İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi bütün ölkələr üçün prioritet məsələdir. Ən aktual məsələlərdən biri olduğundan bu istiqamətdə görülən işlər də daha böyük əhəmiyyət daşıyıb. Azərbaycanda bu istiqamətdə görülən işlər hansı səviyyədədir? İnsan hüquqları və azadlıqlarının müdafiəsi ilə bağlı beynəlxalq norma və prinsiplərin tətbiqi nə dərəcədədir?
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Demokrat.az-a açıqlamasında bildirib ki, dünyanın bütün ölkələrində hüquq pozuntuları olur:
“Lakin əsas olan bu istiqamətdə görülən işlərdir. Biz hüquq pozuntularının minimuma endirilməsi üçün çalışırıq. Beynəlxalq təşkilatlara müraciət edirik, qaununların yenilənməsinə çalışırıq. Bəzi qanun maddələrində boşluqlar var, onların üzərində işləyirik. Xüsusilə də, qadın hüquqları ilə bağlı müəyyən boşluqlar nəzərə çarpır. Məsələn, valideynlər boşananda atanın imkanı daha yaxşıdır deyə, uşaqları anadan alıb ataya verirlər”. 
“Maraq doğuran bir məqam var, bütün region dövlətlərində - Türkiyə, Gürcüstan, Rusiya və digər ölkələrdə qanunlar, insan haqları pozulur. Amma niyəsə Avropada ancaq Azərbaycandakı qanun pozuntularına diqqət çəkilir. Bunun səbəbi bizdə hər zaman sual doğurub. Buna görə də, həmişə çalışırıq ki, bu məsələni hökumətlə müzakirə edək və birgə iş görək. Bir neçə gün əvvəl “Freedom House” bizə qarşı böyük bir yazı hazırlayıb. Yazıda guya Azərbaycanda insan haqlarının pozulduğunu, söz azadlığının olmadığını bildirib. Əlbəttə, bu, bir çox təşkilatların bizə qarşı ikili standartının növbəti nümunəsidir. Biz bu nümunəni Vətən müharibəsi zamanı da gördük. “Freedom House”nin Zəfər bayramı ərəfəsi belə bir yazı hazırlaması qərəzlidir. Bu, digər ölkələrdə və təşkilatlarda Azərbaycana qarşı yanaşmanı aqressivləşdirmək məqsədi güdür. Ona görə də, biz hər zaman diqqətli olmalı, dövlətə, ölkənin imicinə zərər verə biləcək halları öncədən görə bilməli və qarşısını almalıyıq. Daxili məsələləri elə daxildə həll etməli, hansısa hüquq pozuntusu olarsa, bunun qarşısını birlikdə almalıyıq. Nəzərə almalıyıq ki, bəzi ölkələr və təşkilatlar kiçik nüansdan belə böyük istifadə edirlər. Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işləri daha düzgün dəyərləndirməliyik. Mümkün neqativ halların qarşısını almaq üçün hər birimiz qanunla, vətəndaş kimi üzərimizə düşən işləri görməliyik. Lakin bunu elə etməliyik ki, Azərbaycan dövlətçiliyinə zərər gəlməsin”.
Beynəlxalq hüquq üzrə ekspert Rahim Məmmədov insan hüquq və azadlıqlarının müdafiəsinin Azərbaycan üçün prioritet məsələ olduğu qənaətindədir:
“İnsan hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin tələblərinə uyğun olaraq dövlətimizin ali məqsədi hesab olunur. Həmin maddənin ikinci bəndində qeyd olunur ki, konstitusiyada sadalanan insan hüquq və azadlıqları Azərbaycan Respublikasının tərəfdaş olduğu beynəlxalq müqavilələrə uyğun olaraq təsdiq edilir. O cümlədən, digər sahələrdə olan qanunvericilik aktlarında da şahidi oluruq ki, Azərbaycanın insan hüquqlarının müdafiəsi sahəsində bütün beynəlxalq standarları özünün milli qanunvericiliyinə tətbiq edib. Prinsip etibarilə, sahəvi qanunvericilik aktları insan hüquqları müdafiəsi sahəsində hüquqi nöqteyi-nəzərdən bütün nüansları ehtiva edir”. 
“Bu, istər-istəməz dövlətlərdə insan hüquqlarının vəziyyətinə təsir göstərir. Azərbaycan 30 ilə qədərdir ki, beynəlxalq hüququn tam müstəqil subyektidir. İnsan hüquqlarının müdafiəsi sahəsində hüquqi islahatlar keçirilir. İnsan hüquqlarının tətbiqi ilə onun formal hüquqi mənada mövcudluğu eyni mənada qiymətləndirilə bilməz. Tətbiq prosesində subyektiv meyarlar və digər kriteyalar nəzərə alınmaqla, dünyanın heç bir yerində ideal insan hüquqlarından söhbət gedə bilməz. Məhkəmə sistemində və digər hüquq-mühafizə orqanlarının fəaliyyətində mühüm məqamlarda insan haqları məsələsi müəyyən problemlərlə üzləşir. Bu problemlərin aradan qaldırılması məqsədilə, Azərbaycanda davamlı olaraq hüquqi islahatlar həyata keçirilir, mövcud qanunlarda olan boşluqlar aradan qaldırılır və onların beynəlxalq standarlara uyğunlaşdırılması prosesi həyata keçirilir. Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra həmin şura çərçivəsində mövcud olan Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya edib. Bu, özlüyündə böyük bir addım, irəliləyiş idi. İnsan hüquqlarının müdafiəsi sahəsində məhkəmə təminatı təkcə milli səviyyədə deyil. Azərbaycan vətəndaşlarının Avropa İnsan Hüquqları Konvensiyasına istinad etməklə Avropa İnsan Hüquqları Məhkəməsinə çıxış əldə etmək hüququ da Avropa Şurası tərəfindən dövlətin üzərinə qoyulmuş öhdəlik kimi qiymətləndirilir”. 
“Hüquqi islahatların həyata keçirilməsi davam edir. Bu islahatlar elmi əsasının yaradılmasını ehtiva edir, universitetlər bu sahədə ciddi araşdırmalar həyata keçirir. Son zamanlar şahidi oluruq ki, 30 il müddətində Ermənistan tərəfindən Azərbaycana edilən təcavüz və işğal zamanı insan hüquqları kobud şəkildə pozulub. Azərbaycan xalqına qarşı soyqırımı, insan cinayətləri törədilib. Müəyyən siyasi mülahizələr beynəlxalq hüququn təməl prinsiplərinə dövlətlərin biganə yanaşmasına səbəb olub. İnsan hüquqlarının vəziyyəti təkcə bir dövlətlə deyil, beynəlxalq sistemdə mövcud olan real hadisələr nəzərə alınmaqla qiymətləndirilməlidir”.
Aygül Qarayeva Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb 


