Bu gün Salyan rayon Gənclər və İdman İdarəsi və Salyan rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə karantin rejimi qaydalarına riayət edilməklə Salyan şəhər 2 saylı tam orta məktəbin akt zalında Dövlət Müstəqilliyi Günü münasibəti ilə “Müstəqilliyimiz əbədidir” mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında şeir müsabiqəsi keçirilib.
Demokrat.az xəbər verir ki, ilk öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov qeyd edib ki, dövlətçilik ənənələrimizə, milli-mənəvi dəyərlərimizə hörmət hisslərinin yetişən gənc nəsil üçün aşılanması və təbliği günümüz üçün olduqca vacibdir. Müsabiqənin keçirilməsində əsas məqsəd yeniyetmə və gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, yeniyetmə və gəncləri müstəqil dövlətçilik ənənələrimiz barədə məlumatlandırmaq və istedadlı, yaradıcı gəncləri üzə çıxarmaqdan ibarətdir.
Daha sonra müsabiqə iştirakçıları şeir müsabiqəsində dövlət müstəqilliyimizə, “Azərbaycançılıq” məfkurəsinə həsr olunmuş, vətənpərvərlik mövzularında şeirlər səsləndirdilər.
“Müstəqilliyimiz əbədidir” mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən şeir müsabiqəsinin qalibləri münsiflər heyətinin apardığı qiymətləndirmələrindən sonra elan edildi.
Nəticələrə əsasən şeir müsabiqəsində III yeri Ağalarova Mirxədicə (Salyan şəhər 7 saylı məktəb-lisey), II yeri Əliyev Harun (Salyan şəhər 2 saylı tam orta məktəb), I yeri isə Əliyeva Aysel (Salyan rayon Çuxanlı kənd tam orta məktəbi) tutub.
Qaliblər və fərqlənmiş müsabiqə iştirakçıları Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər.
Demokrat.az


