“Əsgər və zabitlərimizin real döyüş şəraitinə uyğun təlimlər keçirməsi onların praktiki hazırlığını artırmağa və döyüş qabiliyyətini yüksəltməyə xidmət edir”.
Bunu Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Bakıda NATO-nun təlim kurslarının əhəmiyyəti barədə Demokrat.az-a danışarkən deyib.
Deputat bildirib ki, hazırda aparılan islahatlar Azərbaycan Ordusunun güclənməsinə xidmət edir:
“Bu gün aparılan islahatlar Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəlməsinə xidmət edir. Ən müasir silahlarla təminat və təlimlərdə yüksək rütbəli zabitlərin iştirakı şəxsi heyəti ruhlandırır. Hazırda Azərbaycan Ordusu beynəlxalq əlaqələri genişləndirir və NATO ilə yaxından əməkdaşlıq edir. Qeyd edim ki, Azərbaycan-NATO əlaqələri uzun illərdir mövcuddur və Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” layihəsində yaxından iştirak edir. Bundan başqa, Azərbaycanın hərbi müttəffiqi olan Türkiyə də NATO-nun üzvüdür. Xatırlatmaq istərdim ki, Azərbaycan və Türkiyənin tərəfdaşlığı çoxşaxəli xarakter daşımaqla yanaşı, eyni zamanda bölgədə sabitliyi, sülhü qorumaq üçün ən əsas amildir. Azərbaycanın öz silahlı qüvvələrində Türkiyə ilə birgə yeni sistemli səviyyədə islahatları həyata keçirməsi də ordumuzun müasir səviyyədə inkişafına xidmət edir”.
Aynurə Pənahqızı Demokrat.az


