“Qarabağdakı birgə monitorinq mərkəzi öz fəaliyyətini yüksək səviyyədə həyata keçirir. Əminəm ki, 10 noyabr birgə sazişinin müddəalarının həyata keçirilməsinə ciddi nəzarət həyata keçirilir. Azərbaycan bu gün hər şeyə ciddi nəzarət edə bilir, baş verən prosesləri görür və təhlil edir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Səməd Seyidov deyib.
Qarabağdakı sülhməramlıların ermənilərin sayının artmasına çalışmasına toxunan deputat bildirib ki, Azərbaycan hər bir hala hazırdır:
“İstənilən halda, bu istiqamətdə hər zaman gözüaçıq olmaq lazımdır. Hər bir məsələyə diqqətli yanaşmalı, lazım olan anda münasibətimizi konkret olaraq bildirməliyik. Buna nümunə Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya Dumasının nümayəndəsinin sözlərinə etiraz edərək, nota göndərməsidir. Başa düşməliyik ki, bu uzunmüddətli prosesə müxtəlif müdaxilələr ola bilər. Zaman-zaman müxtəlif məsələlər gündəmə gələ bilər. Məlum olduğu kimi, ermənilər sərhəddə təxribat törədir, bununla da hansısa məsələləri gündəmdə saxlamaq istəyirlər. Amma Azərbaycan Ordusunun, qəhrəman şəhidlərimizin yaratdığı reallığı heç kim dəyişdirə bilməz”.
Aygül Qarayeva Demokrat.az


