Gündəm

"Türkiyə ilə münasibətlərin normallaşdırılması Ermənistandan siyasi mövqe tələb edir"

Türkiyə ilə münasibətlərin normallaşdırılması Ermənistandan siyasi mövqe tələb edir

"Ermənistanı əldə saxlamaqla regiondakı geosiyasi vəziyyətə nəzarəti qoruyub saxladığını düşünən Rusiyanın yenidən bu ölkəni ən müasir silahlarla silahlandırmağa cəhd göstərməsi təsadüfi deyil. Hazırda pis vəziyyətdə olan Ermənistanın Qərbə meyillənməsi, Qərb dövlətlərinin maliyyə yardımlarının cəlbediciliyi ilə onların təsir dairəsinə yuvarlanmasından ehtiyat edən Rusiya yenidən ənənəvi güc metodlarından istifadə etməklə, sərhədyanı ərazilərdə vəziyyəti gərginləşdirməklə, habelə, hərbi yardımlar etməklə məqsədinə nail olmağa çalışır”. Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Ramid Hüseynov bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyədən müsbət siqnalların olduğunu və bunu müsbət dəyərləndirəcəkləri ilə bağlı açıqlamasına toxunan politoloqun fikrincə, Ermənistanın hazırkı ağır vəziyyətindən qurtulmaq üçün bu yolu seçir:

“Düşünürəm ki, dünyada demokratik prinsiplərin, iqtisadi-sosial dəyərlərin təmin olunmasındakı tələblər, yeni reallıqlar dövlətləri fərqli addımlar atmağa sövq edir. Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, sosial ehtiyaclarının ödənilməsi, rifah halının yüksəldilməsi dövlətlərin qarşısında daha vacib vəzifələr qoyur. Bu baxımdan illərdir çətin durumda yaşayan, xarici donorların ianələri hesabına dolanan və iqtisadi, siyasi-hərbi baxımdan tamamilə Rusiyanın əsarətində olan Ermənistanın hazırda Qərbə inteqrasiya etmək, region dövlətləri, xüsusilə də Türkiyə və Azərbaycanla normal münasibət qurmaqdan başqa çıxış yolunun olmadığı açıq görünür.

Nəzərə alsaq ki, əksər erməni əhalisi regional sülhün bərqərar olması və dövlətlərlə münasibətlərin normal qaydada həyata keçirilməsi ilə mövcud problemlərin öhdəsindən gəlməyi, Rusiyanın təsirindən qurtulmağı istəyir. Onlara görə, Türkiyə və Qərbə doğru istiqamətlənmək demokratik idarəetmənin genişlənməsinə, kriminal, separatçı, işğalçı düşüncənin dəyişməsinə imkan verəcək.

Təsadüfi deyil ki, Paşinyan keçirdiyi müşavirədə Türkiyədən bölgədə sülhün bərqərar olması istiqamətində müsbət siqnallar aldığını bildirib. Lakin buna cavabında Türkiyə lideri “Ermənistan birtərəfli ittihamları əvəzinə, gələcəyə baxan və həqiqəti əks etdirən mövqeyə sahib olmalıdır” cavabını verdi. Daha sonra qeyd etdi ki, Türkiyə yalnız bu halda Ermənistanla mərhələli şəkildə əlaqələrini normallaşdıra bilər”.

Politoloq qeyd edib ki, bölgədə daimi sülhün yaranması üçün Ermənistan rəhbərliyinin bu cür açıqlamaları kifayət etmir, həm Ermənistan, həm də Rusiya tərəfindən real addımlar atılmalıdır:

“Türkiyə regiondakı geosiyasi və geostrateji maraqlarının təmin olunmasından öncə ilk növbədə sülhün və təhlükəsizliyin bərqərar olmasına çalışır. Bunun üçün ən yaxşı çıxış yolu Ermənistanın Azərbaycana qarşı işğalçı mövqedən birdəfəlik əl çəkməsi vacibdir. Lakin Rusiyanın himayədarlıq etdiyi Ermənistanın hazırkı situasiyada özünü tam olaraq etibarlı aparmaması, yenidən təxribatlara cəhd etməsi, atəşkəsi pozması və imzalanmış bəyənatın müddəalarını yerinə yetirməkdən boyun qaçırması onun region dövlətləri ilə normal münasibətlər qurmasına ciddi maneələr yaradır.

Unutmaq olmaz ki, regiondakı vəziyyətin məsuliyyəti təkcə Ermənistanın deyil, həm də Rusiyanın üzəridə düşür. Çünki “sülhməramlı” missiya ilə münaqişədən sonrakı dövrdə iki tərəf arasındakı təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan Rusiya, görünür, heç də bu işə maraqla yanaşmır. Sanki regiondakı münaqişə vəziyyətinin sona çatması Rusiyanın regiona nəzarət imkanlarının da zəifləməsi görüntüsünü yaratmış olur. O cümlədən, Azərbaycan-Türkiyə və digər türk dövlətləri arasında böyük bir kommunikasiya əlaqələrin formalaşması, iqtisadi-siyasi-hərbi əməkdaşlığın genişləndirilməsi Rusiyanın geosiyasi-geostrateji maraqları baxımında da xoş olmadığı bəllidir. Ən azından Rusiya rəsmilərinin bu barədə açıq ifadələri belə düşünməyə əsas verir. Deməli, hazırkı situasiya da hələdə təsir imkanlarının çox geniş olduğu Ermənistanın Azərbaycan və Türkiyə ilə tam normal münasibətlərini formalaşdıracağı inandırıcı görünmür. Buna qərar verməkdə hələlik siyasi iradənin yetərli olmadığı da hiss olunur”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az