Bakının Xətai rayonunda 1988-ci il təvəllüdlü Elmir şəxsi münasibətlər zəminində qonşusu Azərə xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, Elmir 16 oktyabr 2020-ci ildə, gecə saatlarında qonşusu Azərin evindən səs-küy gəlməsini bəhanə gətirib, onu narahat etməməsini tələb edib.
Lakin Azər onunla mübahisə etməməkdən ötrü əhəmiyyət verməyərək mənzilinə daxil olub. Sonra həmin gün saat 11 radələrində Elmir yaşadığı evin qarşısında Azərlə mübahisə edib. O, bıçaqla Azərin bədən nahiyəsinin müxtəlif yerlərindən bir neçə dəfə vuraraq ona xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Elmirin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma), 221.3-cü (silah qismində istifadə etməklə xuliqanlıq törətmək) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmir ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Azər ilə uzun müddətdir qonşudur: “Azərin yaşadığı mənzil ilə öz yaşadığım mənzil bitişikdir. Heç vaxt Azər ilə aramızda narazılıq, ədavət və düşmənçilik olmayıb. Oktyabrın 16-da, saat 01.30-da yaşadığım mənzildə yatdığım zaman Azərin yaşadığı mənzildə kiminsə təmir alətləri ilə işləməsi səsinə oyandım. Azərin mənzili ilə yaşadığım mənzil bitişikdir və otaqların arası nazik daş ilə kəsilib. Paltarlarımı geyindim, Azərin yaşadığı mənzilin qarşısına gedərək onu səslədim. Azər çölə çıxdıqdan ona gecə olduğunu, evdə uşaqların yatdığını bildirdim, səs-küy salmamasını xahiş etdim. Azər isə sözümə əsəbləşərək xoşa gəlməz ifadələr işlətdi. Bir daha Azərə bildirdim ki, sənə nə dedim, niyə əsəbləşirsən, sabah işləyərsən, uşaqlarım yatıb, sabah məktəbə gedəcək. Azər yüksək səslə qışqırmağa başladı. Bu zaman aramızda sözlə mübahisə düşdü və biz qarşılıqlı olaraq biri-birimizə sözlə mübahisə etdik”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, sonra Azər evinin içərisinə daxil olub və qapını bağlayıb: “Azərin arxası ilə getdim, yaşadığı mənzilin qapısını vurmağa başladım. Lakin Azər evdən çölə çıxmadı. Yaşadığım mənzilə gəldim, gecəni yatdim. Səhər açıldıqda səhər saatlarında Azərin yaşadığı mənzilə getdim. Qapını döyərək onu səslədim. Azərin arvadı çölə çıxdı, xoşa gəlməz sözlər işlətdi. Sonuncuya heç nə deməyərək yaşadığım mənzilin yaxınlığında olan mağazaya gəldim. Mağazanın qarşısında olan zaman Azər və xalam oğlu Rauf yanıma gəldi. Azərdən gecə etdiyi hərəkətin səbəbini soruşdum. Azər isə sözlərimi ciddiyə almayaraq zarafat etdi. Azərə etdiyi hərəkətlərə görə öz iradımı bildirdim”.
Elmir qeyd edib ki, həmin vaxt üzərində bıçaq olub: “Həmin bıçağı yaşadığım mənzildən götürmüşdüm. Bıçağı götürməkdə hər hansı bir məqsədim olmayıb. Azər fiziki cəhətdən güclü olduğu üçün dalaşacağımız halda özümü müdafiə etməyi düşündüm. Mağazanın qarşısında küçədə Azər ilə aramızda sözlə mübahisə yarandı. Azər belimdə olan bıçağı gördü və dedi ki, bıçağı alıb, sənin arxana soxaram. Bu zaman əsəbləşdim və əsəblərimi cilovlaya bilmədim, şalvarımın bel nahiyəsinə qoyduğum bıçağı çıxardım, onun qol nahiyəsindən və budundan bir neçə dəfə vurdum. Azər yerdən böyük daş parçası götürərək üzərimə tərəf gəldi. Arxa-arxaya gedərək orada olan evin daş hasarına dəyərək dayandım. Azər daşı atdı, daş ayağımdan dəydi”. Elmirin ifadəsinə görə, polis idarəsinə gedərək hadisə barədə məlumat verib və könüllü olaraq təslim olub: “Hadisə 10-15 dəqiqə davam etdi. Orada olan hər hansı bir şəxs və özüm söyüş söyməmişəm. Azərin etdiyi hərəkətlərə görə üzr istəməsini gözləmişəm. Lakin sonuncu sözlərimə əhəmiyyət vermədi və mənə ağır söz dedi. Bunu özümə təhqir kimi qəbul etdim. Ona görə də Azəri bıçaqla vurdum. Azəri bıçaqla vurduğum və ona xəsarət yetirdiyim üçün peşmanam. Onunla barışmağa cəhd etmişəm. Sonuncu mənimlə barışmayıb”.
