Gündəm

Mübariz Göyüşlü: "Sosial mediada hər kəs söyüləcəyindən ehtiyat edir"

Mübariz Göyüşlü: Sosial mediada hər kəs söyüləcəyindən ehtiyat edir

Sosial mediada acınacaqlı bir durum hakim olmaqdadır. Kimliyindən, nə deməyindən asılı olmayaraq internetdə, xüsusən də sosial medaida müsahibəsi, açıqlaması, videosu paylaşılan hər kəs təhqir obyekti ola bilər. Həmin şəxsin jurnalist və redaktor tərəfindən konteksdən çıxarılmış bir fikri yazının, videonun başlığında görünərsə və bu da insanların xoşuna gəlməzsə, içərisini oxumadan, izləmədən onu söyə, ən ağır təhqirlərə məruz qoya bilərlər.

Bu əsasən sosial medianın özəlliyi olsa da, eyni zamanda cəmiyyətdə nüfuzlu, hörmətdən düşməmiş (yaxud salınmamış) kimsənin qalmamasının göstəricisi də sayıla bilər. Demək olar ki, elə bir ziyalı, mədəniyyət, incəsənət xadimi, ictimai xadim, siyasətçi, dövlət adamı, dini lider və s. qalmayıb ki, cəmiyyət onun söznüə inansın, etibar etsin və fikirlərini qəbullansın. Qəbullanmasa belə, ən azından təhqir etməsin. Mövcud durum özlüyündə çox təhlükəlidir. Çünki belədə bir boşluq yaranır və o boşluğu da təhlükəli qruplar və şəxslər doldura bilir.

Bu durum tək-tük abırlı, bacarıqlı, savadlı insanlarımızı da söz söyləməkdən, cəmiyyətlə ünsiyyətə getməkdən, ona yol göstərməkdən çəkindirməkdədir. Hər kəs söyüləcəyindən ehtiyat edir. Sosial mediada yazılan söyüşləri çətin ki real həyatda kimsə kiminsə üzünə deyə bilsin. Amma internet qəhrəmanları, sanal aləmdə at oynadanlar bunu çox rahatlıqla edirlər.

Bu durumdan çıxış yolu varmı? Hələ ki, heç bir çıxış yolu görünmür. Problemin həlli üçün səsləndirilən çoxsaylı təkliflərin heç birisi həyata keçməyib, keçənlər də heç bir nəticə verməyib. Əksinə vəziyyət daha da qəlizləşib.

İnsanların əksəriyyəti ağıllı söz eşitməkdən, oxumaqdan, normal fikir mübadiləsi aparmaqdan daha çox səviyyəsiz və şit yazıları oxumağa, videolara baxmağı, bir-birini təhqir etməyi üstün tuturlar (əlbəttə kiçik istisnaları çıxmaq şərtilə).

Onsuz da acınacaqlı olan durumumuzu bir də tik-tok kimi səviyyəsiz şəbəkələr lap ağır duruma salıb. Ciddi fikirlər, ciddi adamların açıqlamaları, təhlilləri cəmiyyət üçün heç bir əhəmiyyət daşımayacaq həddə gəlib çıxıb. Belə bir cəmiyyətin isə normal inkişafı, normal fikir istehsal etməsi, problemlərini normal bir şəkildə həll etməsi çox çətin olur. Həll olunmadıqca da üst-üstə yığıla-yığıla gedir və bir gün böyük bir partlayış olur. Allah bizi o məqamdan, o təhlükədən hifz etsin.

Mübariz Göyüşlü Demokrat.az

D
demokrat.az