinmir. Əslində, bunun bilinən, həm də bilinməyən tərəfləri də var. Ümumiyyətlə, şərq ölkələrində ailə institutlarının əvvəlki hörmətini, möhkəmliyinin itirdiyini çox təəssüflə etiraf etmək lazımdır. Bizim ölkəmiz də buna daxildir. İndi azadlığı boşanmaqda görən böyük bir qadın ordusu yetişib. Onlara azadlıq və azad həyat adı altında istədiyini etmək təlqin olunur. Amma azadlığın ailəli olub-olmamaqla əlaqəsinin olmadığını onlara izah edilmir, yaxud da ki, etiraf etdirmək çox çətindir. Boşanan, ailəsi dağılan bütün qadınları elə hesab edirlər ki, şiddətdən, zorakılıqdan, yaxud da ki, fərqli səbəbdən ailəsi dağılıb. Bəzən səbəbsiz yerə ayrılanlar, ailələrini səbəbsiz yerə dağıdanlar var ki, bunu sonradan özləri etiraf edirlər. Biz bir neçə dəfə səs yazılarının şahidi olmuşuq ki, hansı səbəbdən həmin insanların ailələri dağılıb. Yəni, onları buna ya məcbur qoyurlar, ya da planlı şəkildə işi elə qururlar ki, o, özü belə hiss etmədən ailəsini dağıdır. Ailədəki zorakılıq hallarının artması boşanmalara, ailə institutunun, qadın-kişi münasibətlərinin məhvinə yönəlib, bunu etiraf etməliyik”. 
Aynurə Pənahqızı
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb 


