Region

"Qadınları orduya cəlb edən Ermənistan rəhbərliyi təxribatlardan əl çəkmir" — Elman Nəsirov

Qadınları orduya cəlb edən Ermənistan rəhbərliyi təxribatlardan əl çəkmir — Elman Nəsirov

“Ermənistan siyasi müstəvisində gərginlik hər gün daha da artır. Ermənistan parlamentində yaşananlar bunu bir daha təsdiq edir. Bu, Ermənistanın necə acınacaqlı vəziyyətdə olmasının sübutudur”. Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. O, son günlər Ermənistan parlamentində yaşanan qalmaqalların ölkənin hazırkı vəziyyətini açıq şəkildə göstərdiyini qeyd edib: “Ermənistanın “Şərəfim var” blokunun deputatı Anna Mkrtçyan Ermənistanın baş naziri Nikol Paşinyanı təslimçi adlandırıb. Deputat zalı tərk etməkdən imtina etdiyi üçün mühafizə xidməti çağırılıb. Bu zaman deputatlar tərəfindən “Satqın Nikol” kimi şüarlar səsləndiriblər. Nəticədə Anna Mkrtçyan güc yolu ilə zaldan çıxarılıb. 20 dəqiqəlik fasilə verilsə də, iclas bərpa olunduqdan sonra da deputatlar arasında ciddi dava olub. Qeyd etmək lazımdır ki, iclasda Ermənistanın növbəti beş il üçün proqramı müzakirə edilib. Müzakirələrdə əsas məsələ isə Ermənistan silahlı qüvvələrindəki islahatlar fonunda qadınların hərbi xidmətə cəlb edilməsi olub. Bunu onunla əsaslandırıblar ki, qadınlar ölkə əhalisinin mütləq əksəriyyətini təşkil edir və onların hərbi xidmətə cəlb edilməməsi Ermənistanın milli və iqtisadi maraqlarına ziddir. Əsl səbəb isə fərqlidir, Ermənistanın İkinci Qarabağ müharibəsində rüsvayçı şəkildə məğlub olması, əhalinin ölkədən qaçmaq cəhdləri qadınların orduya cəlb edilməsini labüd edir. Maraqlıdır ki, qadınları orduya cəlb etməyə məcbur qalan Ermənistan rəhbərliyi hələ də təxribat addımlarından əl çəkmir, mümkün gərginliyin davam etməsinə cəhd göstərir.

Yeri gəlmişkən, son olaraq məlum olub ki, cari ilin yanvar-iyul ayları ərzində hava nəqliyyatı vasitəsilə ölkəni tərk edənlərin sayı 515 mindən çox olsa da, onların 43 mindən çoxu geri qayıtmayıb. Ümumilikdə 7 ay ərzində ölkəni 60 minə qədər insan tərk edib. Erməni ekspertləri də etiraf edirlər ki, pandemiya səbəbilə bağlı olan quru yolları açılsa, ölkəni tərk edənlərin sayı dəfələrlə çox olacaq. Bunun səbəb isə ölkədə davam edən iqtisadi və siyasi böhranla əlaqədardır. Son hadisələr və açıqlanan statistikalar Ermənistanın siyasi və iqtisadi vəziyyətinin ağırlığını göstərir”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az