Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaşın rifahı dayanır. Cəmiyyətin həssas qrupuna daxil olan əlil vətəndaşlara qayğı isə xüsusilə prioritet istiqamətdir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, son illər ölkədə aparılan genişmiqyaslı sosial islahatlar əlilliyin qiymətləndirilməsini də əhatə edərək, əlillik təyinatlarının şəffaflaşdırılmasına, əlillik dərəcələrinin yalnız əlillik statusuna haqqı çatan şəxslərə təyin olunmasına xidmət edir. Aparılan işlər nəticə etibarı ilə əlilliyi olan şəxslərin hüquqlarının daha dolğun müdafiəsi, onlara dəstəyin daha da gücləndirilməsi məqsədi daşıyır.
Əlilliyin qiymətləndirilməsi elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında, vətəndaş-məmur (ekspert) təması olmadan həyata keçirilir. Göndərişin kimə aid olduğu və hansı tibb müəssisəsindən göndərildiyi bilinmədən həkim ekspertlər tərəfindən qərarlar qəbul edilir.
2021-ci ilin ötən dövründə artıq 50 minə qədər şəxsə əlillik təyinatı həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən təqribən iki dəfə çoxdur. Əlillik qrupu təyin olunduqdan sonra əlilliyə görə sosial təminat növləri üzrə ödənişlərin (əmək pensiyası və ya aylıq sosial müavinət, təqaüd) təyinatı da elektron sistem üzərindən, proaktiv şəkildə həyata keçirilir.
Tarixi qələbə ilə başa çatan Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsinə də xüsusi qayğı və həssaslıqla yanaşılır. Bunun üçün Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə qazilərin əlilliyinin qiymətləndirilməsi işləri operativ şəkildə yerinə yetirilir. 
Ötən dövrdə Vətən müharibəsinin artıq 2200 qazisinə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb və hazırda da bu işlər davam etdirilir. Əlillik təyinatından dərhal sonra onlara da proaktiv qaydada olmaqla e-sistem üzərindən onlara müvafiq sosial ödənişlər təyin edilib. Əlilliyi olan şəxslərə, o cümlədən müharibə əlillərinə yönələn sosial ödənişlər (pensiya və müavinətlər, təqaüdlər) də mütamadi olaraq artırılır. Xüsusilə, son üç ildə həmin ödənişlərdə orta hesabla iki dəfə artım baş verib. 
Eyni zamanda, dövlət başçısının 2020-ci il dekabrın 30-da imzaladığı fərmanlarla Prezidentin aylıq təqaüdü müharibə, 1990-cı ilin 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər üçün I dərəcə üzrə 250 manatdan 400, II dərəcə üzrə 230 manatdan 350, III dərəcə üzrə 210 manatdan 300 manata çatdırılıb. Milli Qəhrəmanlarımız üçün 1500 manatdan 1800, Böyük Vətən müharibəsi iştirakçıları üçün 150 manatdan 300 manata çatdırılıb. Eyni zamanda “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2000 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis olunub.
Müharibə, 1990-cı ilin 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər, habelə ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslər təqaüdlə yanaşı, əlilliyə görə aylıq müavinət və ya pensiya ilə də təmin edilirlər. Həmçinin, bütün kateqoriyalardan olan I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər üçün aylıq təqaüd ödənilir.
Şəhid ailələri ilə bərabər, müharibə əlillərinin də mənzil və fərdi evlə təminatı həyata keçirilir. İndiyədək bu kateqoriyadan olanlara 11 mindən çox mənzil/fərdi ev verilib və dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan 3 min mənzil və fərdi evin (2018-ci ilə nisbətən 5 dəfə çox) 2021-ci ildə verilməsi işləri aparılır ki, artıq 1850-si verilib. Şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, Vətən Müharibəsi Qəhrəmanlarına, gözdən əlilliyi olan şəxslərə, dövlət uşaq müəssisələri məzunlarına da mənzillər təqdim edilir. Həmin kateqoriyalara verilən mənzilləri də nəzərə alsaq bu il nazirlik tərəfindən verilən mənzillərin sayı 2200-ə çatmaqdadır. 
Reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulub və son iki ildə nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra, müasir avanadlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib. Həmin reabilitasiya müəssisələrində bu ilin 10 ayında əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 6450 nəfərə reabilitasiya xidmətləri, həmçinin Vətən müharibəsinin 1040 nəfər qazisinə sosial-psixoloji dəstək xidmətləri göstərilib.
Müharibə əlillərinin yüksək texnologiyalı, elektron protezlərlə təminatı işləri aparılır və Vətən müharibəsində yaralanmış, aşağı və yuxarı ətrafları amputasiya edilmiş 160 hərbçi 168 son nəsil protezlə təmin edilib.
Absurd iddialar və cavablar
Bəzi hallarda KİV və sosial mediada həm də xüsusi olaraq şişirdilmiş bir rəqəmlə guya “200 min şəxsin əlilliyinin ləğv edildiyi, pensiyasının kəsildiyi” kimi iddialar səsləndirilir. Əslində bu iddialar əlillik təyinatlarının şəffaflaşdırılması tədbirlərini gözdən salmağa, həssas qrupların adından manipulyasiya edərək onlarda aidiyyəti quruma qarşı inamsızlıq yaratmağa xidmət edir. 