Elmirin bildirdiyinə görə, maddi imkanı olmadığından Azərin çəkdiyi xərci ödəyə bilməyib: “Bu səbəbdən mülki iddianın təmin edilməməsini xahiş edirəm. Azadlıqda olaramsa hər ay hissə-hissə zərəri ödəyəcəyimə söz verirəm”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Azərin sözlərinə görə, daima Elmirlə qonşu kimi münasibətləri normal olub: “Aramızda narazılıq, ədavət və düşmənçilik olmayıb. Oktyabrın 16-da, gecə saat 00.25-də yaşadığım evin içərisində olan İran peçinin şüşəsi sındı və peçi təmir etmək məqsədilə şüşə kəsənlə peç üçün yeni şüşə kəsdim. Bu zaman səs-küy yarandı. Həmin vaxt çöldən kiminsə səsləməsini eşitdim və çölə çıxdım. Çölə çıxdıqda qonşumuz Elmiri gördüm. Elmirin yanına getdim. Mənə səs-küy salmamasını bildirdi. Elmirə işimə qarışmamağı dedim. Həmin vaxt aramızda anlaşılmamazlıq oldu və sözlə mübahisə yarandı. Lakin, heç bir dava-dalaş baş vermədi. Bir neçə dəqiqə sözlə mübahisə etdik və evimə getdim”.
Zərərçəkmişin bildirdiyinə görə, öz evinə daxil olduqdan bir neçə dəqiqə sonra Elmir yenidən evinin qarşısına gəlib: “Məni səslədi, küçəyə çağırdı. Dedi ki, bıçaqla səni deşik-deşik edəcəm. Elmirin sözlərinə əhəmiyyət verməyərək çölə çıxmadım. Həmin günü yaşadığım mənzildə yatdım və səhər tezdən çıxaraq işə getdim. Saat 11 radələrində oğlum mobil telefonuma zəng etdi, Elmirin evə gələrək məni soruşduğunu və bıçaqla deşik-deşik edəcəyini dediyini, arvadım Zülfiyənin isə Elmirə çıxıb getməsini dediyini bildirdi. Bundan sonra evə gəldim. Elmirin etdiyi hərəkətlərə son qoyması üçün yaşadığı evə getdim. Lakin Elmir evdə olmadı. Onun anası ilə söhbət edən zaman xalası oğlu Rauf da gəldi. Raufa da Elmirin gecə etdikləri barədə məlumat verdim. Sonra Rauf ilə birlikdə evdən çıxaraq yaşadığım evin yaxınlığında olan mağazanın qarşısına getdim. Mağazanın qarşısına çatdıqda Elmirin orada olmasını gördük. Elmir ilə söhbət edən zaman aramızda mübahisə yarandı. Elmir məni deşik-deşik edəcəyini dedi. Elmirə “bıçağı alıb sənin arxana soxaram” dedim. Bu zaman Elmir əlində olan bıçaqla sol qoluma və buduma bir neçə dəfə zərbə ilə vurdu. Bunu görən Elmirin xalası oğlu onu tutdu, bir neçə metr aralaşdırdı, bıçağı Elmirin əlindən almaq istədi. Səs-küyə mağazanın sahibinin arvadı küçəyə çıxdı. Elmir bıçaqla üzərimə gəldikdə sonuncu əlindəki bıçaqla yenidən məni vuracağını gördüm. Özümü müdafiə etmək üçün yerdən daş götürdüm və qorxutmaq üçün Elmir üzərinə gəldim. Daşı onun üzərinə atdım. Lakin daşın ona dəyib-dəyməməsini bilməmişəm”.
Azər deyib ki, xəsarətləri olduğu üçün 3 saylı şəhər klinik xəstəxanasına gedib. Qeyd edib ki, dəfələrlə müayinə və müalicə olunub: “Müalicə üçün İrana getmişəm. Ümumilikdə 5000 manatdan çox maddi ziyan çəkmişəm. Həmçinin əlim işləmədiyindən ustalıq edə bilməmişəm və gündəlik qazancımdan da məhrum olmuşam”.
Zərərçəkmiş ifadəsinin sonunda əlavə edib ki, Elmirlə barışmayıb, sonuncu ona dəymiş zərəri ödəməyib.
Bu cinayət işinə Xətai rayon Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə baxılıb.
Elmir 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı mülki iddiası qismən təmin edilib.
Təqsirləndirilən şəxsdən maddi ziyana görə 2868,85 manat, mənəvi zərərə görə 1000 manat, 30 manat dövlət rüsumu tutulması müəyyən edilib.
Fariz Məlikli Demokrat.az


