“Ermənistanın təxribatlarına qarşı Azərbaycanın bütün qətiyyəti ortadadır. Bütün siyasi və hüquqi vasitələrdən istifadə edərək, 10 noyabr və 11 yanvar sazişlərini pozmaq cəhdlərinin qarşısı tərəfimizdən alınır. Bu istiqamətdə Azərbaycanın gördüyü işlər göz qarşısındadır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O, Ermənistanın təxribat addımlarına – post qurmasına və yüklər daşımasına qarşı Azərbaycanın istifadə edə biləcəyi təsir mexanizmlərinə toxunub:
“Ermənistan tərəfinin təxribatları artsa, Azərbaycanın üçtərəfli bəyannəmalərə yenidən nəzər yetirmək hüququ var. Ermənistan tərəfi bu anlaşmanın bəndlərini yerinə yetirmirsə, Azərbaycan hansı səbəblə razılaşmalara sadiq qalmalıdır? Ermənistan anlamalıdır ki, onun təxribatlarını davam etdirməsi Azərbaycanın suveren hüquqlarını qoruması ilə nəticələnək. Bunun üçün Azərbaycanın bütün hüquqi, siyasi və güc vasitələri var”.
Deputat bildirib ki, Ermənistanın təxribatları davam edərsə, Azərbaycan üçtərəfli bəyannamənin şərtlərinə yenidən baxa, həmçinin Laçın dəhlizi ilə bağlı yeni qərar verə bilər:
“Azərbaycanın ərazisində bizim dövlət hüquqlarımız işləyir. Azərbaycan Laçın dəhlizi ilə bağlı qərar vermək səlahiyyətini özündə saxlayır. Üçtərəfli anlaşmaya əsasən hələ ki, Laçın dəhlizi fəaliyyət göstərir. Bununla bağlı qərar hüquqi ilə birbaşa Azərbaycandadır. Ermənistan bütün bu amilləri nəzərə almalıdır. Laçın dəhlizinə, ordan daşınan yüklərə isə rus sülhməramlı qüvvələri nəzarət edirlər. Buna görədir ki, Azərbaycan təkcə Ermənistanın təxribatlarını pisləmir, həm də rusiyalı sülhməramlı hərbçilərini anlaşmanın şərtlərini yerinə yetirməyə çağırır. Sülhməramlıların nəzarət zonasından, onların gerisindən Azərbaycan hərbçisinə atəş açılırsa, demək sülhün təmin edilməsi prosesi heç də razılaşmaya uyğun həyata keçirilmir. Azərbaycan isə hələ ki siyasi və hüquqi təsir mexanizmlərindən istifadə edir, amma bu, hər zaman belə olacaq demək deyil. Ermənistanın təxribatları genişlənsə, Azərbaycan imzalanan razılaşmaların şərtlərinə yenidən baxmaq hüququndan istifadə etməlidir”.
Aygül Qarayeva Demokrat.az