Əlilliyə görə sosial ödənişin kəsilməsi halı baş verməyib və hazırda da belə hal mövcud deyil. Həmin sosial ödənişlər əlillik müddəti ərzində verilir və əlillik müddəti bitdikdə həmin sosial ödənişin təyinat müddəti də bitmiş olur. Ona görə də, əlilliyi olan şəxs əgər onun əlilliyi müddətlidirsə, əlillik müddətinin nə zaman bitdiyini bilməli və göndərişin həmin vaxtdan e-sistemə daxil edilməsi üçün lazımi tibbi sənədlərini vaxtlında toplamalıdır.
Bəzən şəxs əlilliyinin təkrar qiymətləndirilməsi, yəni əlillik müddətinin uzadılması üçün müraciətin edilməsində, sənədlərin toplanmasında müəyyən gecikmələrə yol verir, göndəriş də əlilliyin bitdiyi vaxtdan sonra gec daxil olur. Belə hallar nəzərə alınaraq humanist yanaşma məqsədilə bu ilin iyul ayında əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericilikdə dəyişiklik edilib və beləliklə, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar təyin olunan əlillik məhz əvvəlki əlillik təyinatı müddəti bitdiyi tarixdən rəsmiləşir. Yəni ortada ötürülmüş müddət üçün də şəxs əlilliyə görə sosial ödənişlərini ala bilir.
Ümumilikdə, həm 1-ci, həm 2-ci Qarabağ müharibəsi qazilərinin əlilliyinin qiymətləndrilməsinə xüsusi diqqət və qayğı mövcuddur. I Qarabağ müharibəsi iştirakçılarından da təkrar qiymətləndirmə zamanı böyük qisminin əlillik müddəti uzadılıb. Hərbi səbəblərlə əlaqədar əlilliyin qiymətləndirilməsi üçün əyani müayinələr aidiyyəti qurumların və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə və videoçəkilişlər aparılmaqla keçirilir. Ötən illərdə hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddəti bitən və həmin müddətin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş şəxslərin sağlamlıq vəziyyətinə onların özlərinin iştirakı ilə əyani baxış keçirilir və bunun əsasında qərarlar qəbul olunur. 
Bəzi hallarda bu və ya digər şəxs uzun illər ərzində əlilliyə görə sosial ödəniş aldığını, bu il isə onun əlillik müddətinin uzadılmadığı üçün sosial ödəniş ala bilmədiyindən, bunun onun maddi rifahına mənfi təsir etməsindən gileylənir. Halbuki, uzun illər ərzində əlillik statusu daşıyan şəxsin həmin dövrdə sağlamlığı qaydasına düşə bilər. Növbəti əlilliyin qiymətləndirilməsi zamanı onun sağlamlıq vəziyyətinin artıq əlillik təyinatına əsas vermədiyi (reabilitasiya olunduğu) müəyyən oluna və bu səbəbdən ona təkrar əlillik təyin edilməyə bilər. Yaxud əvvəlki dövrlərdə əsas olmadan əlillik təyin edilmiş şəxsə növbəti təkrar qiymətləndirmədə əlillik vəziyyətində olmadığı üçün əlilik təyin edilməyə bilər. Ona görə də uzun illər əlillik statusu daşımaq və əlilliyə görə sosial ödəniş almaq heç də təkrar qiymətləndirmə zamanı mütləq əlillik təyin edilməsini şərtləndirmir. Çünki əlilliyin qiymətləndirilməsi şəxsin hazırkı mövcud sağlamlıq vəziyyəti nəzərə alınaraq aparılır. 
Hər xəstəlik, xəsarət, yaralanma əlillik vəziyyəti yaratmır. Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də əlilliyin (I,II,III dərəcə əlilliklərin) və uşaqların sağlamlıq imkanları məhdudluğunun hansı xəstəlik və xəsarət hallarında təyin edildiyi aydın şəkildə göstərilib. Əlilliyin qiymətləndirilməsi bu Əsasnamənin tələbləri əsasında aparılır. Anadangəlmə, xəstəlikdən, yaxud xəsarətdən yaranan əqli, fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması müşahidə olunduqda əlillik təyinatına dair qərar çıxarılır. 
Amputasiya olunmuş şəxslərin guya təkrar müayinə edildiyi barədə bəzən əsassız fikirlər səslənir. Amputasiya olunan, məsələn, əli, ayağı və ya hər hansı bədən əzası olmayan şəxslərə əlillik müddətsiz (ömürlük) təyin olunur və heç zaman da müayinəyə çağırılmırlar.
Əlilliyin qiymətləndirilməsinin rəqəmsal infrastrukturunun funksional imkanları, inteqrasiya dairəsi xeyli genişləndirilib. “Əlillik” altsistemində son aylarda 20-dən çox təkmilləşdirmə işi aparılıb, “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” adlı yeni altsistem də tətbiq edilib. Bu yeniliklər də tibbi-sosial ekspertizanın operativliyi və daha şəffaf həyata keçirilməsi, müraciətlərə obyektiv, çevik baxılması imkanlarını artırıb.
Vaqif Hüseynli Demokrat.az


