Sumqayıt şəhərində 1977-ci il təvəllüdlü Valeh ailə münaqişəsi zəminində arvadı Röyaya (adlar şərti verilib – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 19 oktyabr 2021-ci ildə baş verib. Valeh təxminən saat 08.30-da yaşadığı evdə həyat yoldaşı Röya ilə mübahisə edib. O, arvadını döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Valehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Valeh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Röya onun rəsmi nikahda olduğu həyat yoldaşıdır: “Röya ilə 2003-cü ildə rəsmi ailə həyatı qurmuşuq. Birgə nikahımızdan iki övladımız var. Evliliyimizin ilk vaxtlarında münasibətlərimiz normal olsa da, son zamanlar qısqanclıq zəminində aramızda tez-tez münaqişələr yarandı”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, oktyabrın 19-da, saat 08.30-da yaşadıqları ünvanda olduqları zaman onlar arasında yenidən qısqanclıq zəminində münaqişə yaranıb: “Münaqişə zamanı Röya üstümə qışqırmağa, uşaqların qarşısında mənə hörmətsizlik etməyə başladı. Həmin vaxt Röyanın hərəkətlərindən əsəbləşdim. Onun sifət nahiyyəsinə şillə vurdum. Röya yerə yıxıldı, ayağım ilə onun başına vurdum, ayağa qalxmasını bildirdim”.
Valeh qeyd edib ki, bundan sonra Röya evdən gedib və ondan polis bölməsinə şikayət edib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Röya bildirib ki, evliliklərinin ilk vaxtlarında münasibətləri normal olsa da, son zamanlar qısqanclıq zəminində aralarında tez-tez münaqişələr yaranıb: “Hadisə günü yaşadığımız evdə olduğumuz zaman aramızda yenidən qısqanclıq zəminində münaqişə yarandı. Münaqişə zamanı Valehə hərəkətlərinə görə öz etirazımı bildirdim, artıq yaşımızın qısqanmaq üçün uyğun olmadığını dedim. Lakin Valeh sözlərimə heç bir məhəl qoymadı, təpik zərbələri ilə baş nahiyəmə zərbələr vurdu”.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində hakim Rövşən Xəlilovun sədrliyi ilə baxılıb.
Valehin barəsində Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndləri tətbiq edilib. O cinayət məsuliyyətindən azad edilib və barəsində olan iş üzrə icraata xitam verilib.
Fariz Məlikli Demokrat.az


