“Helikoptər qəzası baş verəndən müxtəlif fikirlər səsləndirilir. Ancaq biz ən dəqiq məlumata təbii ki, helikopterin qara qutusu deşifrə olunandan sonra sahib olacağıq. Düşünürəm ki, yaxın vaxtlarda cəmiyyətə bu barədə ətraflı məlumat veriləcək”.
Bu fikirləri hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Demokrat.az-a açıqlamasında bildirib.

Ekspert "Mi-17" helikopterinin nasaz olmasıyla bağlı yaranan suallara belə aydınlıq gətirib: “Qeyd edim ki, helikopter göyə qalxmamışdın öncə bir sıra hazırlıq tədbirləri görülür. Əgər helikopterin göyə qalxması üçün hər hansısa bir maneə varsa, o zaman o qalxa bilməz. Uçuşa icazə vermək üçün onun müəyyən tələblərə cavab verməsi lazımdır. Əgər hansısa tələb uyğun gəlmirsə və uçuş üçün təhlükə yaradırsa, onun uçuşuna icazə verilmir. Bütün bunlar birinci növbədə çox dəqiq şəkildə hamısı sənədləşdirilir. Bütün tələblər öz müsbət təsdiqini tapdıqdan sonra rəsmilər onun uçuşuna icazə verirlər. Yəni, bütün parametrlər yazılır və ondan sonra uçuş həyata keçirilir. Burada helikopterin nasaz vəziyyətdə ola bilmə ehtimalı azdır, çünki qeyd etdiyim kimi, hər şey yoxlanılır və ondan sonra uçuşa icazə verilir. Hər halda qəzadır, rəsmi məlumatı gözləyirik. Ola bilsin ki, qara qutudan elə bir məlumat çıxacaq ki, o zaman heç yerdə səsləndirilməyən bir vəziyyət ola bilər”.
Hərbi ekspert əlavə edib ki, helikopterlərdə adətən komandir heyəti uçur: “Əsgərlər çox az istisna hallarda uça bilərlər. Deməzdim ki, orada yüksək vəzifəlilər uçub. Çoxu mayor, kapitan, baş leytenantdır. Ola bilsin ki, onlar hansısa bir təlim məqsədilə, ərazi kəşfiylə, təlim qabağı vəziyyətlə bağlı tapşırıq almaq üçün gedən bir hərbi heyət olub. Əlbəttə ki, bu qəza hamımızı kədərləndirir. Ancaq ki, ilk növbədə bütün bu suallarla bağlı rəsmi məlumatları və mütəxəssisələrin rəyini gözləməliyik. Hazırda istintaq gedir, nəticələri gözləyək”.
Aynurə Demokrat.az


