Xəbər verdiyimiz kimi bu gün altı il yarım erməni girovluğunda olmazın işgəncələrinə məruz qalan Dilqəm Əsgərovun doğum günüdür. Bu münasibətləModerator.az-ın əməkdaşı Dilqəm Əsgərovla həmsöhbət olub. Həmin müsahibəni təqdim edirik: - Dilqəm bəy, sizi doğum gününüz münasibətilə təbrik edirik. - Çox sağ olun. - Heç fikirləşirdinizmi ki, nə vaxtsa erməni zindanından xilas olub doğum gününüzü evdə keçirəcəksiniz? - Məndə radio var idi və xəbərləri izləyirdim. Ona görə də ümidim var idi ki, nə vaxtsa azad olunacam. Çünki bizim deputatlar, diplomatlarımız Avropada və digər ölkələrdə mənim azadlığımı tələb edirdi. Ona görə inanırdım ki, bir gün bu dəmir barmaqlıqlar arasından xilas olacam. - Bəs erməni zindanında doğum gününüzü necə keçirirdiniz, ermənilər bu gününüzdə sizə hörmətlə yanaşırdılarmı? - Yox. Düzünü desək, yəni 30 sentyabrda doğum günüm olduğunu bilirdilər. İnsan kimi deyirdilər ki, “Əsgərov, doğum gününü təbrik edirik”. Adam gərək həqiqəti desin. - Bir neçə gün öncə sizinlə birlikdə əsirlikdə olan Şahbaz Quliyev saytımıza açıqlamasında diqqətsizlikdən və səhhətindəki problemlərdən gileyləndi. Sizdə vəziyyət necədir?
- Vallah bir yana baxanda biz çox əziyyət çəkmişik. Mənim də səhhətimdə problemlər var. İmkan dairəm heç cürə yoxdur. Həyat yoldaşım Kəlbəcər məktəbindən süpürgəçi kimi 110 manat pul alırdı, bir müddət öncə o pulu da kəsdilər. Özüm zibilxanada yer götürüb əkin-biçin elədim və ordan da lobya çıxdı heç pula da getmədi. Yəni heç kəs belə götürəndə maraq göstərmir. Fikrim var ki, orda ağac əkəm, amma altı aydır “Azərişıq”ın Şəmkir Elektrik Şəbəkəsinə gedib-gəlirəm. Yəni iki yüz metr elektrik naqilini çəkmək üçün görürəm ki, pul umurlar. Ancaq dövlətin qanunu var ki, 400 metrə qədər elektrik naqilinin çəkilməsi üçün 600 manat pul ödəməlisən. Mən də bu pulu ödəyirəm. Qohum-əqrəbamdan adamlar var ki, o pulu mənə verirlər. - Axı sizə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti kompensasiya verməli idi. O pul ailənizə ödənildimi? - O pul ödənilib. Bizdə dörd uşaq idi, oğluma ev tikirdik. Onda hələ mən həbsdəydim. Balaca oğlum evlənib, vaxtı keçirdi otuz yaşı var. İki qızım var və onları da yoldaşım ərə verib. Orda 110 min pul olub və o da bu işlərə xərclənib. Mənim dövlətdən heç bir tələbim yoxdur. Mən o televiziyada şəhidlərimizi, qazilərimizi görəndə ürəyim ağrıyıq. Ona görə çalışıram ki, heç kəsə ümidli olmayaq. O zibilxananı təmizləyib əkin əkirəm. Yəni müəyyən maneçiliklər olmasa, biz özümüzü idarə edərik. Səhhətimizdə problem var, ailəvi birləşib işləyərik. Hamısından yaxşı özün qazanmağındır. Hökumətdən nə tələb edə bilərəm ki? Mənim doxsan nəfər döyüş yoldaşım şəhid olub, hamısının da övladları var. Mən onları qoyub dövlətə necə deyim ki, mənə yardım elə. O ki, qaldı Şahbaz Quliyevə elə bizi bu günə qoyan o, oldu. Orda qaçıb getdi, xəbər verdi, bizi pis vəziyyətə saldı. Heç o lazımlı adam da deyil və ona yardım da etmək lazım deyil.


