Siyasət

"Azərbaycan qətiyyətli mövqe sərgiləyir" — Politoloq

Azərbaycan qətiyyətli mövqe sərgiləyir — Politoloq

“Azərbaycan post-münaqişə dövründə yeni geostrateji reallıqlara uyğun qətiyyətli mövqe sərgiləyir və prinsipial yanaşma ortaya qoyur. Həmçinin, üçtərəfli anlaşmanın bəndlərinin icrası istiqamətində Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Yeni kommunikasiyaların bərpası və yeni nəqliyyat dəhlizinin yaradılması ilə bağlı da dövlətin mövqeyi və yanaşması kifayət qədər aydındır”. Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Nurlan Qələndərli bildirib. O, Moskvada keçirilən üçtərəfli görüşün əhəmiyyətinə toxunaraq, proseslərin hazırkı inkişafına müsbət təkan verəcəyini qeyd edib: “Hazırda müzakirə edilən məsələlərlə bağlı Azərbaycan təkcə qətiyyətli mövqe sərgiləmir, həmçinin regionda təhlükəsizliyin və dayanıqlı sülhün, çoxtərəfli əməkdaşlığın təmin olunmasına xidmət edən təklif və təşəbbüslərlə çıxış edir. Üçtərəfli görüşlərin keçirilməsi də bu konteksdə irəliyə doğru addımların atılması və qəti nəticələrin əldə olunması baxımından önəmlidir. Azərbaycan görüşlərdə qətiyyətli mövqe sərgiləyir. Azərbaycan açıq şəkildə bildirir ki, regionda atılacaq addımlar sülh və təhlükəsizliyə xidmət etməlidir. Kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin işə salınması ilə bağlı Azərbaycan öz mövqeyini bir daha çatdırıb və eyni addımı Ermənistandan da gözlədiyini xatırladıb. Həmin məsələ ilə bağlı konstruktiv və aydın mövqe ortaya qoyulmalıdır. Bu, təkcə regiondakı xalqlar üçün deyil, həmçinin beynəlxalq güc mərkəzləri üçün də siyasi və iqtisadi diqqət vəd edir. İndiki şəraitdə üçtərəfli görüşlərin keçirilməsi olduqca vacibdir. Post-münaqişə mərhələsində yeni reallıqlara uyğun siyasi və iqtisadi təhlükəsizliyin yaradılması üçün bu görüşlər böyük əhəmiyyət daşıyır. Həmçinin, regional və beynəlxalq təhlükəsizlik konteksində əhəmiyyətə malikdir”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az